KAMİLLİK YOLUNDA təfəkküri-mövt
Haqq-Təala qullarını Darus-salama, yəni salamatçılıq və səadət yurdu olan cənnətə dəvət edir. Təbii ki, hər dəvətin bir qəbul şərti və hər nemətin bir qarşılığı vardır. Cənnətə ancaq tərtəmiz, saf, pak və lətif bir qəlb ilə girmək mümkündür. Könül saflığı cənnətə giriş vəsiqəsidir.
Əbul Həsən Xaraqani həzrətləri buyurur:
“Allah-Təala sizi dünyaya təmiz göndərdi; Siz də Onun hüzuruna kirli olaraq getməyin”.
İnsan doğulduğu zaman məsum və günahsız olduğu üçün qəlblərə hüzur bəxş edər. Eyni ilə Allah-Təala bizim dünyaya gəldiyimiz kimi, günahlarla kirlənmədən, saf və təmiz qalmağımızı istəyir. Yaşadığımız imtahan dünyasında bir insanı-kamil modelini yaşadaraq əbədi həyata köçməyimizi istəyir. Kamil insan hər an və zamanda Allahı xatırlayan və ölümü unutmayan insandır.
Ayeyi-kərimədə buyurulduğu kimi: “Hər canlı ölümü dadacaqdır...” (əl-Ənbiya, 35) şəklindəki ilahi hökmə boyun əyərək bir gün ölüm keçidindən keçəcəyik. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur:
“Bütün ləzzətləri bıçaq kimi kəsən ölümü çox xatırlayın!” (Tirmizi, Zöhd, 4)
Ölümü ağlından çıxarmayıb layiqilə təfəkkür edən kimsə dünyada, qonaq kimi olduğu yerdə oyuncaqlara aldanmaz, onlarla vaxtını boşa xərcləməz.
Uşaqlar dəniz kənarında oynayarkən qumdan evlər düzəldərlər; onunla bir müddət oynayar, ürəkləri sıxılan kimi, düzəltmək üçün saatlarını xərclədikləri o oyuncaq evi bir vuruşda yerlə bir edərlər. Ölüm də eynən belədir. Gələcək günlərə dair bir çox xəyallar quran, neçə-neçə planları olan insan oğlu ölümü xatırladığı zaman könül üfüqünü acı bir hüzn qaplayar. Zehinlərindəki planları həyata keçirmək üzrə olan kimsələr “ya bu gün, ya sabah” deyə çırpınıb durarkən, ölüm hər şeyi bir anda yıxıb dağıdar. Çəkilən əmək və zəhmətlər uşaqların qumdan evləri kimi yox olub gedər. Hal belə ikən nəfsaniyyətə uyaraq, ömrü ölüm həqiqətini unudaraq yaşamaq böyük bir qəflət mənzərəsidir.
Ölüm insanın kiçik qiyamətidir. Qiyamətimizdən əvvəl oyanmaq lazımdır ki, hüznə düçar olanlardan olmayaq. Çünki hər fani məchul olan bir zaman və məkanda Əzrayıl (ə.s) ilə qarşılaşacaqdır. Ölümdən qaçacaq heç bir məkan yoxdur. O halda insan vaxt itirmədən “Allaha tərəf qaçın...” (əz-Zəriyat, 50) xitabından nəsib alaraq, ilahi rəhməti yeganə sığınacaq olaraq qəbul etməlidir.
Hz.Mövlana buyurur:
“Dirilmək üçün ölün!..”
Hz.Əli (r.a) da belə buyurmuşdur:
“İnsanlar yuxudadırlar, ölümlə oyanacaqlar.”
Abdullah bin Ömər (r.a) rəvayət edir:
“Hz. Peyğəmbər (s.a.s.) məni saxladı və: “Dünyada eynən bir qərib və yolçu kimi davran! Özünü ölülərdən və qəbir əhlindən say”, - buyurdu.”
Tabeun böyüklərindən olan Mücahid bin Cəbr (r.a) deyir ki, Abdullah bin Ömər (r.a) hədisi-şərifi nəql etdikdən sonra mənə bu nəsihəti verdi:
“Ey Mücahid! Səhər olduğu zaman nəfsinə axşamdan bəhs etmə! Axşam olduğu zaman da nəfsinə səhərdən bəhs etmə! Xəstəlikdən əvvəl səhhətindən, ölmədən əvvəl də həyatından istifadə etməyə çalış! Çünki ey Allahın qulu, sən sabah nə halda (ölü ya da diri) olacağını bilmirsən! (Tirmizi, Zöhd, 25)
Dolayısı ilə, ən bədbəxt ölüm Haqdan qafil olmaq, Onun rizasını itirməkdir. Onun üçün bir mömin necə yaşayıb necə öləcəyini yaxşı idrak etməli və imandan ehsana çatmağın təhsilini almalıdır. Peyğəmbərlərin xaricində heç kimin nə hal üzrə öləcəyi və necə diriləcəyi xüsusunda bir təminatı yoxdur. Hal belə ikən, Yusuf (ə.s)-ın Allah-Təalaya:
“Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" (Yusuf, 101) - deyə dua etməsi bizlər üçün çox böyük bir məna daşımaqdadır.
Ənəs bin Malik həzrətləri buyurur ki:
“Yer hər gün bu on nəsihət ilə insana səslənər:
Ey Adəm oğlu!
Üzərimdə gəzib durursan; halbuki dönüşün mənədir.
Üzərimdə fərqli günahlar işləyirsən; halbuki içimdə əzab çəkəcəksən.
Üzərimdə gülüb əylənirsən; halbuki içimdə ağlayacaqsan.
Üzərimdə sevinirsən; halbuki içimdə üzüləcəksən.
Üzərimdə mal toplayıb durursan; halbuki içimdə peşman olacaqsan.
Üzərimdə haram yeyirsən; halbuki içimdə qurdlar səni yeyəcək.
Üzərimdə kibirlənirsən; halbuki içimdə önəmsiz olacaqsan.
Üzərimdə sevinc ilə gəzirsən; halbuki içimdə hüznə boğulacaqsan.
Üzərimdə aydınlıqda gəzirsən; halbuki içimdə qaranlıqda qalacaqsan.
Üzərimdə cəmiyyət içində gəzirsən; halbuki içimə tək gələcəksən.”
Rəbbimiz hər birimizi ölmədən əvvəl nəfsini hesaba çəkərək öldürən və həqiqi səadətə qovuşanlar cərgəsinə daxil etsin. Allaha məhəbbət və itaəti kamil mənası ilə dərk etməyi nəsib etsin.
ŞƏRHLƏR