İSLAM ALİMLƏRİNİN NƏZƏRİNDƏ SÜNNƏ
Hz. Peyğəmbərin (s.ə.s) dini tətbiqatları olan sünnənin İslam dinində Qurani-Kərimdən sonra ikinci əsas mənbə olduğu bütün İslam alimləri tərəfindən yekdilliklə qəbul edilmişdir. Hərçənd sünnənin dəyəri ilə əlaqəli ictimaiyyətdə mənfi fikirlər formalaşdırmaq üçün məkrli oyunlar oynansa da, sünnənin önəmi barəsindəki müsbət düşüncə və çalışmalar qiyamətə qədər davam edəcəkdir.
Çünki Quranın varlığı eyni zamanda sünnənin də varlığı deməkdir.
Həyatlarını Qurani-Kərim əsasında tənzimləyən bütün alimlər Qurana gedən yolun sünnədən/hədisdən keçdiyini bilirlər. Məhz buna görə də, həyatlarını sünnənin tövsiyələri çərçivəsində formalaşdırmışlar. Onların sünnə barəsindəki bahabiçilməz fikirləri hər bir müsəlman üçün aydınladıcı mahiyyət kəsb edir. Bir neçə əsər meydana gətirəcək qədər geniş və mənalı bu ifadələrdən bir neçəsini qeyd etmək istərdik:
Rəsulullaha (s.ə.s) sədaqəti ilə məşhur olan və bu sədaqətinə görə də “Siddiq” ləqəbi alan Hz. Əbu Bəkr (r.a) Hz. Peyğəmbərin (s.ə.s) sünnələrinə tabe olma barəsində belə demişdir: “Mən Rəsulullahın (s.ə.s) etdiklərinin heç birini tərk etməmişəm. Hamısını yerinə yetirmişəm. Əgər onun sünnələrini tərk etsəm, haqq və hidayət yolundan azacağımdan qorxuram”. (Müslim)
Hz. Peyğəmbərin (s.ə.s) kürəkəni və elm dəryası Hz. Əli (r.a) sünnə barəsində bu fikirləri səsləndirmişdir: “Agah olun! Mən Peyğəmbər deyiləm. Mənə vəhy də gəlmir. Ancaq mən gücüm nisbətində Allahın kitabı və Rəsulunun (s.ə.s) sünnəsi ilə əməl edirəm”. (Əhməd ibn Hənbəl) Şübhəsiz ki, Hz. Əli sorğu-sualsız Onun (s.ə.s) sünnəsinə tabe olurdu. Onun bu ifadələri necə də ibrətlidir: “Rəsulullahın (s.ə.s) ayağa qalxdığını gördük, biz də ayağa qalxdıq. Onun oturduğunu gördük, biz də oturduq”. Yəni o, qeyd-şərtsiz Hz. Peyğəmbərin hərəkətlərini təkrarlamış və tövsiyələrini özünə həyat rəhbəri tutmuşdur.
Hz. Peyğəmbərin (s.ə.s) sünnələrinə qeyd-şərtsiz tabe olan səhabələrdən biri də Hz. Ömərin oğlu Abdullahdır. Onun sünnəyə olan bağlılıq və məhəbbəti hər bir müsəlmana nümunədir. Uşaqlıq illərindən etibarən Rəsulullahı (s.ə.s) addım-addım izləmiş, hikmətini bilsə də, bilməsə də, Onun (s.ə.s) etdiyi hər bir hərəkəti təkrarlamağa çalışmışdır. Sünnəyə tabe olma ilə əlaqəli İbn Ömər (r.a.) belə demişdir: “Ümmət sünnəyə sarıldığı müddətcə doğru yoldan azmaz”. “Biz heç nə bilmirdik, Uca Allah bizə Hz. Muhammədi göndərdi. Biz Rəsulullahın nə etdiyini görsək, onu təkrarlayardıq”. (İbn Macə)
Sünnəyə olan bağlılıq sadəcə səhabə dövrünə məxsus deyil. Sözügedən anlayış sonrakı dövrlərdə də davam etmiş, hal-hazırda davam edir və şübhəsiz ki, qiyamətə qədər də davam edəcəkdir.
Məşhur İslam mütəfəkkiri və alimi Süfyan əs-Sövri: “Din ancaq hədislərlə ayaqda durar”, - demişdir.
Rəvayət edildiyinə görə, bir gün bir nəfər İmam Şafeinin yanına gəlir və ondan bir məsələ barəsində sual soruşur. İmam da ona: “Hz. Peyğəmbərdən rəvayət edildiyinə görə, bu məsələ belədir”, – deyə cavab verir. Adam: “Ey Əba Abdilləh! Sən də belə deyirsən?” – dedikdə imamın rəngi saralır, halı dəyişir və adama belə bir tarixi cavab verir: “Ey yazıq! Rəsulullahdan (s.ə.s) bir hədis rəvayət edib həm də ona görə hökm verməsəm, hansı yer məni üzərində daşıyar, hansı səma məni kölgələndirər? Bəli, ondan gələnlər başım üstə. Bəli, onun əmri başım üstə”.
Böyük alim və Haqq dostlarından Zünnun əl-Misri belə demişdir: “Allahı sevməyin əlamətlərindən biri də Allahın Həbibinə (s.ə.s); əxlaq, feil, əmr və sünnələrinə tabe olmaqdır”. Həmçinin Əyyub əş-Şaxtiyani belə demişdir: “Əgər bir adam sünnədən danışar, bir nəfər də ona “Sünnəni kənara qoy, bizə Qurandan danış” deyərsə, bilin ki, belə deyən adam haqq yoldan uzaqdır”
Yuxarıda qeyd olunan məlumatlardan da görünür ki, Hz. Peyğəmbərə (s.ə.s) itaət etmək, yəni onun sünnələrinə tabe olmaq kamil müsəlman olmanın şərtidir. Həm səhabə kəlamlarında, həm də İslam alimlərinin görüşlərində bunu görmək mümkündür. Əlbəttə ki, yuxarıda sadalanan fikir və görüşlər bunun sadəcə bir qismidir. Həyatlarını sünnə əsasında təsis edən görkəmli İslam alimlərinin həyatlarına nəzər yetirsək, “sünnə mərkəzli həyat”ın necə olduğunu asanlıqla görə bilərik.
Qurana görə İslam dinini yaşamaq istəyən kəs sünnə və hədislərə müraciət etmədən bunu edə bilməz. Tarix boyunca bunun əksini etməyə həvəslənənlər olmuş və əlbəttə ki, onların həm fikirləri, həm də özləri tarix səhnəsindən silinib getmişdir. Unutmamaq lazımdır ki, haqq və doğru yolda olanları həmişə xoşbəxt sonluq gözləyir.
ŞƏRHLƏR