BİR AYƏ

BİR AYƏ

اَلَّذ۪ينَ يَذْكُرُونَ اللهَ قِيَامًا وَقُعُودًا وَعَلٰى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ ف۪ي خَلْقِ السَّمٰوَاتِ وَالْاَرْضِۚ رَبَّنَا مَا خَلَقْتَ هٰذَا بَاطِلًاۚ سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

“Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmadın! Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!”

(Ali İmran surəsi, 191)

Uca Allahın insana bəxş etdiyi ən böyük nemətlərdən biri ağıldır. Axirət günü bütün nemətlərdən hesaba çəkiləcəyimiz kimi, ağıl nemətindən də hesaba çəkiləcəyik. Bu ayə sadəcə təfəkkür etməyi yox, eyni zamanda həyatımızın hər anında bizi yaradan Uca Xaliqimizi xatırlamağımızı da bizdən tələb edir. Təbərinin təfsirində keçən bir rəvayətə görə, İbn Cüreyc (r.a) bu ayə haqqında belə demişdir: “Burada ayaqda durarkən, oturarkən və uzanarkən Allahı zikr etməkdən qəsd olunan məna namazda, namaz xaricində və Quran oxuyarkən Allahı xatırlamaqdır”.

Təfəkkürə gəlincə, bu ayə Uca Allahın kitabında yazılmış dəlilləri oxuyub anladıqdan sonra bir də Onun ucsuz-bucaqsız kainat kitabını oxuyub təfəkkür etməyə dəvət edir. Əlbəttə, kainatın özü Allahın böyük bir möcüzəsidir. Xəyalımızda təsəvvür edə bilməyəcəyimiz qədər geniş olan  bu kainatda heç bir planet və ulduz digərinə çarpmadan intizamlı bir şəkildə öz orbitində üzüb gedir. Bütün bunların yaradılmasını, gecə və gündüzün dəyişməsini və dünyadakı canlı həyatı dərindən düşündüyümüz zaman bunların bir yaradıcısı olduğu qənaətinə gələrik. Eyni zamanda bu qədər məxluqatın boş yerə yaradılmadığını dərk edər və bütün bunların yaradıcısını təzimlə yad edərik. Bu səbəblə ayədə Allaha itaət və təfəkkür eyni anda zikr edilmişdir.

Bu ayənin nazil olma səbəbi haqqında Hz. Aişədən (r.anhə) belə bir rəvayət nəql edilmişdir: “Bu ayə gecə vaxtı nazil oldu. Allah Rəsulu (s.ə.s) ayağa durub namaz qıldı. O əsnada Bilal (r.a) gəlib səhər namazının vaxtı olduğunu xəbər verdi. Ancaq Həzrət Peyğəmbəri ağlayan bir halda gördü və özünü saxlaya bilməyib belə dedi: “Ey Allahın elçisi, ağlayırsanmı? Halbuki Allah-Təala sənin keçmiş və gələcək günahlarını bağışlamışdır”. Bunun üzərinə Allah Rəsulu (s.ə.s): “Allaha şükür edən bir qul olmayımmı? Ey Bilal, bu gecə ayə nazil oldu”, - dedi və yuxarıdakı ayəni oxudu, sonra da belə buyurdu: “Bu ayəni oxuyub təfəkkür etməyən kimsəyə yazıqlar olsun!”

Ayənin son qismində isə Allah-Təala biz möminlərə, Ona necə dua edəcəyimizi öyrədir. Belə ki, kainatdakı bu intizamı düşünən bir mömin belə deməlidir: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmadın! Sən pak və müqəddəssən!” Bunu dərk edən mömin onun əzabından çəkinərək “Bizi cəhənnəm əzabından qoru!” – deyə Allaha yalvarar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz