Günahsız Məhkum

Günahsız Məhkum

Hamı mənə yad olmuşdu. Doğma şəhərimdə yad insan kimi gəzib-dolaşırdım. Mənim tanıdığım insanlar belə məni tanımırdılar.

 Bir neçə il əvvəl atam-anam sağ olarkən bizə gəlib-gedən qohum-qardaşlar unutmuşdular artıq küçəmizin yolunu. Elə mən özüm də unutmuşdum evimizin ünvanını. Sonuncu dəfə əmim bacımla mənim əlimdən tutub uşaq evinə apararkən nəmli gözlərimlə seyr etmişdim atamın zəhmətlə tikib ərsəyə gətirdiyi evi. Atamın bir işçi maaşıyla bizim üçün tikdirdiyi bu ev başqa bir ailənin körpələrinin səadət ocağına çevrilmişdi artıq. Bizim tapmadığımız xoşbəxtliyi indi başqaları axtarırdı bu evdə. Biz də bir zamanlar xoşbəxt idik. Kasıb olsaq da xoş və firavan həyat yaşayırdıq. Özümüzə görə hər şeyimiz var idi. Atam evi tikdirib tam hazır edəndən sonra bir maşın da almaq istəyirdi. O zaman pulu çatmasa anam bütün qızıllarını ona verəcəyinə söz vermişdi. Bu xoş ümidlərlə davam edirdi nağıla bənzər həyatımız.

Qaranlıq bir gecədə aldığımız xəbər elə bizim də həyatımızı qaraltdı. Toydan evə qayıdarkən atamın dostunun maşında yaşanan yol qəzasında anamla atam öz şirin canlarını Haqqın rəhmətinə tapşırmışdılar. O zamanlar işin mahiyyətini hələ o qədər dərk edə bilmirdim. Ta ki yetimliyimi hiss edib, ətrafımdakı insanlar tərəfindən laqeyd qarşılanana qədər.

Yol qəzasında rəhmətə gedən valideynlərimin yeddisi çıxmamış bacımla mənim uşaq evinə qoyulacağı söz-söhbəti dolaşırdı qohumların dillərində. Amma mən əmilərimin və dayılarımın bizə yiyə duracağına inanırdım. Çünki onlar bizi çox istəyirdilər. Hər zaman bizi öpüb qayğı göstərirdilər. Çox keçmədi ki, bu inamım da yox oldu. Bizə olan münasibət tamamilə dəyişdi. Hər kəs istədiyini deyir, hər kəs istədiyi işi gördürürdü bizə. Bacım uşaq olsa da mən çox şeyi başa düşürdüm. Çox vaxt ona verilən işləri də özüm görürdüm ki, o çox yorulmasın. Çox keçmədi ki, bütün işlərini gördükdən sonra bizə verilən bir qarın yeməyi belə bizə çox gördülər. İlk əvvəl yeməyimizin yanındakı çörək dilimlərinin sayı, sonra isə çayımızın şəkəri azaldı. Nə istədiyimizi alan, nə də bir problemimizi dinləyən var idi. Hər gecə ana deyib ağlayan körpə bacımın göz yaşlarının ardı-arası kəsilmirdi. Ata və anamızın bir gün qayıdacaqlarını ona dəfələrlə deyib aldatsam da uşaq sakitləşmirdi ki, sakitləşmirdi. Bacımın dərdi mənə bütün problemlərimi unutdurmuşdu. Hər şeyi ona görə edir, hər çətinliyə onunçün dözürdüm. Bəlkə də tək özüm olsaydım başımı götürüb gedəcək yer tapa bilərdim. Ancaq məndən başqa dərdini deyəcək və qayğısına qalacaq heç kimi olmayan bacımı tək qoyub gedə bilməzdim.

Elə uşaq evinə də bacımla birlikdə getmişdik. Əmim park adıyla aldadıb aparmışdı bizi. Ora çatdığımız zaman həyətdə oynayan uşaqların üzündən bizim dərdimizlə həmdərd olduqlarını anlamışdım. Nə qədər əl-ələ tutub oynasalar da dərin bir miskinlik yağırdı gözlərindən. Əmim bacımı uşaq evinə qoyub məni geri qaytarmaq istəyirdi. O bunu məni çox istədiyi üçün deyil, bacımın uşaq olub əl-ayağa dolaşdığı, mənim isə demək olar ki, bütün çətin işlərə gücüm çatdığı üçün etmək istəyirdi. Mən artıq qərarımı vermişdim. Məni nə qədər razı salmağa çalışsa da bacımdan bir dəqiqə belə ayrılmayacağıma söz vermişdim. Əmim bizi uşaq evinə tərk edəndən sonra sadəcə bir dəfə gəlmişdi yanımıza. Onda da mahiyyətini başa düşmədiyim –sonradan evimizin satılmasına öz əlimlə razılıq verdiyim –bir kağıza imza atdırmışdı mənə.

Sevinc və kədərimizi birlikdə bölüşdüyümüz uşaqların arasında illər elə sürətlə gəlib keçmişdi ki, bizim üçün doğmalaşan bu məkandan ayrılmaq yaşının gəlib çatdığının fərqinə belə varmamışdıq. Buradan ayrıldığımızda nə gedəcək ünvanımız, nə də qalacaq yerimiz var idi. Bacım artıq böyük bir qız olsa da mənə əvvəlkindən daha çox ehtiyacı var idi.

Kimsəziz biçarələr kimi dolanıb gəzirdim küçələrdə. Gündəlik fəhləliklə qazandığım pullar sadəcə bir qarın yeməyimizə çatırdı. Hər zaman qarşıdan gələn qış gecələrinin soyuğu qorxudurdu məni. Çünki əziz və doğma bacım bu soyuqların nəticəsində sağalmaz xəstəliyə mübtəla olmuşdu. Həkimlərin yazdığı dərmanları almaq üçün özümü oda-külə vuraraq qazandığım pullar kifayət etmirdi. Dünyada mənimçün ən əziz və yeganə insan gözümün qarşısında şam kimi əriyirdi. Ümid edərək dərdimi söylədiyim hər kəsdən rədd cavabı almışdım. Çox keçmədi ki, hər gün gözlərini qapıya dikib məndən bir xoş xəbər gözləyən bacım isə xəstəliyin ağuşunda acız qalıb dünya işığına gözlərini əbədi yumdu. Məni həyata bağlayan yeganə varlıq indi yoxdur həyatımda. Bu, sadəcə mənim dərdim deyil, mənim kimi yüzlərlə yetimlərin və bu dünyada yaşayarkən günahsız məhkum olan insanların dərdidir. Bəlkə də ətrafımdakı insanlar bacardıqları qədər mənə kömək olub bacımın müalicəsinə kömək olsaydılar, mən də xoşbəxt ola bilərdim. Ancaq bu belə olmadı. Həm bacım, həm də mən bu xoşbəxtliyin dadını hiss edə bilmədik. Təki siz duyun ey ətrafımdakı sadəcə özünüzü düşünüb bizim kimi yetimləri unudan insanlar!

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz