MÜSAHİBƏ- YALÇIN TOPÇU

MÜSAHİBƏ- YALÇIN TOPÇU

Yalçın Topçu kimdir?

1957-ci ildə Ərdəhanda dünyaya göz açan Yalçın Topçu Türkiyənin siyasi xadimi, Böyük Birlik Partiyasının sabiq sədridir.

 2015-ci ildə Mədəniyyət və Turizm naziri təyin olunmuş, 2016-cı ilin yanvar ayından Türkiyə Cümhuriyyəti prezidentinin baş məsləhətçisi kimi fəaliyyət göstərir.

İrfan: Yalçın bəy, əvvəla, xoş gəlmisiniz! Türk kinosu həftəsi münasibəti ilə Bakıdasınız. Elə ilk sualımızı belə verək: ümumiyyətlə, siyasi, iqtisadi, mədəni əlaqələr fonunda Azərbaycan-Türkiyə münasibətlərini necə dəyərləndirərdiniz?

Yalçın TOPÇU: Azərbaycan bizim əkiz qardaşımızdır. Mərhum Öndər Heydər Əliyev bu gerçəyi: “Bir millət, iki dövlət” deyə ifadə edərdi. Mən bu sözü belə açıqlayıram: Tanrı dağından enənlərin övladları hamısı bir millətdir; qazax, qırğız, türkmən, tatar… Bir ev düşünün ki, yeddi-səkkiz uşağı var və bunların içində bir də əkizlər var. Əkizlərin birinin başı ağrısa, digərinin də başı ağrıyar, biri üzülsə, digəri də üzülər. Bu bir millətin övladlarının içərisində mən Azərbaycan və Türkiyəni belə görürəm - əkiz qardaşlar kimi. Bakının barmağına batan tikan Ankaranın qəlbinə saplanan xəncər kimidir. Eyni şəkildə Ankaranın barmağına tikan batsa, Bakı bunu ürəyində hiss edər. Bu, dəyişməz gerçəkdir. Yaxın günlərdə Qafqaz İslam Ordusunun 100 illiyini qeyd edəcəyik. Nuru paşa və ordusu bura niyə gəlmişdi? Buradakıların ayağına tikan batdığı üçün, o acını ürəklərində hiss etdikləri üçün buralara gəldilər. Biz Anadoludan baxanda buraları “Ata yurdu” olaraq görürük. Mən əminəm ki, buradakılar da Anadolunu “Ana yurdu” olaraq görürlər. Biz eyni ruhun iki əkiz parçasıyıq. Bu gün ölkələrimizin başındakı iki rəhbər, iki “uzun adam” da eyni həssaslıqla bu münasibətləri davam etdirirlər. Türkiyənin iştirak etmədiyi bir beynəlxalq konfransda cənab prezident İlham Əliyevin: “Düz danışın!.. Burada Türkiyə yoxdur, amma mən varam…” deyə başlayan nitqi bunun əyani misallarından biridir. Eyni şəkildə bizim prezidentimiz də bir beynəlxalq konfransda Ermənistanla əlaqəli sual veriləndə: “Nə zaman Qarabağdakı bu haqsız və xain işğala son verilsə, o zaman Ermənistanla görüşmələr başlaya bilər” deyə cavab vermişdi.

- Xüsusilə son illərdə ölkələrimizin dünyada gedən proseslərdə ciddi rol aldığı müşahidə olunur. Sadəcə Azərbaycan-Türkiyə arasında deyil, tutaq ki, Arakandakı məzlumlarla, Afrikadakı yoxsullarla ciddi yaxınlıqlar qurulur. Misalları kifayət qədər artırmaq olar. Prosesləri dəyərləndirəcək olsaq, Türk-İslam faktoru ilə qarşılaşırıq. Bu barədə nə deyə bilərsiniz?

- Hər insanın bir xəyalı olur. Mənim xəyalım Adriatikdən Çin səddinə kimi olan qardaşlarımızı birlik və bərabərlik içində görməkdir. Bizim sayımız bir milyard yeddi yüz milyondur. Sadəcə Tanrı dağından enənlərin övladları deyil, Hiranın övladları, Mesopotamiyanın övladları, Aliyanın övladları, Afrikadakılar, hamısı bizimlə eyni mədəniyyəti paylaşan böyük bir bütünün parçalarıdır. Tək problemimiz eyni fikir ətrafında cəm olmaq, bir və bərabər hərəkət edə bilməkdir. Bu, bizi yaradanın əmridir, əslində. Qurani-Kərimdə: “İnnəməl-muminunə ixvətun – İnananlar ancaq qardaşdırlar”, - buyurulur.

