İFTİRANIN ÇİRKİNLİYİ

İFTİRANIN ÇİRKİNLİYİ

İftira – bir şəxsin etmədiyi bir qüsuru və ya cinayəti işləmiş kimi göstərmək, onu yalan və haqsız  yerə günahlandırmaqdır.

 İftira insaniyyətlə bir araya sığmayan çirkin bir xüsusiyyətdir; bir kimsənin şərəf və ləyaqəti ilə oynamaqdır. İftira ona məruz qalan şəxsi cəmiyyət arasında alçaltmaqla yanaşı, ümumiyyətlə, insanların haqsız yerə rüsvay olmasına və cəzalandırılmasına səbəb olduğu üçün ədaləti də zədələməkdədir. Bu baxımdan iftira  İslam dininə görə zülm və haqsızlığın ən böyuyü olaraq sayılmışdır.

Namuslu insanlara və xüsusilə də qadınlara iftira atmaq böyük bir günah sayılmış və qəti şəkildə qadağan edilmişdir. Başqalarını pisləmək surəti ilə heç bir fayda əldə edilə bilməz. Belə pis xasiyyətli kəslər başqa insanların gözündə də etibarsız vəziyyətə düşərlər. Əgər bir toplumda kiminsə haqqında iftira yayılarsa, onun doğru olub-olmadığı çətin aydın olar. Beləliklə də, namuslu və şərəfli insanlar haqqında başqalarının içində bir şübhə oyanar, etibarları zədələnər. Bu şübhənin izi asanlıqla silinməz. Buna görə də iftira insanın şərəf və ləyaqətinə birbaşa hücum sayılmışdır. İnsanların bu kimi hərəkətlərlə  şərəfini və qürurunu yaralayacaq hər növ davranışdan  çəkinmək, düzgünlükdən ayrılmamaq doğru yolda olmağın ən böyük nişanələrindəndir.

İslamda iftira mövzusu, üzərində olduqca çox durulan bir mövzudur. Çox sayda ayeyi-kərimə iftiranın xüsusiyyətindən və onun Allah nəzdində sevilməyən, hətta qınanan çirkin bir davranış olduğundan bəhs edir. İftiranın ən ağırı isə namus üzərinə atılan böhtandır. Bunu Hz. Aişə (r.anhə) ilə əlaqədar olaraq  “İfq” hadisəsində açıqca görürük. Hadisə xülasə olaraq belə cərəyan etmişdi: Hz. Peyğəmbər (s.ə.s)  səhabələri ilə səfərə çıxarkən, həyat yoldaşını da özü ilə aparardı.  Müstəliq oğulları döyüşünə Hz. Aişə də qatılmışdı. İstirahət yerində, dəvənin üzərindəki kəcavəsindən təbii  ehtiyacı üçün uzaqlaşan  Hz. Aişə (r.anhə) geri dönərkən boyunbağını itirdiyinin  fərqinə varmış, axtarmaq üçün yenidən karvandan ayrılmışdı. Bu əsnada ordu yola çıxmış, Hz. Aişə dəvənin üzərindəki kəcavənin içində zənn edildiyi üçün onu gözləməmişdilər. Dönüşdə unudulduğunu anlayan Hz. Aişə (r.anhə) orada gözləmiş, ordunun arxasınca hərəkət edərək gözətçilik edən Safvan b. Muattal (r.a) onu dəvəsinə mindirərək yolda orduya çatdırmışdı.

Münafiqlərin rəisi Abdullah b. Ubey və yoldaşları bunu fürsət bilərək Hz. Aişəyə zina iftirası (ifq) atdılar. Bir aydan çox bir müddətlə bu dedi-qodu Mədinədə insanların dillərində dolaşdı. Hz. Peyğəmbər (s.ə.s)  və Aişə anamızın yaxınları belə bir iftiranın yayılmasına çox kədərləndi. Daha sonra Hz. Aişə anamızın günahsız olduğu Nur surəsindəki bu ayələrlə bəyan edildi: “O uydurma xəbəri gətirib iftira (ifq) atanlar içinizdən bir qrupdur. Onu özünüz üçün bir şər sanmayın, əksinə, o, sizin üçün xeyirli oldu. İftira edənlərdən hər birinin qazandığı günaha görə cəzası vardır. Onlardan günahın ən böyüyünü öz üstünə götürənə də böyük bir əzab vardır. İftiranı eşitdiyiniz zaman, mömin kişilər və mömin qadınlar öz-özlərinə hüsnü-zəndə olub:  “Bu, açıq-aydın bir böhtandır”  deməliydilər.  Bir də ki, (o iftiraçılar) dörd şahid gətirmədilər, madam ki  şahid gətirmədilər, o halda onlar Allah nəzdində əsl yalançılardır. Əgər Allahın lütf və mərhəməti dünyada və axirətdə üzərinizdə olmasaydı, yaydığınız fitnə üzündən, sizə mütləq böyük bir əzab toxunardı. Siz o böhtanı dilinizə dolamışdınız. Əslində haqqında heç bir məlumata sahib olmadığınız şeyi dilinizlə söyləyir və onu (bu haqda artıq-əskik danışmağı) əhəmiyyətsiz bir şey zənn edirdiniz. Halbuki bu, (peyğəmbərin əhli-əyalı haqqında nalayiq sözlər danışmaq) Allah yanında böyük günahdır. O əsassız sözü eşitdiyiniz zaman: “Bunu danışmaq bizə yaraşmaz. Aman (Allah), bu, böyük bir böhtandır” deməliydiniz . Əgər imanınız varsa, bu kimi işlərə bir daha əbədiyyən geri dönməməyiniz üçün Allah sizə öyüd verir”. (Ən-Nur, 11-16).

Bu gün ən təhlükəli iftiraları belə yaymaq o qədər asanlaşmışdır ki, insanlar bunun vasitəsi ilə sevmədikləri və ya həsəd etdikləri şəxslərə bu yolla zərər verməyə çalışırlar. Sosial şəbəkələr, video görüntüləri montajlamaq və bəzi televiziya verilişləri buna misaldır. Digərinin namusuna dil uzatmaq Allah qorxusu daşıyan bir möminin cəsarət edə bilməyəcəyi qədər çirkin və ağır bir günahdır. Çünki müsəlmanın namusu, iffəti, şərəfi də onun malı kimi, digər insanlar üçün qadağan edilmiş və müqəddəs sayılmışdır.

 Qeyd edək ki, iftira edən şəxs, bununla heç vaxt məqsədinə çata bilməz və sonunda dünyəvi və üxrəvi baxımdan özü zərərli çıxar. Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “İftira edən şəxs özü  zərərə məruz qalar” . (Əhməd ibni Hənbəl, I, 91)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz