Başlanğıc və bitişin kəsişdiyi nöqtə...
Həyata göz açdığımız, Allahın sonsuz nemətlərini var gücümüzlə tükətdiyimiz dünya həyatının, əlbəttə, sonu vardır. Bir çox halda, təəssüf ki, dünyaya gəliş məqsədi ya həqiqətən unudulur və ya unudulmuş kimi göstərilməyə çalışılır.
Hər iki halın özünə görə məsuliyyəti vardır, şübhəsiz. Ancaq unutmamaq lazımdır ki, hər halda bunun əza və cəfasını çəkən yenə insanın özü olacaqdır. Hər kəs etdiyinin və edəcəyinin məsuliyyətini daşıyacaq.
Ölümü necə idrak etməliyik?
Ölüm bir həqiqətdir, ancaq biz insanlar sanki başımıza gəlməyəcəkmiş kimi özümüzü nəfsimizin arzu etdiyi bir rejimdə yaşatmağa çalışırıq. Bütün acı həqiqətlərdən qaçdığımız kimi, bu həqiqəti də qəbul edib həzm etmək istəmirik. Bir çox məsələdə olduğu kimi, burada da əsas düşmən mövqeyində “unutmaq” (!) özünü göstərmiş olacaq. Ölüm qorxunc bir hadisə kimi təsəvvür edilsə də, daha da qorxuncu onu heç yad etməmək, xatırlayıb əməllərimizi ona görə nizamlamamaqdır.
Məşğuliyyətlərimiz çoxdur bu dünyada, əlbəttə. Dünyada insanı ən çox malı və övladları məşğul edər. Doymaq bilməyən nəfs az olana qane olmaz, daha çox istəyər, çox istəməklə qalmayıb sanki o zənginliyin içərisində qərq olmağı arzulayar. Şübhə yoxdur ki, mal qazanmaq, övlad sahibi olmaq xoş qarşılanmayan bir şey deyil. Tam əksinə, zəngin olmağı, ailə qurub övlad sahibi olmağı dinimiz əmr edər və bu yöndə Hz. Peyğəmbərimizin (s.ə.s) çox sayda tövsiyələri mövcuddur. Ancaq bu mövzuda dinimizin xoş qarşılamadığı məqam ölçünü düzgün saxlaya bilməmək, çox qazanma həvəsi və arzusu ilə, övladlarına daha rahat gələcək hazırlamaq məqsədi ilə dinin əmr və nəhylərini gözardı edərək həyat tərzini axirətini itirməyə səbəb olacaq şəkildə qurmaqdır. Təhlükəli və qorxulu olan məhz budur. Bu vəziyyətə düşənlər dünya həyatını boşuna keçirərək məhz zərərə məruz qalanlardır.
Müxtəlif zəif cəhətləri səbəbilə vəzifə və məsuliyyətlərini unudan insanın, ölüm gəlib çatanda ağlı başına gələr. Yeni bir həyatın başlanğıcına gəldiyini hiss edər. Yerinə yetirmədiyi işlərini və öhdəliklərini xatırlayar. Səhlənkarlıq göstərdiyi üçün itirəcəyi sonsuz bir həyatı və saysız-hesabsız nemətləri düşünərək peşmanlıq duymağa başlayar. Yenidən həyata dönməyi, işlədiyi xətaları, unutduğu və ya bildiyi halda əməl etmədiyi işləri üçün təkrar bir fürsət əldə etməyi arzu edər. Ancaq artıq iş işdən keçmişdir. İlahi qanuna görə bu şans və fürsət heç bir kəsə tanınmamış və tanınmayacaqdır. Həqiqətin bu məcrada olduğu bilindiyi halda heç bir zövq, həzz və mənfəət Allahı və onun razılığını qazandıracaq dini və bəşəri vəzifələri unutdurmamalıdır.
Uca Allahın Hz. Peyğəmbərimizə (s.ə.s) xitabən: “Bil ki, sən də öləcəksən, onlar da öləcəklər” (əz-Zümər, 30) şəklində xəbərdarlıq etməsi ölüm həqiqətinin zərrə qədər şübhə qəbul etmədiyini ifadə edir. İki cahan günəşi Peyğəmbərimizə belə bu cür diqqət çəkici bir üslubla xatırladılması düşünən bir insan üçün yetərli bir nüansdır, zənnimizcə. Bu həqiqətin bilinməsinə, dəfələrlə fərqli üslub və şəkillərlə vurğulanmasına baxmayaraq, insan övladının unutma həvəskarı olması məsələni daha da vahiməli bir vəziyyətə gətirib çıxarır. “Hər hansı birinizə ölüm gəlib çatdığı zaman: Ey Rəbbim! Nə olar, ölümümü bir az gecikdir, sədəqə verib yaxşılıq edənlərdən olum, - demədən əvvəl sizə verdiyimiz ruzi və nemətlərdən xərcləyin! Allah əcəli çatan heç bir kəsi geri buraxmaz. Allah bütün etdiklərinizdən xəbərdardır”. (əl-Munafiqun, 10-11)
Bu gün insanların beyinlərində daşıdıqları sıxıntı və əndişələrə baxaq; Hardasa tamamı və ya tamamına yaxını dünyəvi xarakterli düşüncə və planlardır. İzdihamlı bir şəhərin ən sıx nöqtəsində dayanın və oradan keçən minlərlə insandan hər birinə “hal-hazırda nə düşündüyünü” soruşun! Heç bir insan: “elə indicə ölə biləcəyimi və yaşadığım həyatın hesabını verəcəyimi düşünürdüm”, - deyə cavab verməz. Olsa da, bu, çox nadir bir hal olar. Hər an maksimum ölüm riski daşıdığımız halda necə də başımıza gəlməyəcəkmiş kimi izdihama qarışıb həyatımıza davam edirik.
Nə üçün dünyaya gəldiyimizi bilsək, nə üçün öləcəyimizi daha doğru dərk edərik.
ŞƏRHLƏR