Türk dünyası deyəndə ilk əvvəl ağlıma gələn budur. Əvvəla, evin içini yığışdırmaq lazımdır. Atalarımız da belə ediblər. Alparslan Anadoluya gələndə əvvəla öz evinin içini toplayaraq gəlib. Yanında qazax, qırğız, türkmən, qumuq, tatar qardaşları olduğu halda gəlib və Mesopotamiyanın övladları ilə birləşib. Fateh yanında əslən ərəb olduğu deyilən Molla Gürani ilə birlikdə Konstantinopolu fəth etdi, bir dövrü bitirib yeni bir dövr başlatdı. Orta Şərq deyəndə Nurəddin Mahmud Zəngi (1118-1174) yada düşür. O da ortaq atamızdır. Orta Şərqdə Səlcuqlu xaqanı idi. Onun üç böyük xəyalı var idi: 1. İttihadi İslam – bütün müsəlmanları bir bayraq altında cəm etmək. 2. Xaçlıların işğalındakı Qüdsü azad etmək. 3. Konstantinopolu (İstanbulu) peyğəmbərimizin hədisi-şərifi istiqamətində hərəkət edərək fəth etmək. O, bu xəyallarının yalnız birini gerçəkləşdirə bildi. Bir dövlət qurdu və o bölgədəki müsəlmanları kürd, ərəb, türk və s. demədən bir yerə cəm etdi. Ömrü digər hədəfləri üçün yetmədi, ruhunu təslim etdi. Onun bir kürd sərkərdəsi vardı: Səlahəddin Əyyubi. Hər bir türkün, bütün Şərqin Ulu Sultan deyə yad etdiyi Səlahəddin. O da ikinci xəyalı, Qüdsün azad edilməsini gerçəkləşdirdi. Səlahəddin Qüdsə girəndə yanında türkmən bəyləri də vardı, ərəb bəyləri də. Xanımı da türkmən idi. Ogünkü xristian papazları qarşısına çıxıb dedilər: Səlahəddin, biz sizi qətl etmişdik, öldürmüşdük; indi sən bizə nə edəcəksən? O böyük sərkərdənin cavabı bu oldu: “Mən Səlahəddinəm, müsəlmanam”.  Bizim tariximizdə soyqırım yoxdur. Bizim tariximizdə başqa bir millətə din və ya dil diktə etmək yoxdur. Bizim tariximizdə qadınlara təcavüz etmək, ətrafı yandırıb-yaxmaq, məhv etmək yoxdur; aman diləyənə qılınc qaldırmaq yoxdur. İmanın olmadığı cəmiyyətin vəhşiliyini görmək üçün axısqalılara rəva bilinənlərə baxmaq kifayətdir. Mənim babalarım axısqalıdır, Osmanlı-Rus müharibəsində zülmdən qaçaraq Anadoluya köçmüşdülər. İkinci dünya müharibəsində isə kişilərini cəbhəyə göndərib arxada qoyduqları qadın və uşaqlarını amansız bir şəkildə sürgün edib vətənsiz qoydular. Halbuki mərhəmət mədəniyyətinin övladlarının hakim olduğu dünyada müharibənin də bir hüququ, bir əxlaqı var.

- Oxucularımıza, xüsusilə də gənclərimizə tövsiyəniz nədir?

- Hər gəncimiz özəldir. Çünki onlar mərhəmət mədəniyyətinin övladları  və mərhəmət mədəniyyətinin təmsilçiləridir. Qarşılarındakı ilk vəzifə elmə yiyələnməkdir. Onların vəzifəsi: əvvəla ailəsinə faydalı olmaq, sonra qonşularına, öz ətrafına, rayonuna faydalı olmaq, sonra Bakıya, üçrəngli bayrağına faydalı olmaq, sonra da dönüb uzaqdakı qardaşlarına baxmaqdır; bütün dünyaya səpələnmiş qardaşlarına. Hara qədər? Türkmənistandan Balkanlara qədər, Afrikanın ortasında yerləşən Çadda adı Hüseyin olan qardaşına qədər… Qibləsi, Peyğəmbəri, kitabı bir olan, dini bir olan insanları qardaş kimi görmək, bir olmaq, diri olmaq ən böyük hədəfləri olmalıdır. Dünyanın mərhəmət mədəniyyətinin övladlarına ehtiyacı var.

- Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Sizi Azərbaycanda görməkdən sevinc duyuruq.

- Mən də sizə təşəkkür edirəm. Qardaş ölkələrin hər birinə xoş günlər arzulayıram.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz