BİR HƏDİS

BİR HƏDİS

عَنْ أَبِي أُمَامَةَ عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ {مَنْ أَحَبَّ لِلَّهِ وَأَبْغَضَ لِلَّهِ وَأَعْطَى لِلَّهِ وَمَنَعَ لِلَّهِ فَقَدْ اسْتَكْمَلَ الْإِيمَانَ}

Əbu Ümamədən (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

 “Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verərsə, Allah üçün mane olarsa, imanını kamilləşdirmişdir”. (Əbu Davud, Sünnə, 16)

İnsanın həyat yolçuluğundakı ən əsas hədəflərindən biri Allaha layiq olduğu şəkildə ibadət etməklə kamil mömin olmağa çalışmasıdır. Allah nəzərində insanın kamil olması mal, mülk, övlad, məqam, mövqe və s. kimi zahirən görünən deyil, iman, təqva, xaşyətullah kimi insanın batinindəki keyfiyyətlərə görə mümkündür. Daxilini Allahın rizasıyla bəzəyən bir möminin qəlbinə yalnız Allah hakim olar. Qəlbinə yalnız Allahın hakim olduğu bir mömin kamil mömin olmuş olar. Kamil bir möminin daxilindəki gözəlliklər onun zahirini də gözəlləşdirər. Demək ki, insanın zahirinin gözəlləşməsi, batininin gözəlləşməsinin təbii bir nəticəsidir.

Hədisi-şərifdə Rəsulullah (s.ə.s) insanın hər hal və davranışının Allah rizası üçün olmasını imanın kamilliyi olaraq vəsf etmişdir. Əməllərin niyyətlərə görə dəyər qazandığını bildirən Allah Rəsulu (s.ə.s) bu hədisində də bunu fərqli bir şəkildə ifadə buyurmuşdur. Çünki gözəl niyyətə sahib xeyirli əməllər imanı kamilləşdirən ən önəmli amillərdəndir. Allah-Təala Qurani-Kərimin bir neçə ayəsində möminlərin imanının artmasından bəhs etməkdədir. Belə ayələrin birində belə buyurulur: Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər”. (əl-Ənfal 8/2)

Hədisdən anlaşıldığı kimi, sevmək (hubb) və nifrət (buğz) etməyin hər birisi Allah rizası üçün olduqdan sonra dəyər qazanmaqdadır. Təməlində Allah rizası olmayan bir sevgi və ya nifrət iman sahibi olan bir kimsə üçün hər hansı bir məna kəsb etməməkdədir. Allah üçün sevib, Allah üçün nifrət etməyin mükafatı da çox böyükdür. Bir hədisi-qüdsidə belə buyurulur: “Mənim şanım üçün bir-birini sevənlərə nurdan minbərlər vardır. Peyğəmbərlər və şəhidlər onlara qibtə edərlər.” (Tirmizi, Zöhd, 53) Ehtiyac sahibi olan insanlara köməklik etmək, onların ehtiyaclarını qarşılamaq və dərdləriylə həmhal olmaq cəmiyyətdəki sosial münasibətləri gözəlləşdirəcək müsbət əməllərdəndir. Allah Rəsulu (s.ə.s) birinə bir şey verməyin əsasında da Allah rizasının olmasını hədisi-şərifdə bəyan etməkdədir. Nəticə olaraq, Allah Rəsulu (s.ə.s) insanın batinən və zahirən etdiyi bütün hərəkətlərinin Allah rizası üçün olmasını imanın kamilləşməsi üçün əsas vasitələrdən saymaqdadır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz