SƏADƏTİN İZİNDƏ
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:
“Peyğəmbərlər Allahın hidayət etdiyi kimsələrdir. Sən də onların yoluna uy!” (əl-Ənam, 90)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, Onun Haqq Rəsulu, hidayət günəşi Hz. Muhammədə salətu-salam olsun.
Peyğəmbərlərin insan cəmiyyətlərinin dirçəlməsi, sağlamlaşması, qulluğa hazır mövqeyə yüksəlməsi naminə sərf etdikləri xidmətlərin zamana tabe olmayan möhtəşəmliyi hər kəsi heyran buraxmaqdadır. Qurtuluş çağırışlarına qarşılıq verən Adəm övladlarını ilahi sevgi və himayənin qanadları altına dəvət edən Peyğəmbərlərin insanlara yaşatmış olduğu Haqqa sevgi ilə bağlılıq həyəcanları son nəticədə əsrləri aşan maddi və mənəvi bəxtiyarlığa çevrilərək, sonrakı nəsilləri də öz nuru ilə qidalandırmış və hidayətlərinə vəsilə olmuşdur. Allaha qarşı sevgi və minnətdarlıq borcunun məsuliyyəti Rəsulullahın çalışmaları ilə səhabə toplumunda o dərəcəyə çatmışdı ki, Hz. Rabiə əl-Ədəviyyənin söylədiyi kimi: “Onlar (yəni səhabələr) cəhənnəm və cənnət olmasa belə, Allaha (c.c) ibadət edərdilər”. Bu canların Rəblərini bu şəkildə diləməsi necə də heyrətamizdir. Bu sevgi məqamının könullərdə yaratdığı misilsiz həyəcanı ifadə edən Rəsulullah belə buyurur:
“Əbu Hüzeyfənin azadlısı olan Səlim, Allaha(c.c) aşiq olduğundan, canında Allah qorxusu olmasa belə, yenə də günah işləməz”.
Rəsulullah həyatda ikən baş vermiş hadisələri o zamankı canlılığı ilə anlatmaq mürəkkəb bir məsələdir. Günümüzdə Rəsulullaha uyma həyəcanının canlara qazandırdığı müstəsna Allah eşqini yalnız bu istiqamətdə mənəvi təkamül pillələri ilə yüksələn Allah dostları anlada bilərlər. Qəlbləri ilahi qulluğa və sevgiyə təslim edən mərhələləri şərh edən İmam Rəbbani həzrətləri belə buyurur:
“Qəlbin Allahdan(c.c) qeyri hər şeyi unudacaq dərəcədə zikr içində qeyb olması ancaq əhli-sünnə inancına sahib olaraq, sünnəyə görə əməl etməklə əldə edilər. Bu, arxasınca gediləcək ən böyük hədəfdir. Bu istiqamətdə məsafə qət etdikcə Haqq-Təala ilə hüzura yetişərək səlim bir hala gələn qəlb sahibləri əşyaya nəzər etdiklərində onları deyil, Yaradanı xatırlayar və yalnız varlıqları görməklə pərdələnməzlər. Haraya baxsalar, hər şeydə ilahi təcəlliləri müşahidə edərlər”.
İmam Rəbbani həzrətlərinin bu açıqlamaları səhabənin qulluq səviyyəsinin məqamlarını necə də aydın izah etməkdədir. Peyğəmbərə canlarını fəda edəcək səviyyədə uyan bu topluluğun gördükləri, eşitdikləri, toxunduqları hər bir şeydə ilahi təcəllilərə qarşı son dərəcə isti təması onlarda Allahı tanımanı, Onu sevməni və bu sevginin tələb etdiyi qulluq cəfakeşliyini zirvəyə çıxarmışdı. İnsan övladını qulluqda məhz bu zirvəyə götürən yolların ilahi əmr və sünnə işığında işlənmiş xəritəsini ümmətin önünə sərən İmam Rəbbani həzrətləri tövsiyələrinə belə davam edir:
“Din üç əsasdan ibarətdir: elm, əməl və ixlas. Bunlar yerli-yerinə oturdulmadıqca dinin gərəyi layiqincə yerinə yetirilmiş olmaz. Dinin tələbləri ilə yola çıxanların önünə dünya və axirət səadətlərinin üstündə olan Allah rizası çıxar. Bu səbəblə də din eyni zamanda dünya ilə axirətə aid bütün səadətlərin təminatçısıdır. Dinin haqqı ilə yaşanması üçün əldə edilməsi vacib olan üçüncü əsas da ixlasdır. Bəzi ağıllarda təəccüb, durğunluq yaradan təriqət və həqiqət məqamlarının mənəvi hallarına könül verməyərək keçilməsindəki əsas məqsəd də riza məqamına yol açan ixlası əldə etməkdən ibarətdir”. Rəsulullahın ruhani həyat səhifələrini sinələrində canlandırmaq istəyənlərin yaşadıqları qəlb dirilişi ilə hadisələrə fərasətli baxışı necə də təqdirəlayiqdir. Ömər bin Abduləziz həzrətləri bu fərasəti belə açıqlayır: “Haramlar bir atəşdir. Ona yalnız qəlbi ölü olanlar əl uzadar. Əgər harama əl uzadanlar qəlbən diri olsaydılar, haramdakı atəşin şiddətini hökmən duyardılar”.
Qəlbləri Uca Allahı tanıma və Onu sevmə fərasətinə dəvət edən Abdulqadir Gilani həzrətləri qəlb sahiblərindən tövhidə sarılma ehtirasını daima diri tutmağı israrla istəməkdədir:
“Əziz və Cəlil olan Haqqı tövhid eylə. Hər şeydə, hər varlıqda Onun nurunu gör. Buna o şəkildə təşəbbüs et ki, qəlbində bir darlıq qalmasın. Hətta iç aləmində fani əşyanın zərrəsinin belə izi qalmasın. Həqiqətən də, tövhid (imanı kamil mənada yaşamağa mane olan) hər şeyi yox edər”.
ŞƏRHLƏR