YOL(DAŞ)

YOL(DAŞ)

Adamın biri uzaq bir mənzilə getməli olur. Yolda bir şəhərdə gecələyəcək, sonra yoluna davam edəcək. Bu şəhərə bələd deyildi, amma nə yaxşı ki, bir neçə dostunun hazırda həmin şəhərdə olduğunu xəbər almışdı. Onların qaldığı ünvanı öyrənir və yola çıxır.

Gün boyu yol getdikdən sonra, nəhayət, həmin şəhərə çatır. Çatmağına çatır, amma işin tərs tərəfi, hava qaralıb, gecə düşüb. Yenə də, yaxşı ki, dostlarının qaldığı ünvanı öyrənib. Ünvan şəhərin bir az kənar səmtini göstərir, amma eybi yoxdur, gecəni keçirsin, səhər açılsın, yolçu yolunda gərək... Bir də ki, dostlarına qovuşduqdan sonra şəhərin nə kənarı, nə altı, nə üstü... nə fərqi var? “Niyə bu qədər arxayın olsun?” deməyin. “Dost” deyirəm; bir yerdə çörək kəsiblər, birlikdə çox əylənib, deyib-gülüblər. Onlara da arxayın olmasın, neyləsin?

Nəhayət, taksi gəlib göstərilən ünvana çatır. Buranın həmin yer olduğuna əmin olduqdan sonra qəhrəmanımız taksini yola salır ki, daha ona ehtiyacı olmayacaq. Gedib qapını döyür.

Gecənin yarısı olduğu üçün dostu yarıyuxulu halda qapıya çıxır. Onun gələcəyindən xəbəri var idi, amma baxışları, danışıqları qəhrəmanımıza qəribə gəldi. Gah xoş sözlərlə onun necə gəldiyini, işlərinin nə yerdə olduğunu soruşur, gah da müvəqqəti olaraq qaldığı bu yerin sahibinin buraya başqa birini almağına razı olmayacağını deyərək üzünü turşudurdu.

Qəhrəmanımız: “Eybi yoxdur, ev sahibinin qarşısına özüm çıxaram. Dostumun adından üzr istəyib, məcburi halda burada qaldığımı deyərəm. Daha ona söz gəlməsinə imkan vermərəm...” – deyə fikirləşirdi. Amma yox, nəsə danışıqlar get-gedə istiliyini, səmimiliyi itirir və soyuq, hissiyyatsız, daş kimi sərt kəlmələrə çevrilirdi. Təkcə qapıya çıxan deyil, digər dostları da məsələyə etinasız yanaşır, səslərini çıxarmırdılar. Ev sahibinin qarşısında öz etibarını itirmək istəməyən dostu onu geri çevirirdi; dostunun etibarını itirmək bahasına. Axı özü üçün bu şəhərdə mənfəətinə daha uyğun olan tərəf “ev sahibi”dir...

İndi düşünün, tanımadığı şəhərdə, tanımadığı qaranlıq küçələrdə, tanımadığı tinlərdə dayanmış olan yad kimsələrin ürküdücü baxışları altında əzilə-əzilə, əlindəki ağır zənbili ilə, sığınacaq axtarmaq üçün addımlayan o şəxsin yerində olmaq istəyərdinizmi? Ah, o sığınacaq... Dünəni sabaha bağlayacaq olan, müvəqqəti, lakin bu an üçün çox mühüm olan etibarlı bir sığınacaq. Və dost...

Həqiqətən baş vermiş hadisənin motivləri əsasında danışdığım bu həqiqət sanki bütün insanlığın taleyi kimi gəlib dayanır xəyallarımın mərkəzində. Axı biz də yol gedirik, insanlıq olaraq. Yol gedirik, “Bir ağacın altında kölgələnib yoluna davam edən yolçu” kimi. Bəs yaxşı, bu yolçuluq bizi hara aparır? Mənzilimiz haradır?

İnsan öləndə onu son mənzilə “yola salırlar”. Nə vaxt çatacağını kim bilir?

Bəs bu müəmma açılana qədər o, harada olacaq, necə yol gedəcək, harada gözləyəcək? Cavab açıqdır: torpağın altındakı sığınacağında. Torpağın öz içindəkiləri çölə fırladıb çıxaracağı günə qədər onun sinəsinə sığınıb müvəqqəti sığınacağında gözləyəcək: qəbirdə. Bəs darıxmayacaq?

Ya qorxu içində bir tinə qısılıb gözləyəcək, ya da ona qapı açacaq bir dostu olacaq. Mal-mülk, oğul-uşaq, dost-tanış, heç biri o sığınacağa enməyəcək; yalnız və yalnız öz əməlləri, dünyada gördüyü işlərinin mənəvi dəyəri onun yanında qalacaq.

Bura hələ “son mənzil” deyil ki!.. Qatar yola düşür; qaranlıq vaqonundakı sərnişini “son mənzili”nə çatdırmaq üçün...

Əvvəla bu vaqona daxil olan kimi gəlib sərnişini qarşılayırlar. Kimsən, nəçisən, bundan əvvəlki həyatında nə işlə məşğul olmusan deyə... Himayədarların varsa, tək deyilsən; onları da alırlar içəri. Peyğəmbərimizin bir hədisində buyurduğu kimi: “Ölən adam qəbrə qoyulduqda onu qəbrə qoyanlar geri qayıtmadan mələklər imtahana çəkərlər.  Əgər mömindirsə, namaz baş ucunda dayanar, zəkat sağ tərəfində, oruc sol tərəfində. Başqa nə qədər xeyir əməli varsa, onlar da ayaq tərəfində. Heç kimi ona yaxın buraxmamaq üçün ətrafını əhatəyə alarlar. Gələn iki mələk geridə dayanaraq sorğu-sual edər”.

İlk sorğu-sualı yaxşı keçənlər pəncərədən mənzillərini, gedəcəkləri Cənnəti seyr edərlər. Sorğu-sualı pis keçənlər isə gedəcəkləri qorxunc və məşəqqətli mənzilin seyri içində çətin bir səfərə başlayarlar.

Bitiş vaxtı qeyri-müəyyən olan səfər... Bu vaqon yalnızlıq və tənhalıq vaqonu deyil. Kim dünyada özünə yaxşı dost seçməyi bacarıbsa, orada da yanında olar; bacarmayanın isə halını siz düşünün. Yaxşı dost demişkən, hər birimiz vəfat etmiş olan yaxınlarımızın ruhuna xətm bağışlanan mərasimdə iştirak etmişik. Xətm duasında işlənən gözəl bir ifadə var: “və fil qabri munisə”. Yəni: “Ya Rəbb! Qəbirdə Quranı mərhum üçün canayaxın, ünsiyyətcil, vəfalı yoldaş eylə!..” Bundan daha yaxşı yol yoldaşı ola bilərmi?!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz