ZİNDANI ZİNAYA TƏRCİH ETMƏK
Bu başlıq ilk növbədə gözümüzün önünə günah qarşısında sərgilədiyi dik duruşu ilə abidələşmiş bir peyğəmbəri gətirir.
Bəli, zindan və zinanın eyni cümlədə işləndiyi bu başlıq ardarda gələn günah dəvəti qarşısında “Ey Rəbbim, mənim üçün zindan dəvət etdikləri şeydən daha sevimlidir”[1] deyərək zinaya gedən yolu tamamilə kəsən, günahla nəfsi arasındakı körpünü istiğfar selinə çevrilən göz yaşları ilə yuyub dağıdan Həzrət Yusufu xatırladır. Allah Rəsulunun qiyamət günü ərşin kölgəsi altında olacaq yeddi qrup insandan birinin də “əsil-nəcabətli və zəngin bir qadının zina təklifinə “Allahdan qorxuram” deyə cavab verən”lər olduğunu bildirdiyi hədisdə zikr edilən imanlı insan xarakterini nümunəvi həyatı ilə canlandıran Həzrət Yusufdan söz açırıq.
Qurani-Kərimdə ümumilikdə iyirmi beş peyğəmbərin qissəsi yer alır. Hər biri bu ümmətə ibrət və nəsihətlərlə dolu olan bu qissələr həcm baxımından bir-birindən fərqlənir. İlahi kitabımızın üçdəbirini ehtiva edən qissələr arasında Həzrət Yusufun qissəsi digərlərindən xüsusilə seçilir. Başlı-başına bir peyğəmbərin adı ilə adlanan Yusuf surəsi “qissələrin ən gözəli”[2] adlandırılır. Hz. Musanın qissəsindən sonra ən geniş qissə də məhz Yusuf (ə.s)-ın qissəsidir. Həzrət Peyğəmbərin hədisi-şərifində bu surənin tez-tez oxunması tövsiyə olunur və ailə başçısının onu bütün ailə fərdlərinə öyrətməsinin də əhəmiyyətindən söz açılır.
Surədə insan-günah münasibəti, tərbiyə olunmamış insan nəfsinin (nəfsi-əmmarənin) durmadan onu günaha təşviq etməsi və müttəqilərin günaha qarşı duruşu Həzrət Yusufun timsalında geniş formada izah edilir. Həmçinin surədə sadəcə zahiri deyil, eyni zamanda insanı günahdan-günaha sürükləyən həsəd, paxıllıq, kin və ehtiras kimi batini günahlardan da söz açılaraq acı nəticələri və sonradan peşmançılığa səbəb olacağı göz önünə gətirilir.
Heytə lək: Gənc yeniyetmə olan Yusuf (ə.s)-ı zinaya dəvət edən Züleyxanın ağzından çıxan bu söz “haydı, yaxınlaş”, “göstər məharətini” kimi mənalara gəlir. Həyatda yaşanmış bu hadisəyə baxdıqda Züleyxanın insan nəfsini təmsil etdiyini görürük. Buradakı “heytə lək” əslində hər gün insanı pis əməllərə, günaha dəvət edən şeytanın və nəfsin vəsvəsə dolu pıçıltılarıdır. Hər gün nəfsimiz dəfələrlə bizə “heytə lək” deyib durur. Günah bəzən gözəl bir qadın, bəzən şirnikləndirici rüşvət, gerçəyi gizlədən saxtakarlıq, alverdə aldatma, ikili münasibətlərdə yalan, dedi-qodu, ictimai əlaqələrdə iftira, fitnə və bir çox siması ilə çıxır qarşımıza. İnsanın günah işləməyə ən əlverilşi olduğu an şeytanın səsi eşidilir: “heytə lək” – “göstər cəsarətini”, “haydı, yaxın gəl”. İnsan qəlbini ram etməyə çalışan şeytani vəsvəsədən qurtuluş yolu isə heç şübhəsiz ki, insanın Allaha sığınmasından və özünü Allaha təslim etməsindən keçir.
