ALLAHIN XƏBƏRİ SİFƏTLƏRİ

ALLAHIN XƏBƏRİ SİFƏTLƏRİ

İbadət etdiyi rəbbini təxəyyül etmə cəhdi, onu təsəvvür etmə arzusu tarix boyu bütün insanlarda var olmuş bir arzudur.

 Odur ki, Qurani-Kərimdə Allah-Təala yaratdığı məxluqatına bənzəmədiyini bəyan buyurmuş və biz də daha əvvəlki yazılarımızda bu mövzunu “Allahın zatı sifətləri” başlığı altında şərh etmişdik.

Allahın məxluqata bənzəməməsi onun tənzihi sifətlərini ifadə edir. Qurani-Kərimin bəzi ayələri ilə bir qisim hədislərdə isə Allahın tənzihi sifətləri ilə uyğunlaşmayan vəch, yəd, ayn, istiva kimi təşbehli müəyyən sözlərdən istifadə olunmuşdur. Bu kəlmələrin ifadə etdiyi sifətlər əslində insana məxsus olduğu halda bənzədici məcazi bir məna ifadə edərək Allahın bəzi feil və qərarları başa salınmağa çalışılmışdır. Bu sifətlərə Xəbəri sifətlər deyilir. Həşəviyyə (ayə və hədislərin yalnız zahiri mənasına bağlananlar), müşəbbihə (Allahın üzvlərini digər canlıların üzvlərinə bənzədənlər) və mücəssimənin (Allahı digər cisimlər kimi bir cisim sayan firqə) bu ayə və hədisləri dəlil qəbul edərək cisimlik, orqanlar, şəkil və surət isnad etmələrinin, duyğularla hiss edilməyən və müşahidə edilə bilməyən Allah-Təala üzərinə əşyanın hökmlərini vermələrinin çox təhlükəli və batil bir inanış olduğu aşkardır.

Sələfi-salehin qətı dəlillərlə Uca Allahın nöqsanlıqlardan, hudus, acizlik, ehtiyac və imkan əlamətlərindən münəzzəh olduğunu və Onun heç bir şəkildə məxluqatına bənzəməyəcəyini bildikləri üçün, bu təşbehli sifətləri heç bir canlıya və cismə bənzətmədən, keyfiyyətinin necə olduqlarını Allaha həvalə edərək qəbul etmişlər və bunlar haqqında səhv şərhə düşmə qorxusuyla şərhə getməmişlər. Dördüncü əsrdən sonrakı kəlamçı alimlər isə insanları çaşdıran bəzi cahillərin fikirlərini çürütmək üçün bu xəbəri sifətlər deyilən mütəşabih sözləri Onun tənzihi sifətlərinə uyğun bir şəkildə şərh etmişlər. “Bunların bir qismi ayələrdə, bir qismi isə əhəd hədislərdə yer almışdır. Yəd, vəch, ayn, istiva, nüzul, ityan, isba, qədəm, dıhk (gülmə) kimi anlayışlar bunların başında yer alır. Fərqli məktəblərə mənsub bütün kəlam alimləri Xəbəri sifətlərin dil elmləri və əqli məlumatlar işığında şərh edilməsinin lazım olduğu nöqtəsində ittifaq etmişdir. Buna görə yəd – “qüdrət”, vəch – “ zat (şəxs)”, ayn – “elm”, istiva – “hökmranlıq”, nüzul – “rəhmət”, ityan – “ilahi əmr” kimi mənalarla şərh edilmişdir”.[1] Əslində bu, təvil və şərhdən çox bu məsələlərdə təvilin yolunu kəsməkdir. Vəch (üz) kəlməsi Quranda bir neçə yerdə keçməkdədir. (əl-Qasas 28/88, ər-Rahman 55/27, əl-Leyl 92/20). Zahiri mənada ət və sümükdən ibarət olan üz ilə ayədə bildirilən üzü qarışdırmamaq üçün deyilmişdir ki, “üz” deməkdən məqsəd Allahın zatıdır. Əgər belə deyilməsə daha böyük cahillik ortaya çıxar. Məsələn: Qasas surəsinin 28/88-ci ayəsində keçən Onun Üzündən başqa hər şey məhv olacaqdır” (Əlixan Musayev) – ifadəsinə baxaq. Bu ayədə “üz” qalacaq, qalan hissələr yox olacaq deyilərsə, səhv olar. Belə tərcümə yerinə Allahdan başqa hər şey məhvə məhkumdur” (Vasim Məmmədəliyev) tərcüməsi daha məqsədəuyğundur. “Yəd” (əl) kəlməsi də Quranda (Fəth 48/10, Sad 38/75, Yasin 36/83) və hədislərdə yer almaqdadır. Məsələn, “yəd” sözünə “əl” mənası verildiyi təqdirdə zehinlərdə bədən üzvlərindən bir əl təsəvvürü yaranır. Bunun insan əlinə bənzəmədiyini söyləmək idrak baxımından heç bir şey ifadə etməz. Lakin “qüdrət” mənası verilsə, bir problem doğmaz. Bu səbəblə kəlamçılar Sələf alimlərinin sifəti-xəbəriyyə anlayışının da -iddialarının əksinə- icmalı bir şərh olduğunu söyləmişlər.[2] Həm də  bilmək lazımdır ki, “əl” kəlməsi dilimizdə iki ayrı mənada işlənir. Bunlardan biri ət, sümük, damarlar və qandan ibarət olan bədən üzvünü ifadə edərkən, digəri isə cismi olmayan şeylər haqqında deyilir: “Ölkə dövlət rəisinin əlindədir” deyəndə hər kəs bilir ki, rəis dövləti əlinin içində saxlamır. Buna zahiri məna verilsəydi məsələ daha qarışıq hala gələrdi.  

          Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Möminin qəlbi Allahın barmaqlarından iki barmaq arasındadır”. (Müslim, Tirmizi, İbni Macə və Əhməd b. Hənbəl) Bu hədisdəki barmağı ət, sümük, damarlar və qandan ibarət mürəkkəb bir cisim olan üzvə bənzətmək insanı bütpərəstliyə qədər götürər. Çünki hər cisim məxluqdur. İslamın tövhid anlayışına əsasən, məxluqa ibadət edilməz. Məxluq olduğu üçün bütə ibadət də küfrdür.

Alimlərin ayə və hədislərdə yer alan bu tip kəlmələri şəhr etmələrindəki məqsəd bu kəlmələrin mənasını inkar etmək deyildir. Məqsəd bunları insanların başa düşəcəyi şəkildə izah edərək yanlış təsəvvürlərin meydana gəlməsinin qarşısını almaq və Allahın göndərdiyi kitabın düzgün anlaşılmasını təmin etməkdir.

İslami elmləri dərindən araşdırmayan, bu işin elmi tərəfini oxumayan kimsələrin buna bənzər ayələrin mənası üzərində düşünərək bir məna verməyə çalışmaması, bu kimi ayələrin təvilinə girişməməsi isə daha doğru bir yoldur.

 


[1] TDV İslam Ansiklopedisi c. 37 səh. 105

[2] TDV İslam Ansiklopedisi c. 37 səh. 105

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz