Dilemma (II hissə)
Universiteti bitirmiş tələbələrin rüşvətxor müəllimləri, ən dəhşətlisi, o dünyadakıları adlarıyla feysbuk statuslarında biabır eləməsini görəndə Elşənin əti ürpəşirdi.
“Vay-vay, adamın lap goruna söyürlər ki”. Bəzənsə qınamaq bir yana, ürəyində elələrinə haqq qazandırırdı: “Yazıqlar neyləsin? Dörd-beş yüz manatla ailə saxlamaq olar? Qaldı ki, uşaq hazırlaşdırmağa, işdən sonra yorulurlar, gücləri çatmır repetitorluğa”. Hətta ürəyinin dərinliyində “onsuz da oxumayan” imkanlı tələbələrin qayıblarının çox olmasını istəyirdi ki, arada pulu dekana çatdıran, iki yüz manat maaş alan müavinin də cibinə bir şey getsin.
Keçid balı almaq üçün tələbələrdən iki-üçü, bir dəfə də qış imtahanlarını tapşırtdırdığı qohum oğlanın əmisi Elşənə “hörmət” təklif eləmişdi. Hamısına “yox” demişdi. Tələbənin əmisi iki dəfə zəng eləmişdi, Elşən cürbəcür uydurmalarla (“Xəstəyəm”, “Məqalə yazıram, bərk məşğulam”) gəl görüşəklərdən imtina eləsə də, qohum əl çəkməmişdi: “Ay kişi, gəl onda heç olmasa, sənə bir restoran qonaqlığı verim!”. Ona da razı olmamışdı və gizlincə öz təmizliyi ilə fəxr eləmişdi Elşən. Onun pul götürməməyinə evdə adi bir şey kimi baxırdılar, – APU-da dərs deyən valideynləri də belə şeylərdən uzağıydı. Bibisinin əri isə hər görəndə onu danlayırdı: “Demirəm kasıbdan pul götür. Amma kimin ki, cibini pul deşir, üstəlik, özü verir, eləsindən fikirləşmədən götür. Bu, sənin halal haqqındır. Bax, gələn dəfə də biləm ki, varlı tələbələrdən pul götürmürsən, özündən küs, başa düşdün məni?” Başa düşürdü, amma yenə öz bildiyini edirdi Elşən və məsələyə fəlsəfi yanaşırdı: “Biri gözlüyünün mənfilərini artıra-artıra halal puluyla qızına cehiz yığıb ərə verir, o biri də məni, subay birisini qınayır ki, niyə varlı tələbələrdən rüşvət götürmürsən”.
Universitetə işə düzələndən dörd il sonra Elşənə dekan müavini vəzifəsi təklif olunanda, cavab vermək üçün rəhbərlikdən üç gün vaxt istədi. Elə həmin gün məsələni açıb atasına dedi. “Vallah, mənim də, elə sənin də bildiyin odu ki, dekan müavinləri həm də pul yığmaq işlərinə baxır. Sən o yolun yolçusu deyilsən, amma yenə bax də,” – atası qeyri-müəyyən məsləhət verdi. “Bəlkə, Nizam məllimnən məsləhətləşim?” Atası güldü: “Adam tapdın da. Ömründə rüşvət götürməyən adam sənə nə deyəsidi ki?” – “Hər halda görüşüm, bəlkə bilmədiyimiz, ya ağlımıza gəlməyən hansısa məqamı deyər,” – Elşən dedi.
Kafedə Nizam müəllimlə görüşdü, hal-əhvaldan, onu professor olması münasibətiylə təbrik edəndən sonra Elşən əsas məsələni açıb dedi və ondan məsləhət istədi.
- Elşən, açıq danışacam sənnən. Birincisi, onu bil ki, dekan müavini kimi bütün qapılar üzünə açıq olacaq. İndi yazdığın namizədlik, gələcəkdə doktorluq işinin müdafiəsi vaxtı zəhlətökən bürokratik maneələri aşanda, o vəzifə işinə yarıyacaq. Bir var, müdafiəyə qədər rastlaşacağın adamlara özünü universitetin adi məllimi kimi təqdim edəsən, bir də var, səni dekan müavini kimi tanıyalar, yəni bunlar fərqli-fərqli şeylərdi. İkincisi, maddi vəziyyətini düzəldə bilərsən. Qabaqda evlənməyin var, ailə-uşaq qayğıların olacaq, özün görəcəksən o şeyləri. Amma təbii ki, belə məsələlərdə həddi də gərək aşmayasan. Qısası, məncə, razı olsan uduzmassan.
Sifətində “Bu nə danışır?” yazılmış Elşən sonda dedi ki, fikirləşərəm, yolboyu öz-özüylə danışa-danışa, dilxor evə qayıtdı. “Deyir, maddi vəziyyətini yaxşılaşdıra bilərsən. Dalınca da deyir, amma həddi aşma ha, yəni, tələbədən pul umanda, sıxma-boğmaya salma ki, o da səni polisə verib televiziya kamerası qarşısında tutdurmasın. Yəni, yüksək bal üçün tələbədən yüz yox, əlli manat istə”. Bir anın içində dissertasiya işinin üçüncü fəslini yazmaq həvəsi öldü və ona elə gəldi ki, vaxtında tənbəllik eləməyib Marsel Rayx-Ranitskiylə tanış olsaydı, sonra Nizamı da ona calasaydı, indi ikisi də orda dərs deyib ayda iki-üç min avro maaş alardılar, bugünkü dilxor söhbət də olmazdı. Evdə isə atasına yalandan dedi ki, o da sənin kimi deyir, o vəzifədə belə-belə işlər var, düşün, özün seçim elə. İstəmədi atası düzünü eşidib çaşsın, desin ki, zarafat edirsən.
Həmin görüşdən sonra Elşən heç cürə başa düşəmmədi, necə olur, otuz ildir rüşvətdən uzaq, tələbədən dörd yüz manat istədiyinə görə, prorektoru asıb-kəsən müəllim ona pullu vəzifəyə razı olmağı məsləhət görür, demir, razı olma, gələcəkdə alman dilindən tərcümələr eləməklə ailəni saxla. (Yeri gəlmişkən, Elşən dekan müavini olmağa razılıq vermədi.) Cavan müəllimi dəhşət bürüdü, ona elə gəldi, bu ölkədə təmiz Nizamlar ömrü boyu halal pul qazanmaqlarıyla fəxr etsələr də, buna görə məclislərdə dost-qohumun təriflərindən ləzzət alsalar da, günlərin bir günü o cür məsləhət verməklə bibisinin əri kimilərin sevimli “Bacarana can qurban” iyrənc el sözünün məntiqinə təslim olurlar. Sonra fikirləşdi, bəlkə Nizam müəllimə təcili çoxlu pul lazımıymış, – tutaq ki, arvadının, ya kiçik qızının müalicəsi üçün – tapa bilmirmiş və ömrü boyu düzgün həyat sürdüyünə görə həmin günlər özünə hədsiz nifrət edirmiş, istəmirmiş hələ cavan olan Elşən də onun kimi əziyyətli ömür sürsün. “Ən azından, atam kimi deyə bilərdi ki, dekan müavini pul işlərinə baxır, ona görə fikirləş, seçimi özün elə. Ancaq belə götürəndə, atam da öz məsləhətində bir növ əl yeri qoymuşdu, qəti deməmişdi ki, razı olma, o işdə haram pul var”. Lap axırda yadına düşdü ki, arada özü də az maaşa görə tələbədən rüşvət götürən müəllimlərə haqq qazandırır. “İlahi, doğrudanmı, bu peşmançılıq hissi Nizam, atam kimi rüşvətdən uzaq adamlara illər sonra əzab verməyə başlayır və nə vaxtsa mən də onların gününə düşə bilərəm???”
17 iyul – 23 noyabr, 2015
Bakı
ŞƏRHLƏR