NİYYƏT

NİYYƏT

Niyyət bir işi hansı məqsədlə etməyi ürəkdən keçirməkdir. Hər hansı bir iş ya ürəkdə, ya dildə ya da digər orqanlarda gerçəkləşir. Ürəyimizlə etdiyimiz işlər niyyət  və düşüncələrimizdir. Dilimizlə etdiyimiz işlər danışıqlarımızdır. Orqanlarla etdiyimiz işlər hərəkət və davranışlarımızdır. Sözlərimiz və hərəkətlərimiz niyyətə bağlı olduğu üçün yaxşı niyyət bəzən başlı-başına bir ibadət sayılır. “Əməllər  niyyətə görə dəyər qazanır” hədisi çox vaxt orqanlarımızla etdiyimiz işləri əhatə edir.

 Dil bir şeyə niyyət edərkən ürək bu düşüncəyə qatılmazsa, niyyət məqbul sayılmaz. Hədisi-şərifdə deyildiyi kimi, Allah-Təala bizim şəklimizə, formamıza deyil, qəlblərimizə baxar, niyyətimizə dəyər verər.

Abdullah İbn Ömərin alim və zahid oğlu, Mədinənin yeddi fəqihindən biri olan Salim xəlifə Ömər ibn Əbdüləzizə yazdığı məktubda belə deyirdi:

“Bunu yaxşı  bilin ki, Allah-Təalanın quluna yardımı qulun niyyəti qədərdir. Kimin niyyəti tam olarsa, Allahın ona yardımı da tam olmuş olar; niyyəti nə qədər azalarsa, Allahın yardımı da o qədər azalar”.

Edilən işləri Allah qatında dəyərli edən  bizim ixlas və səmimiyyətimizdir. Sadəcə göstəriş üçün edilən işlərin, ibadətlərin və gözəl davranışların Allah qatında heç bir dəyəri yoxdur.

Bir hədisi-şərifə görə qiyamət günü ilk olaraq bir şəhid haqqında hökm veriləcək. Allah-Təala ona nə etdiyini soruşanda:

-Sənin yolunda vuruşdum, şəhid edildim, - deyəcək.

Lakin Haqq-Təala ona:

-Yalan söylədin. Sənə cəsur adam desinlər deyə vuruşdun, - deyəcək və o adam üzüstə sürünərək cəhənnəmə atılacaq.

Daha sonra sədəqə verən və elm öyrədən bir kimsə gətiriləcək. Hədisin davamına görə, onların da xalis niyyət sahibi olmadığı anlaşılanda bütün etdiklərinin boşa çıxdığı görüləcək.

Bunu da unutmayaq ki, niyyət o qədər mühümdür ki, bəzən ibadət xarakteri olmayan işlərimiz belə niyyətinə görə savab qazanmağımıza səbəb olmaqdadır. Allaha qulluğunda bədəninin qüvvət tapması üçün yemək yeyən, gecə ibadətinə rahat qalxmaq üçün erkən yatan və ya halal qazancına haram qatmamaq üçün malını diqqətlə sayan, ya da yoldakı bir daşı insanlara zərər verməsin düşüncəsi ilə və savab qazanmaq ümidi ilə götürüb kənara atan kimsələr buna misaldır.

Xülasə, əməllərimizin boşa çıxmaması üçün niyyətimizi xalis tutmaq məcburiyyətindəyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz