Elm və Dua

Elm və Dua

Ölümlə pəncələşən körpəsinə baxmaqdan bağrı parçalanan ana qəfildən evin bir küncünə çəkilib, göz yaşları içində ürəyindən gələn səmimi duyğularla əl açıb Uca Yaradana yalvarır: “Allahım, övladı verən Sənsən, alan da Sən. Amma bir ana kimi günlərdən bəri bu körpənin yaşadığı acılara, ağrılara baxmağa taqətim qalmayıb. Nə edirsənsə, xeyirlisindən elə, Allahım! Alsan da, almasan da, Sən bilən məsləhətdir. Amma mən daha bu mənzərəyə baxa bilmirəm. Ya mənə dözüm ver, səbir ver, ya bu körpəyə şəfa nəsib elə!..” Bu bir ana duası idi. Günlərdən bəri xəstə yatan körpəsinin çırpınışlarına, qıvrılmasına dözə bilməyən ana Uca Yaradana əl açıb beləcə yalvarırdı. Bu duanın boşa getdiyini, nəticəsiz qaldığını əsla düşünməyin.

Kliniki şəraitdə insanlar üzərində aparılan təcrübələr əsasında duanın həm dua edənə, həm də dua edilən şəxsə müsbət təsir göstərdiyi artıq mütəxəssislər tərəfindən birmənalı şəkildə qəbul edilməkdədir. Duanın müsbət təsirini kəşf edən klinikalar, tibbi mərkəzlər və dərman istehsal edən şirkətlər indi duanı müasir tibb elmi ilə birləşdirməyin yollarını axtarırlar. Tibb müəssisələrində həkimlərin və eləcə də digər tibb işçilərinin toplaşaraq xəstə üçün dua etməsi sürətlə yayğınlaşmaqdadır. Mütəxəssislərin söylədiklərinə görə, bu cür toplu duaların xəstəyə müsbət təsiri daha çox olur. Duanın insana fiziki təsirini araşdıran alimlərdən biri belə  deyir: “Dua edərkən insanın vücudunda və beynində ciddi dəyişikliklər meydana gəlir. Davamlı şəkildə və mütəmadi olaraq ibadət edən insanların qan təzyiqi digərlərinə nisbətən daha sağlam olur. İbadət edənlər başqalarına nisbətən daha az stress və əsəbi gərginlik keçirirlər. Dua və ya ibadət əsnasında orqanlar rahatlanır, beyin isə bir qədər böyüyür”.

Çoxlarımız Allah-Təalanın adlarını zikr edən, Ona yalvaran ağsaqqallarımızı, ağbirçəklərimizi görmüşük. Onların o rahat davranışları, səmimiyyəti, həlim söhbətləri, heç şübhəsiz, o dualarla, o yalvarışlarla birbaşa bağlı olmuşdur. Dua etmək bir zaman dini ritual sayılsa da, bu gün artıq yeni bir məna kəsb etməkdə, müalicə vasitəsi kimi tanınmaqdadır. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, xəstələr üçün dua etmək xəstəliyi azaltdığı kimi, sağalma müddətini də tezləşdirir. Hətta bu gerçəkdən xəbərdar olan  bəzi ölkələrdə insanlar bir yerə toplaşaraq dua klubları təşkil etməyə başlayıblar. Həmin ölkələrdə hər hansı bir problemlə qarşılaşan, səhhətində ciddi çatışmazlıq hiss edənlər həkimlə yanaşı, həm də həmin dua klublarına müraciət edirlər. Tanınmış məşhur bir universitetin ortaya qoyduğu nəticələr mütəmadi olaraq ibadət və dua edənlərin erkən ölüm faizinin dindar olmayanlarla müqayisədə 25 faiz daha az olduğunu bildirir. Eyni mənbədən o da bildirilir ki, dua edən bir xəstənin ürək əməliyyatından sonrakı yaşama müddəti dua etməyəninkindən 30 faiz artıq olur. Bəzi araşdırmalarda, xəstə və dua edən bir-birilərini tanımasa belə, duanın yenə şəfavericilik qabiliyyətinin görünməsi təsdiq olunur.

Elm adamları, teoloqlar və beyin üzrə mütəxəssislərdən təşkil olunmuş bir qrup araşdırmaçının iki il araşdırma apardıqdan sonra “Niyə bəzi insanların inancı güclü, bəzilərininki zəifdir? İnancın orqanizmdəki ağrı-acıya təsiri nədən ibarətdir?” sualına verdiyi cavab, həqiqətən də, çox inandırıcıdır: stress orqanizmin müqavimət gücünü aşağı salır. Beləcə, insan müqavimətini itirdikcə yad təsirlərin əsirinə çevrilir. Məhz stressə girən, depressiya vəziyyəti yaşayan insanlar daha çox xəstələnirlər. Dua və dini həyat tərzi isə stress faizini xeyli aşağı salır.

Dua sadəcə xəstələr üçün və ya xəstəlik zamanında deyil, həyatın bütün məqamlarında oxunmalıdır ki, orqanizm immunitet halını alsın, vərdişə keçsin. Bu zaman insanda həm mənəvi, həm də fiziki güc mənbələri formalaşır.

İnsan dindardırsa, deməli, Allaha inanır, Onun varlığını və birliyini qəbul edir, başına gələn işlərin Allah-Təala tərəfindən yazılmış bir “qədər” olduğunu qəbul edir və onu da anlayır ki, bir sınaq içərisindədir. Bu sınağa qarşı verəcəyi reaksiya onun üçün savab və ya günah olaraq yazılacaqdır. İman adlanan bu güc insana həm maddi, həm də mənəvi baxımdan çox böyük faydalar gətirməkdədir.

Biz dinimizdən gələn gözəllikləri yaşaya bilsəydik, heç şübhəsiz, bu gün dünyada öncül olardıq. Dua bizim üçün çox mühümdür. Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi, “dua ibadətin özüdür”. (Tirmizi, Dəavat, 1/3371) Uca Allah da “Duanız olmasaydı, nə əhəmiyyətiniz olardı?” (əl-Furqan, 77) buyurur.  

Odur ki, dualarınızı  əsirgəməyin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz