Mömin Əxlaqı

Mömin Əxlaqı

Mömin qul Allahın dininin, yəni insanlar üçün qoymuş olduğu ilahi qanunun təmsilçisidir. Bu səbəblə də bir müsəlman öhdəsinə götürdüyü belə məsuliyyətli bir vəzifəni layiqincə təmsil etməlidir. Hər müsəlman yaşadığı cəmiyyətdə ən savadlı, ya da ən zəngin biri olmaya bilər, amma yüksək  əxlaq sahibi olmağa məcburdur. Bir alim ağzından çıxardığı hansısa pis bir sözə görə hörmətdən düşə bilər, ya da varlı bir insan ünsiyyətindəki kobudluğu səbəbi ilə  hörmətini itirə bilər. Onların nə elmi,  nə də var-dövləti hörmətlərini geri qaytara bilməz. Ancaq yüksək əxlaq sahibi olan biri təhsili, ya da var-dövləti olmasa da, o  cəmiyyətdə çox böyük hörmət sahibi ola bilər. Bu əxlaq üzrə olduğu müdətcə də heç nə onu öz əxlaqı ilə qazandığı hörmətdən sala bilməz. 

Yuxarıdakı paraqrafdan elmin, ümumiyyətlə, maddiyyatın önəmsizliyi fikri oyanmasın. Bu bir həqiqətdir ki, insanları özünə valeh edən əsas amil gözəl əxlaqdır. Ancaq bu belə olmuş olsa da, bunun yanında elm sahibi, hətta mal sahibi olmaq da bir müsəlmanın bu dünyadakı məqsədlərindən biri olmalıdır. Bu mənada Allah-Təala Qurani-Kərimin bir çox ayəsində elm öyrənməyə təşviq etmişdir. Həmçinin infaq etməyi də bir çox ayəsində buyurmuşdur. Fikirləşəndə ki, infaq etmək üçün imkan sahibi olmaq lazımdır, o zaman Allah dolayı yolla hər bir müsəlmana dünyada öz məişətini qazanmaqla yanaşı, ehtiyac sahiblərinə əl tutmaq üçün daha artığını əldə etməyi də buyurmaqdadır. Belə olan təqdirdə, əlbəttə, möminlər dünyada heç kimə möhtac olmamaq üçün halal yollardan ruzisini təmin etməlidir. Hz. Peyğəmbər möminin xüsusiyyətindən danışarkən buyurmuşdur ki, mömin o kəsdir ki, heç ölməyəcəkmiş kimi bu dünya üçün, sabah öləcəkmiş kimi axirəti üçün çalışsın.

Həmçinin bir müsəlman çalışmalıdır ki, təhsilli olsun. Çünki cəmiyyətdə yüksək mövqe sahibi olmaq üçün təhsil çox önəmli yer tutur.  Bütün bunlara baxmayaraq, bəzən insanın doğulduğu yer, şərait onun çox yaxşı təhsil almasına, ya da başqalarına yardım edəcək dərəcədə - baxmayaraq ki, Hz. Peyğəmbər yarım xurma ilə də olsa, sədəqə ver buyurmuşdur - mal sahibi olmasına imkan vermir. Bütün bunlar, bəlkə də, onun əlində olmayan səbəblərdir. Elə buna görədir ki, Allah-Təalanın bir möminin qarşısına qoyduğu əsas xüsusiyyət onun gözəl əxlaq sahibi olmasıdır.  

Biz bilirik ki, Məkkə şəhər dövlətinin idarə işlərində Hz. Peyğəmbərin bir vəzifəsi  yox idi.  Bəs Məkkənin istər xarici, istər daxili, istərsə də iqtisadi işərindən məsul olmamasına baxmayaraq, Məkkədə Hz. Peyğəmbəri üstün qılan amil nə idi? Ya da o zamanın dövlət adamları belə Kəbənin təmiri zamanı həcərül-əsvəd barəsində ixtilafa düşdüklərində Hz. Peyğəmbərin hakimliyini qəbul etmələrinə səbəb təşkil edən özəllik nə idi? Oxuyub-yaza bilməyən, dünyəvi bir mövqe sahibi olmayan bir şəxsə bu hörmət haradan yaranırdı? Bunun səbəbi Haşim oğullarından olması idimi? Əlbəttə ki, xeyr. Çünki belə olsaydı, 20-25 yaşlarında olan bir cavan yox, onun əmiləri daha çox hörmətə layiq olardı. Bütün bunları araşdıranda Hz. Peyğəmbəri məkkəlilər içində hörmətəlayiq hala gətirən əsas səbəbin onun gözəl əxlaqı olduğunu görürük.

Hər bir möminin də Qurani-Kərimdə buyurulduğu üzrə ağırbaşlı, təvazökar, yeriyəndə təkəbbürlə yox, vüqarla yeriyən,  ona pis söz deyiləndə sadəcə “salam” deyərək yanından ötüb keçən, lağlağıdan, qeybətdən, dedi-qodudan, zinadan uzaq duran, əmanətlərə və əhdlərinə sahib çıxan, yalana şahidlik etməyən bir Peyğəmbərin əxlaqı ilə əxlaqlanması lazımdır. Yuxarıda sadalanan əxlaqi dəyərlərdən başqa, əslində, Allah-Təalanın bütün əmr və qadağalarına riayət etməyin özünü bir bütün olaraq əxlaq normaları içində qeyd etmək olar. Necə ki bir şagirdin müəlliminin sözünü yerə salması bir tərbiyəsizlik əlamətidir, bir möminin Allahın əmr və qadağalarına riayət etməməsi də əxlaqı ilə uzlaşan hərəkət deyil.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz