Zərərli Vərdişlər “Siqaret Öldürür”
Sosial şəbəkədə olan yoldaşlarımdan birinin başına gələn bir hadisəni sizlərə nəql etmək istəyirəm:
“Gecə iş çıxışı metronun son qatarından düşüb evə gedirdim. Çıxışda qələbəlik var idi. O qədər adamın arasından 10-12 yaşlarında, sarışın, səliqəli geyinmiş bir uşaq (qətiyyən dilənçiyə oxşamırdı) yaxınlaşdı və dedi:
- Dayı, 20 qəpiyin olmaz?
- Neynirsən 20 qəpiyi?
- Yox, bunu deyə bilmərəm.
- Əşi onsuz da bir-birimizi tanımırıq, de gəlsin, heç nə olmaz...
Azca utanmış vəziyyətdə sakitcə cavab verdi:
- Siqaret çəkmişəm. Özümdə 30 qəpik var, üstünə 20 qəpik də qoymaq lazımdır ki, saqqız alıb çeynəyim, ağzımdan iy gəlməsin, anam hiss etməsin...
- Gecənin bu vaxtı küçədə neynirsən? Niyə siqaret çəkmisən ki?
- Sinif yoldaşımızın ad günü idi. Çay evində oturub qeyd elədik. Hamı siqaret çəkdi, mən də qoşulub çəkdim. Anam bayaqdan zəng vurur, təcili evə getməliyəm, amma ağzımdan siqaret iyi gəlir, qorxuram.
- İlk dəfədir siqaret çəkirsən?
- Yox, məktəbdə həmişə çəkirik, amma evə gedənə kimi iyi qalmır.
- Yaxşı, sənə 20 qəpik verəcəm, amma söz ver ki, bir də siqaret çəkməyəcəksən. Sən yaşda siqaret çəkmək zərərlidir. Yoxsa orqanizmin normal inkişaf etməyəcək.
- İstəyirsən vermə, amma mən söz vermirəm...
Əlacsız qalıb pulu verdim”.
Bu hadisəni sizlərə nəql etməkdə məqsədim əslində təhlükənin daha böyük olduğuna diqqət çəkməkdir. Siqaretin zərərlərini azdan-çoxdan bilirik, amma kiçik yaşlarından etibarən siqaret çəkən uşaqların səhhətinə bunun necə təsir edəcəyini bilirikmi? Zənnimcə bunun zərəri yetkin olan adama verdiyi zərərin iki, hətta üç qatıdır. Tütün və tütün tüstüsü bir çox kimyəvi birləşmələrdən meydana gəlir ki, bunların da 60-dan çoxu kanserogen maddə sayılır. Belə ki, kanserogen birləşmələr genetik hüceyrələri zədələyə bilir, xərçəng şişlərinin yaranmasına səbəb olur. Artıq sübut olunub ki, siqaret ağ ciyər xərçənginin yaranmasında 90% kimi yüksək ehtimala malikdir. İndi təsəvvür edin ki, bu bir körpə səbinin bədənində hansı təsirlərə səbəb ola bilər.
Siqaret tüstüsü öldürür.
Siqaret və siqaret tüstüsünün tərkibi dəyişkən xüsusiyyətli zərərli maddələrdən ibarətdir. Aparılan araşdırmalar siqaret tüstüsündə 4000-dən çox zərərli maddə olduğunu ortaya çıxarmışdır. Bu maddələrin böyük bir qismi xərçəng xəstəliyinə səbəb olur. Siqaret tüstüsü tütün bitkisi yarpaqlarının tam yanmaması nəticəsində əmələ gəlir. Siqaret tüstüsünün tərkibindəki maddələr qaz və ya dənəcik halında olur. Siqaretin ağız qismində içə çəkilmə zamanı əmələ gələn tüstüsü "Ana Duman" adlanır. Yanan siqaretin ucundan və ağız qismindən özbaşına çıxan tüstü isə "Yan Duman" olaraq təyin olunmaqdadır.
Siqaret tüstüsünün tərkibindəki maddələrə müxtəlif faktorlar təsir edir. Tütünün növü, yanma istiliyi, siqaretin uzunluğu, siqaret kağızının xüsusiyyətləri, filtr və tütünə əlavə edilən qatqı maddələri bunların başlıcalarıdır. Siqaretin ucunda istilik 900 dərəcəyə qədər yüksəlir. Ağız hissəsində isə istilik 30 dərəcədir. Bu istilik səbəbilə tütün yarpağında olan maddələr dəyişir və bir çox yeni maddə əmələ gəlir. Ana tüstünün 92-95%-i qaz halındakı dəyişik maddələrdən ibarətdir. Aparılan tədqiqatlar təxminən bir nəfəs çəkilişi siqaret tüstüsündə 300 milyon ilə 3.5 milyard arasında zərərli dənəciklərin olduğunu ortaya qoymuşdur. Gündə bir paket siqaret çəkən bir insanın ildə 70.000 dəfə tüstü udmağını düşünsək, siqaret çəkənlərin məruz qaldığı zərərli maddə miqdarı aydın olar. Bu səbəblə mütəmadi siqaret çəkənlərin müxtəlif xəstəliklərə yoluxması faktı təəccüblü deyil.
Nikotin siqaret tüstüsündə dənəcik halında olan və asılılığa gətirib çıxaran əsas maddədir. Sinir sisteminə təsir edir, ürək və qan-damar sisteminin işini pozur. Nikotinin təsiri nəticəsində qan təzyiqi və nəbz sürətində artım ortaya çıxır. Bu səbəblə ürək daha çox sıxılır və ürəyin oksigen ehtiyacı artır.
Karbonmonoksid siqaret tüstüsündə qaz halında olan zərərli maddələrin ən əhəmiyyətlisidir. Tütünün tam yanmaması nəticəsində ortaya çıxır. Siqaret tüstüsünün 2-6%-i karbonmonoksiddən ibarətdir. Siqaret çəkənlərin qanındakı karbonmonoksid səviyyəsi siqaret çəkməyənlərə görə 2-15 qat daha çox olur. Karbonmonoksid hüceyrələrin qandakı oksigeni istifadə etməsinə mane olur.
Siqaret fiziki sağlamlıqla yanaşı, psixolojı təsirlərə də malikdir. Siqaret çəkənlər daha əsəbi olurlar. Nəticədə insan psixolojı tarazlığını itirir, hər xırda hala görə özündən çıxa bilir.
ŞƏRHLƏR