Unudulmaz bir rəhmət xatirəsi
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“(Ey ümmətim!) Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir”. (ət-Tövbə, 128)
Bağışlayıcı və rəhmli olan Uca Allaha şükürlər və həmd-sənalar olsun. Rəhmət Peyğəmbəri Hz. Muhammədə salətu-salam olsun.
İman yolçuluğuna çıxmış Adəm övladlarının axirət qazancı ilahi rizaya təslimiyyət dərəcəsindən böyük asılılıq təşkil etməkdədir. Axirət yolçusuna: “Əgər sən din qardaşını sırf Allah rizası üçün sevirsənsə, Allah da səni o şəkildə sevir”, - şəklində azuqə olacaq məhəbbət təcəllisi, ilahi istəklərə sözsüz təslimiyyətlə əldə edilən bir bərəkətdir. Dünya və axirətə aid olan bəlaları dəf etməyə qadir olan təslimiyyət azuqəsi Peyğəmbərlərin qulluq sərmayəsinin baş tacı olmuşdur. Bu məqama Rəsulullah belə işarə etməkdədir:
"Allahım, mən Sənin qulunam. Sənin qulların olan ana və atanın bir övladıyam. Varlığım sənin qüdrət əlindədir. Mənim üzərimdə ancaq sənin hökmün keçər. Bilirəm ki, mənim haqqımda verdiyin hökm ədalətin tam əslidir... (Əhməd bin Hənbəl Müsnəd I, 391)
Ədalətin tam əsli olan ilahi təqdirə müdhiş təslimiyyət Hz. Muhamməd əleyhissalamı varlıq aləminin möhtəşəm bir rəhmət elçisinə çevirdi. Rəsulullahın vəfatından sonra da davam edən bu rəhmət elçiliyinin heyranedici nümunələrini sizlərlə bölüşmək istərdim:
Bursanın ən böyük alim və valilərindən olan Molla Fənari həzrətləri bir gün bir hədislə qarşılaşdı. Rəsulullah: “Elmi ilə əməl edən alimlərin cəsədləri öldükdən sonra da çürüməz”, - buyururdu. Hədisin doğruluq dərəcəsini yoxlamaq üçün: “Ustadım Ələddin Əsvəd elmi ilə əməl edən bir alim idi. Görəsən, onun cəsədi sağlamdırmı?” - deyərək qazma-kürəyi dalına yüklədi və qəbiristanlığa getdi. Ustadının qəbrini açanda gördü ki, kəfən çürüməmişdir, həm də bəmbəyaz durur. Marağı ağır basdığından kəfəni də açdı. Ustadının cəsədinin yeni dəfn olunmuş kimi təzə olduğunu gördü. Lakin kəfən tamamilə açıldığından bütün bədəni ortaya çıxmışdı. Bu əsnada dilə gələn Ələddin Əsvəd həzrətləri: “Gözün kor olsun, ay Molla! Hansı üzlə bədənimə baxaraq məni utandırırsan?” - deyə bağırdı. Molla Fənarinin həmin anda gözləri kor oldu. Min bir əziyyətlə məzarın üstünü örtən Fənari həzrətləri peşman və üzgün vəziyyətdə evinə qayıtdı. Könlündə açılmış peşmançılıq yarası ilə mənəviyyatı dağlanan Fənari həzrətləri nə edəcəyini düşünməyə başladı. Yeganə ümid yolu Allaha və Onun Rəsuluna yaxınlaşmaq və can ağrıdan dərdi bölüşmə imkanlarını səfərbər etməkdən keçirdi. Mövlanə həzrətləri neçə-neçə acı aqibət kimi görünən peşmançılıq anlarında gizlənən ilahi rəhmət həqiqətlərini necə də anlamlı biçimdə ifadə etməkdədir: “Ey könül! Qətiyyən ümidsizliyə düşmə. Ələ keçən şeyin dadı, duzu, dəyəri oraya varmaq üçün çəkilən əziyyətin dəyəri qədərdir. (Əməli ilə hədisin doğruluğunu yoxlamaq istəyən Fənari həzrətləri onu peşman edəcək bu halın meydana çıxmasını heç gözləmirdi) Çölün tozunu udmayan, dil-dodağını çöl günəşində çatlatmayan kəs zəmzəmin ləzzətini bilməz. O halda sən öncə yan ki, su səni sərinlətsin. Aclıq hissi çək ki, çörək dilində, damağında ləzzət hissi yaratsın. İstə ki, tapdığında gerçəyi, əsli tapmış olasan”. Fənari həzrətləri könül iztirabı ilə yanmaqda davam edirdi. Atəşin və iztirabın verdiyi əzabın şiddətinə baxmayaraq yaralı könül Mövlanə nəsihətlərində bir qurtuluş yolu axtarırdı: “Hər şey üstünə gəlib səni dözməyəcəyin bir nöqtəyə gətirdiyində qətiyyən vaz keçmə! Çünki orası gedişatın dəyişəcəyi yerdir”.
Əzabla qovrulan könül sanki ilahi qədərə tam təslimiyyət nöqtəsində vəziyyətdən çıxış üfüqlərini seyr etməkdə idi: “Sənin könlünün dərinliklərində (İlahi hökmün sənin üçün ədalətin tam əsli olduğu bir nöqtədə) sevgiliyə gedən bir yol vardır”.
Fənari həzrətləri o gecə röyasında Rəsulullahı gördü. Rəsulullah ona: “Mənim söylədiyim bir sözdə şübhəyəmi düşdün?” - buyurdu. Molla Fənari: “Əsla, Ya Rəsulallah, sadəcə hədisin səhih və ya zəif olduğunu araşdırırdım”, - dedi. Rəsulullah: “Taha surəsini təfsir et”, - buyurdu. Fənari həzrətləri: “Sizin mübarək hüzurunuzda buna gücüm yetməz. Həm də gözlərim kordur”, - dedi. Ümmətinin məşəqqətə düşməsi şəxsinə ağır gələn Rəsulullah mübarək cübbəsindən bir qədər pambıq çıxararaq ağız suyu ilə islatdı və Mola Fənarinin gözlərinə qoydu. Dərhal yuxudan oyanan Fənari həzrətləri pambıqların gözlərini örtdüyünü hiss etdi və gözlərini açanda görməyə başladı.
Bu şəkildə həm hədisi-şərifin, həm də Rəsulullahı tərif edən ilahi kəlamın ruhları və bədənləri diri tutan məna gözəlliklərini mənliyində yaşayaraq, ümməti ilahi həqiqətlərə sözsüz təslimiyyətə dəvət edən unudulmaz bir rəhmət xatirəsi ilə baş-başa buraxdı.
ŞƏRHLƏR