BİR AYƏ
بسم الله الرحمن الرحيم
يَا بَنِي آدَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْءَاتِكُمْ وَرِيشًا وَلِبَاسُ التَّقْوَىَ ذَلِكَ خَيْرٌ ذَلِكَ مِنْ آيَاتِ اللهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
“Ey Adəm oğulları! Sizə, ayıb yerlərinizi örtəcək və bəzənəcəyiniz geyim nazil etdik (yaratdıq). Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə düşünüb öyüd alarlar”.[1]
Təfsirlərdə rəvayət olunur ki, cahiliyyə dövründə ərəblərin bir qismi Kəbəni çılpaq bir şəkildə təvaf edir və: “İçində Allaha üsyan etdiyimiz paltarlarımızla təvaf etmərik!” – deyirdilər. Yuxarıdakı ayənin bu səbəblə nazil olduğu nəql olunur.
Geyim Allahın bizə lütf etdiyi bir nemətdir və bununla övrət yerlərimizi örtməyimiz əmr olunmuşdur. Ancaq təqva duyğusu, Allah qorxusu, həya və irfanı olan kimsələr bu nemətdən Allahın əmr etdiyi şəkildə istifadə edərlər. Ona görə də ayədə Adəm oğulları olan bütün insanlara xitab edilmiş və özlərinə lütf edilmiş olan geyim və bər-bəzək neməti xatırladılmışdır. Geyim insan üçün zəruri, bər-bəzək isə tamamlayıcı və gözəlləşdirici bir ünsürdür. Ayədə bunların nazil edilmiş olduğunun ifadə edilməsi ilə bunların xam maddələrinin Allah tərəfindən yaradıldığına işarə edilmişdir. Yeni bir paltar geyindiyimiz zaman Allaha həmd etmək də sünnədir. Çünki Hz. Ömərdən belə bir rəvayət nəql olunmuşdur: “Rəsulullah (s.ə.s.) buyurdu ki: “Kim yeni bir paltar geyinər, sonra: “İnsanlar arasında məni gözəlləşdirəcək və eyib yerlərimi örtəcək olan paltarı mənə bəxş edən Allaha həmd olsun!” – deyər, köhnə paltarını da sədəqə olaraq başqa birinə verərsə, o kimsə həyatda da, ölümündən sonra da Allahın himayəsində və təminatı altında olar”.[2]
Əsl geyim isə təqva libasıdır ki, insanı Allaha yaxınlaşdırar. Ayədəki “Təqva geyimi isə daha xeyirlidir” ifadəsinə müfəssirlər fərqli mənalar vermişlər. İkriməyə görə bu, müttəqilərin axirət günü geyəcəkləri libasdır. İbn Cüreyc bunun iman olduğunu söyləmişdir. İbn Abbas təqva geyimini saleh əməl və ağırbaşlılıq olaraq təfsir etmişdir. Abdurrahman b. Zeyd b. Əsləm isə təqva geyiminin Allahdan qorxub övrət yerlərini örtmək olduğunu söyləmişdir.
“Bu, Allahın dəlillərindəndir” ifadəsi ilə də bütün bunların, Allahın qüdrətinə, lütfünə və qullarına qarşı olan mərhəmətinə işarə edən dəlillər olduğu bildirilmişdir. Ayənin sonunda isə Allah-Təala qullarını bu nemətləri təfəkkür edib bunların Allahın lütfü olduğunu dərk etməyə və buna görə Allaha həmd etməyə təşviq etmişdir; bunu edə bilsələr, onlar şeytanın fitnəsindən, övrət yerlərini açmaqdan və açıq-saçıqlıqdan uzaq durarlar. Uca Rəbbimiz bizləri təkəbbürdən uzaq geyimdən və təqva libasından məhrum etməsin!
ŞƏRHLƏR