İNTERNETDƏ YENİ BİR ÜNVAN: www.deyer.tv

İNTERNETDƏ YENİ BİR ÜNVAN: www.deyer.tv

İrfan: Eldar müəllim, “Dəyər Tv”-ni təsis etməkdə əsas məqsədiniz nədir?

Eldar Kərimov: Son zamanlar, demək olar ki, internet həyatımızın ayrılmaz bir parçasına çevrilib. İnternet vasitəsilə qarşımızda açılan sərhədsiz məlumat və informasiya dünyası həyatımızı asanlaşdırsa da, bir o qədər də həyatımıza bizim fərqimizdə olmadan fərqli yaşam tərzi gətirir. Belə ki, internet üzərindən hər gün qarşılaşdığımız yeni məlumatlar və qloballaşan dünyada mədəniyyətlərarası sərhədlərin aradan qalxması  milli dəyərlərimizin zamanla, az da olsa, erroziyaya məruz qalmasına səbəb olur. Bu baxımdan bizim qarşımıza qoyduğumuz məqsəd, tarix boyu bizim kimliyimizi mühafizə edən və ata-babalarımızdan bizə miras qalan dəyərlərimizin gələcək nəsillərə qorunaraq  ötürülməsidir.  Təbii ki, bu dəyərlər bizə ailəmizdən və orta məktəbdən  başlayaraq həyatımızın bir çox mərhələsində aşılanır və bu dəyərlərə sahib olduğumuz zaman əsl Azərbaycan vətəndaşı olduğumuz diqtə edilir. Bu, təqdirəlayiq bir haldır. Məsələ orasındadır ki, bugünkü gəncliyin qarşısında ailədən və məktəbdən başqa, internet deyilən üçüncü bir təbliğat mərkəzi var. Məhz bu internet təbliğat mərkəzi son zamanların araşdırmalarına görə ailədən və məktəbdən daha effektli bir vasitəyə çevrilmişdir. Bu bir həqiqətdir ki,  internetin bu qədər effektli bir təbliğat vasitəsi olduğunu bilən, dünyanın dörd bir tərəfində var olan əxlaqi dəyərlərdən məhrum insanlar öz əxlaqsız düşüncə və həyat tərzini bu vasitə ilə kifayət qədər sürətli təbliğ edirlər. Bəs niyə biz öz sahib olduğumuz dəyərlərimizi bu vasitə ilə təbliğ etməyək? Bu gün hər birimiz öz övladlarımızın internet istifadəsindən ehtiyat edirik, çünki bu hovuzda istəmədiyin hər şey qarşına çıxa bilər. Əgər bir insanımıza internetdə keçirdiyi zaman içərisində bir videomuzu izlədə və onun həyatında müsbət mənada dəyişklik edə biləriksə, nə xoş bizə!

 

- İsim seçimində nə üçün “Dəyər” üzərində durdunuz?

Məqsədimiz tarix boyu bizi biz edən dəyərlərimizin mühafizəsi və bu dəyərlərin təbliği olduğu üçün ad seçimində o qədər də çətinlik çəkmədik. İstədik ki, ilk baxışdan məqsədimiz elə adımızdan bilinsin. İstər internet səhifəmiz, istərsə də sosial şəbəkələrdə qeydiyyatımız məhz bu addadır. İzləyicilərimiz üçün də rahat yadda qalması və axtarış əsnasında heç bir çətinliyin çəkilməməsi üçün bu adın seçilməsi məqsədəuyğun olmuşdur. Burada verdiyiniz fürsətdən istifadə edib bütün İrfan oxucularını “Dəyər TV”-nin “Youtube” kanalına abunə olmağa çağırıram. İzləyicilərimiz bizi www.deyer.tv internet səhifəmizdən də izləyə bilərlər.

- Kanalda yayınlanacaq verilişlər barədə az da olsa məlumat verərdinizmi?

Qeyd etdiyim kimi, əsas verilişlərimiz milli-mənəvi dəyərlərimizin təbliğinə uyğun hazırlanır. Bunlardan: “Dəyərlərimiz”, “İrfan Məclisi” “Elm Məclisi” kimi verilişlərimizin adını çəkə bilərik. Bu verilişlərimizlə birlikdə internet dünyasında hər yaşdan və hər düşüncədən ibarət insanların olduğunu düşünərək fərqli proqramlara da yer verdik. Nəzərə alsaq ki, internet istifadəçilərinin yaşı günü-gündən gəncləşir, bu, bizim qarşımızda uşaqlar üçün də bir verilişin hazırlanması zərurətini yaratdı. İzləyicilərimiz tərəfindən aldığımız təəssüratları, bizə gələn fikirləri dəyərləndirdiyimiz zaman görürük ki, “Uşaq Dünyası” verilişimiz uşaqlara ünvanlansa da, bütün ailə fərdləri tərəfindən maraqla izlənir. Eyni zamanda evdar xanımlarımızı da unutmadıq. Onlar üçün hazırladığımız “Ləzzət Dünyası” verilişi onların süfrələrinə bəzək verəcək. Texnologiya həvəskarları da “Texno Xəbər”də ən son texnoloji yeniliklərlə yaxından tanış ola bilərlər. Bundan başqa “Fərqli Baxış”, “Az-Öz”, “Sual-Cavab” kimi proqramlarımız da izləyicilərimiz tərəfindən müsbət qarşılanır, sevilir və izlənir.

- Gələcək planlarınız və hədəfiniz nədir?

Hələlik xalqımıza faydalı olacaq və onların bəyənəcəyini düşündüyümüz 14 proqramın çəkilişlərini intensivləşdirməyi və izləyicilərimizlə daha tez-tez görüşməyi planlaşdırırıq.  Qeyd edim ki, gördüyümüz iş könüllü olaraq həyata keçirilir. Bizə dəstək olan hər kəs bacardığı işi ortaya qoyur və insanlara faydalı olacaq iş ortaya çıxır. Fürsətdən istifadə edib operator, montaj və aparıcılıq işlərində bizə könüllü dəstək olub, dəyərlərimizin mühafizəsinə qalxan gənclərimizə səmimi-qəlbdən təşəkkür edirəm. Onu da deyim ki, qarşımıza konkert bir hədəf qoymamışıq, çünki bizim gördüyümüz iş biznes xarakterli deyil. Biz “Dəyər Tv”-ni bir məktəb olaraq görürük. Bizim ən böyük amalımız tarixi dəyərlərimizə sahib, insanlığını, mənliyini, kimliyini qoruyan və heç bir xarici qüvvənin təsiri altına düşməyən, şüurlu bir gəncliyin yetişməsidir.

Bizim gənclərimizə aşılamaq istədiyimiz başlıca dəyərlər: ata-anaya hörmət, vətən sevgisi, şəfqətli olmaq, müəllimə hörmət, iffətli olmaq, çalışqan olmaq və s.-dir.

 

- Bu faydalı işdə sizə uğurlar arzulayır, “Dəyər Tv”-nin xeyirlərə güzgü olmasını təmənni edirik.  

 

Çox sağ olun. İrfan oxucuları ilə bizi görüşdürdüyünüzə görə də “Dəyər Tv”-nin bütün könüllü kollektivi adından İrfan jurnalının rəhbərliyinə təşəkkür edir və gələcək işlərinizdə sizə uğurlar  arzulayırıq.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz