Həyatın “Xəyal” Paradiqması
Bu gün xüsusilə gənclərin ayrılmaz vərdişinə çevrilən mobil və ya internet oyunlarında şüuraltı mesajların verilməsi haqqında çox eşitmişik. Bəzi oyunlar asosiallıq, depressiya kimi psixoloji pozuntulara səbəb olduğu kimi, bəziləri də kin, nifrət, qəzəb və öldürmə kimi mənfi, qeyri-əxlaqi davranışları təbliğ edir.
Bu kimi oyunlarda mənim diqqətimi çəkən başqa bir nüans var. Belə ki, bəzi oyunların baş qəhrəmanı qarşısına qoyulan vəzifəni yerinə yetirərək müəyyən edilmiş xalları qazanmalı və bir mərhələdən digərinə keçməlidir. Qeyd etdiyim bu mərhələdən-mərhələyə keçmə əsnasında isə idarə olunan fiqurun (qəhrəmanın) canı get-gedə tükənir və gedilən yolun üzərində onun gücünü artıracaq enerji, başqa sözlə desək, canlar qoyulur və o canları qazanaraq yola davam edir. Oyunlarda arxada itirilənlər əhəmiyyət daşımır, əksinə, qarşıda duran hədəflər diqqət mərkəzində saxlanılır. Bununla da həmin oyunları davamlı olaraq oynayan insan bir müddət sonra düşünür ki, istər ətrafındakılar, istərsə də arxada qoyduqları onun həyatında heç bir dəyərə sahib deyil. Onun üçün həyatda ən dəyərli şey onu hədəflərinə çatdıran vasitələrdir.
Belə baxanda oyunda idarə etdiyimiz personajların həyat gedişatı ilə özümüzün real həyatları arasında bir çox oxşarlıqlar mövcuddur. Çox vaxt həyatın müxtəlif çətinliklərindən yorulub enerjimizi itirdiyimiz zaman hər hansısa bir uğurumuz, dəyər verdiyimiz insaların haqqımızdakı xoş sözləri bizə də yaşam enerjisi verir. Məsələ isə burasındadır ki, haqqımızda deyilən xoş sözlərdən və ya qazanılan uğurlardan sonra müvəqqəti olaraq daha enerjili yaşasaq da, əvvəlki illərdən daha xoşbəxt yaşaya bilmirik. Bəlkə də, əvvəlki illərdə çox şeyə sahib olmasaq da, çox sevdiyimiz və bizi çox sevən insanlara sahib idik. “Qəlblər bir olarsa, samanlıq seyranlıq olar” məsəlinin ehtiva etdiyi mənanı hər zaman təsdiqləmişəm. Məhrumiyyətlər içərisində sevdiyin insanlarla yaşamaq bolluqlar içərisində sevmədiyin insanlarla yaşamaqdan daha maraqlıdır. Çünki əsl xoşbəxtlik sevdiklərinlə birlikdə, sevdiyin işlərlə zamanı dəyərləndirmək və xoş anların verdiyi dərin hissləri duymaqdır. Biz isə irəli getdikcə arxamızda sevdiklərimizi itirməyə başlayırıq. İtirdiyimiz sevdiklərimizin yerinə başqa sevgililər qoymağa çalışsaq da, gələnlər gedənlərin yaşatdığı xoşbəxtliyi yaşada bilmir. Bu gün modern dünyanın bütün sferalarında uşaq və gənclərimizə aşılanan düşüncə tərzi isə “sən arxanda nə qədər şey itirsən də, narahat olma, irəli get, qazandığın uğurlarla yenidən canlanacaq və xoşbəxt olacaqsan” düşüncəsidir. Bunun üçün qarşımızda hər hansısa bir keçmişə sahib olmayan, olsa belə o keçmişi xatırlamaq istəməyən, daimi olaraq xoşbəxtliyi gələcəkdə axtaran nəsil yetişir. İşin qəliz tərəfi də o zaman ortaya çıxır ki, min ümidlə gələcəyə atılıb uğursuzluqla üzləşən insanlar bir daha həqiqi xoşbəxtliyin dadını hiss edə bilmirlər. Çünki xəyalındakı keçmişi belə ona xoş görsənmir. Əslində isə hər şey tam tərsinə olmalıdır. Yaşadığımız xoşbəxtlik hər zaman bizi uğura apara bilər, ancaq qazandığımız uğurlar hər zaman bizi xoşbəxt etməyə bilər.
Bəzən kənddə nənəmizin təndir başında bizlərə bişirdiyi qoğalların bizə yaşatdığı həzz və sevinci bu gün yaşadığımız ən yaxşı anlarımıza belə dəyişmək istəmirik. Keçmişdə yaşadığımız gözəl anları xatırlamaq belə bizi xoşbəxt edir. Bəlkə də, indi qalxıb eyni kənddə, eyni təndirin başında o xatirəni yenidən yaşamaq istəsək, bu, mümkün olmayacaq. Çünki çörəyi bişirən, ən azından bizi canından çox sevən nənəmiz artıq həyatda yoxdur. Sevdiyimiz və xoşbəxt anları birlikdə yaşadığımız insanların aramızda olmaması bizim mütləq xoşbəxtlik hissi yaşamağımıza bir maneədir. Ona görə də yanlarında müvəqqəti xoşbəxtliyi yaşadığımız insanlara deyil, bütün xoşbəxtliklərimizi borclu olduğumuz insanlara daha çox vaxt ayırmalı, onların qiymətini bilməliyik.
Nəticə olaraq, xəyalındakı hadisələr səni yaşadığın real hadisələrdən daha çox xoşbəxt edə bilirsə, real yaşadıqların xəyalındakılardan dəyərsizdir deməkdir. Bu zaman fiziki olaraq olduğun yer, düşüncə olaraq olduğun yerin qarşısında əhəmiyyətini itirir.
Fiziki və düşüncə olaraq eyni yerdə, sevdiklərimizlə birlikdə olmaq ümidi ilə...
ŞƏRHLƏR