SİQARET ÇƏKƏN ASLAN
Bişkekin tam mərkəzində türk iş adamları tərəfindən qurulmuş olan Lion adlı ayaqqabı mağazası var. Lion aslan deməkdir. Nə qırğız türkcəsində, nə Türkiyə türkcəsində, nə də ruscada var olan bir kəlmədir. Qırğızıstanda türk vətəndaşları açmış olduqları mağazaya “qərb” dillərində ad qoyurlar. Bu nə məsələdir? İş adamları gördükləri işi açıqlamadan əvvəl niyə ingiliscə olan “lion” adını qoyduqlarını açıqlamalıdır.
“Lion” mağazasının yaxınlığında “Beta Stores” adlı, yenə türk iş adamları tərəfindən açılmış 3-4 mərtəbəli ticarət mərkəzi var. Beta və ya Lion, ikisi də eyni bezin qırağıdır. Türkiyədəki dükan adlarını xarici dillərdə vermək xəstəliyi harada olursaq olaq, özünü bildirir. Qazaxıstanda və Azərbaycanda da tanıdığım bir çox iş adamı dükanlarının adını italyan adlarına bənzədərək vermişdilər. Təxmin etmək çətin deyil ki, qara bəxti qara olan Afrikada da vəziyyət eynidir.
Beta alış-veriş mərkəzinin girişində sağlı-sollu iki tərəfdə oturmuş, eyni yönə baxan bir cüt aslan heykəli var. Dünyanın saatda 1670 km/saat sürətlə öz oxu ətrafında fırlanması da aslanların yönünü dəyişdirmir. Lion adını verən başqa adamlardır, (aslan) heykəlini qoyanlar başqa. Necə ki, İslamı ballandıra-ballandıra anladanlar başqadır, həqiqətən yaşayanlar başqa...
Niyə başqa bir heyvan deyil, məhz aslan? Galatasaray futbol klubunun simvolu aslan, Beşiktaşınkı isə qartaldır. Aslan və qartal insanlar tərəfindən ən çox işlədilən iki heyvan simvoludur. Aslan yerdəki canlılar içərisində, qartal da göydəki quşlar içərisində ən xarizmatik heyvandır. Güc-qüvvət, ehtişam, şərəf və əsalət bu iki heyvanda təcəssüm etmişdir. Bertan Rona Twitterdə aslan heykəlləri və səbəbi haqqında belə bir rəy yazıb: “Dünyadakı aslan heykəllərinin sayı aslan sayından daha çox imiş. Modern paqanizmin təzahürü budur: Öldürdükcə bütləşdirmək, bütləşdirdikcə öldürmək”.[1] Zənnimcə dünyadakı qartal sayı da eynilə aslan heykəllərininki kimidir; ət və sümükdən ibarət olan orqanik qartallar qum və sementdən meydana gələn beton heykəllərdən daha azdır. Mərhəmətli, ədalətli, insaflı insanların az olması kimi... Bəxtiyar Vahabzadə “Qorxuram dünyada bir zaman gələ, insanlar yaşaya, insanlıq ölə...” demişdi. Həqiqətən də, elə bir zaman gəlir ki, qartallar, aslanlar, balıqlar, çiçəklər və məhəbbət elə ancaq sətirlərdə və kliplərdə qalır.
“Vəhşi heyvanlar” deyilir, bəs niyə “vəhşi insanlar” deyilmir? Maraqlıdır, dünyada ən çox ölümə səbəbiyyət verən heyvanın ağcaqanad olduğu təsbit edilmişdir. Yaymış olduğu xəstəliklər səbəbi ilə hər il bir milyondan çox insanın qatili ağcaqanadlar imiş. Ondan sonra ikinci sırada insan oğlu dayanır. İnsanın illik cinayət ortalaması bir milyona yaxındır (800 000-ə yaxın). Vəhşi olaraq bildiyimiz ilanlar, timsahlar, aslanlar, əqrəblər bu mövzuda insanın əlinə su tökə bilməzlər. Cəsarət başqa şeydir, vəhşi olmaq başqa. Əlindəki silahı ilə insan vəhşi ola bilər, amma cəsur ola bilməz. Cəsur olan hər zaman cəsurdur, silahı olmasa belə. Qorxaq da hər zaman qorxaqdır, əlində ən müasir silah olsa da... Aslan vəhşilikdə insanları keçə bilməz. İnsanlar da (bir çoxu) güc-qüvvət və dözümlülükdə aslanları keçə bilməzlər. Bu mövzuda belə bir hekayə var:
Bir adam ilə bir aslan bərabər yol gedirmiş. Hansının daha cəsur və güclü olduğu mövzusunda mübahisə etməyə başlayırlar. Yolda, bir aslanı boğan insan heykəlinə rast gəlirlər. Adam deyir ki: “Görürsənmi, bu heykəl insanın daha üstün olduğunun sübutu deyilmi?!” Aslan isə deyir: “O sənin düşüncəndir, o heykəli bir aslan düzəltsəydi, aslanın pəncəsində ən azı iyirmi insan olardı”.
Bu həqiqət qiyamətə qədər dəyişməz: Aslanlar öz hekayələrini yazmadıqca, ovçuların qəhrəmanlıq hekayələrini dinləməyə məhkumdurlar.
Beta Storesin girişində olan aslan heykəlləri siqaret aludəçilərinin yaxın dostlarıdır. Alış-veriş mərkəzində siqaret üçün fasilə vermək istəyənlər özlərini aslanların yanına verirlər. Soyuq və qarlı bir qış günündə üzəri kəfən kimi bəyaz qarla örtülü olan aslanların ağzına qoyulan siqaret kötüyünü görəndə gülmüşdüm. Qəfəsdəki aslandan belə qorxan insan oğlu heykəli ələ salırdı.
Özünə bənzətməyə çalışmaq insanlarda görülən psixoloji bir xəstəlikdir. Dinlər tarixi uca yaradanı insana bənzədərək başa düşməyə çalışan antropomorfist düşüncələrlə zəngindir. İnsan Allahı belə özünə bənzətməyə çalışmışdır. Aslanın ağzına siqaret qoyaraq özünə bənzətməyi çoxdur ki?! Yaxşı ki, başqa biri də boynuna xaçlı boyunbağı asmayıb. Onun inadına başqa biri də başına çalma dolayar, pəncəsinə doxsan doqquzluq təsbeh yerləşdirərdi...
Suya atılan buz suyu özünə bənzətmək üçün soyudar, su da buzu özünə bənzətmək üçün isidər(!). Həyat belə davam edir. Milçək balacadır, amma bir boşqab yeməyi korlayar. Siqaret də kiçikdir, amma bir anda aslanın xarizmasını yerlə bir edər. Müsəlman əxlaqı və şəxsiyyəti milçək və siqaret qədər də olsa başqasına bənzəməyi götürə bilməz. O anda xarizma düşər, şəxsiyyəti əriməyə başlayar. Bu suallar qiyamətə qədər dəyişməyəcəkdir: Kimi nəyə bənzətməyə çalışırıq? Bizi kimə və nəyə bənzətməyə çalışırlar? Yemək-içməkdə, ibadətdə, ailə həyatında, ticarətdə Ən Gözəl Nümunəmiz (üsveyi-həsənə) kimdir?
ŞƏRHLƏR