Rəbbin bürhanı: Yusuf surəsinin 24-cü ayəsində buyurulur: “(Qadın) ona meyl etmişdi. Əgər (Yusuf) Rəbbinin bürhanını görməsəydi, o da ona meyl edərdi...” Ayeyi-kərimədə yer alan bürhan kəlməsi haqda müxtəlif fikirlər mövcuddur. Təfsirçilər bürhanın Hz. Yusufun qeybdən eşitdiyi bir səs, gözünün önündə Yaqub (ə.s)-ın canlanaraq ona xəbərdarlıq etməsi olduğunu deyirlər. Bu mövzuda irəli sürülən fikirlərin doğruluğu ilə yanaşı bir xüsusu qeyd etmək yerinə düşər. Şübhə yoxdur ki, Allah günaha düşmək üzrə olan hər bir insana bürhanını, dəlilini göstərir. Yetər ki, insan görə bilsin. Bunun üçünsə sadəcə olaraq qəlbin Allaha bağlı olması şərtdir. Unutmamaq lazımdır ki, günahlar Allah unudulduğu zaman işlənir. Allahı xatırlayan, Onun ilahi nəzərləri altında olduğunu dərk edən bir insan əli, ayağı, dili, qulağı, bir sözlə, heç bir üzvü ilə günaha düşməz. Məhz surənin 23-cü ayəsində ilahi yardımın Yusuf (ə.s)-ın günah qarşısında ilk anda sərgilədiyi rəftardan sonra gəldiyi açıq-aşkar belə bildirilir: “Evində qaldığı qadın onu yoldan çıxartmaq istədi və qapıları bağlayıb: “Yanıma gəl!”– dedi. O isə: “Allaha sığınıram!” – dedi”. Deməli, günaha qarşı islami duruş ilk növbədə Allaha sığınmaqla mümkündür. Allahın yardımı, zəfəri və dəstəyi məhz bu mərhələdən sonra gerçəkləşir. Allaha sığınmanın islami termini olan istiazə insanı günahlara qarşı qoruyan bir qalxandır.
Tövbə ilə bağlı bir nüans: Surədə eyni zamanda paxıllıq, həsəd və kin kimi insan qəlbini gəmirən, beləcə onu fitnəyə sürükləyən batini günahlardan da söz açıldığını qeyd etmişdik. Allah-Təala bu surədə həsəd xəstəliyini Həzrət Yusufun qardaşlarının timsalında bizə göstərərək, işin sonunun qardaş qətlinə qədər gedib çıxacağını xəbər verir. Diqqət edəcəyimiz nüanssa onların Hz. Yusuf ilə bağlı plan qurarkən söylədikləri bu sözdür: “Yusufu öldürün və ya (uzaq) bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə (tövbə edib) əməlisalehlərdən olarsınız!”. (Yusuf, 9) Burada insanın tövbəni sonraya saxlamasına diqqət çəkilir. Zaman-zaman işlədiyi günahın az da olsa fərqinə varan insan şeytanın “sonra tövbə edərsən” təlqininə məruz qalır. Şeytandan gələn vəsvəsə hər zaman insanı tövbəni gecikdirməyə, günahda isə tələsik davranmağa səsləyir. Hətta ayeyi-kərimədə bu xüsusa diqqət çəkilərək buyurulur: “Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) aldatmasın!”. (Loğman, 33) Bu gün də ətrafımıza baxdığımız zaman həyatını günah içində keçirən bir çoxlarının hidayət dəvəti qarşısında “sonra tövbə edərəm” dediyinin şahidi oluruq. Yaxud da nəfsimizlə baş-başa qaldıqda və özümüzü hesaba çəkdikdə xeyir işlərdə səhlənkar davrandığımızın şahidi oluruq. Halbuki sabahın məchul olduğu bir dünyada insan üçün ən əlverişli an içində yaşadığı andır və Allah Rəsulu “sonra edərəm” deyənlərin həlak olduğunu bildirmişdir.
İnsanın əməlləri ucbatından fitnə və fəsadın yayıldığı bir dünyada kirlənməmək duası ilə...
ŞƏRHLƏR