BAŞLANĞIC NÖQTƏSİ
Hər anın, eləcə də insan ömrünün də bir sonu var. Nə deyilsə, nə yazılsa heç bir fani sözü hər canlının dadacağı ölümü tam əhatə edə bilməz. Bəlkə ona görə ki, ölüm yaşanılaraq öyrənilən və ölənin özü ilə qəbrə aparacağı təcrübədir.
Nə qədər köhnə olsa da, həmişə təzədir ölüm. Münfərid olaraq gerçəkləşən ölümün bir çeşidi var: ruh bədəni tərk edir və ölürük! Gəlirəm demədən, mərhələli deyil, birdən gəlir. Nə qədər gec gəlsə də, həmişə erkən olur ölüm. Soyuq, daş kimi lal ölüm nə çox söz söyləyir. Danışıqlarımızda nə tez ölür ölüm, ancaq nə qədər diridir o, səssizlikdə...
Özümüzə yaraşdırmadığımız üçün uzaq və yaddır, lakin bir o qədər də yaxın və tanışdır. Özümüzdən uzaq məsafədə düşünürük ölümü, xəyallarımıza buraxmırıq, həqiqətlərimizə yaxınlaşdırmırıq. Təxəyyülümüzdə hər dəfə onunla aramıza qoruyucu zamanlar qoyuruq, guya vədəmizi uzadırıq. Biri öləndə də tez ondan uzaqlığımızı hesablayırıq. Məsələn, düşünürük ki, hələ cavanıq. “Filankəs kimi sürətli idarə etmirik avtomobili və yaxud dünən müayinə olunmuşam, heç bir xəstəliyim yoxdu” və sairə və ilaxir - deyirik öz-özümüzə. Beləcə, guya ölümü özümüzdən uzaqlaşdırırıq. Həqiqətdə uzaqlaşırmı ölüm bizdən? Əlbəttə, yox.
Hikmət sahibləri deyir ki, vədə gəlib yetişdiyində yaşadığımız illərin çoxluğu bizə fərahlıq verməzmiş: fərqi yoxdu min il, yoxsa bir il yaşayaq, insanda həyata dair bir doyum hissi olmur. Bir göz qırpımında insan bütün yaşananları geridə qoyub, ölümün həqiqi toxunuşunu yaşayırmış (dadırmış).
Çox uzaq bir gələcəyə göndərdiyimiz ölüm bugünkü ölüm kimi gözlənilməz olur. Çünki gələcəkdə yaşamağı ümid etdiyiniz həyatdan doymaq hissi heç vaxt gəlib çıxmır. “Artıq rahat bir şəkildə canımı tapşıra bilərəm” deyə bilmirik. Çünki ölüm bu dünyanın bütün həzlərini və zövqlərini iti bıçaq kimi kəsir. Bizi sevdiklərimizdən dartıb qoparır. Ona: ‘’Dayan, gözlə! Həyatım yarımçıq qaldı, bir az da yaşayım’’, yaxud “Görəcəyim hələ çox işim var, möhlət ver, onları edim...” deyə bilmirik.
Nə vaxt gəlirsə gəlsin, ölüm hər şeyi yarımçıq qoyur; natamam qarşılayırıq onu. Ya da o bizi hazırlıqsız haqlayır. Son nəfəs bir sonrakını arzulayır, son baxış bir sonrakını axtarır. Son söz də olsa, əbədi sükuta razı olmur. Bəli, daşıdığı nəfs imkan vermir ki, insan sona razı olsun. Qəlbində daşıdığı aynaya dünya dar gəlir. Gördüyü gözəlliklərdən doymadan gedir. Sözü kəsilməsin istəyir, dodağı torpağa dəyməsin arzulayır. Üzü həmişə isti günəşə baxsın istəyir…
Bu nə məntiqsiz dilemmadır, nə ağır bir təzaddır ki, bütün canlılar içərisində ən çox insan fərqindədir ölümün və ən çox da insan onu inkar etməyə cəhd edir. Ən çox insan qəbul edir ölümü və ölümlü olmağı. Yenə də ən çox insan unudur onu. Ən çox insan aşinadır ölümə və ən çox insan ona hazırlıqsız yaxalanır.
Bəlkə də, bu dilemmanı həll edəcək kəlmə “yolçuluq”dur. Axı aqillər də bu dünya həyatını; uzun bir səfərə çıxan insanın yolda istirahət edib, nəfəsini dərməsi və azuqəsini hazırlayaraq yoluna davam etməsi kimi təsvir edir. Gəldiyi kimi gedir insan bu fani dünyadan, nə pul, nə var-dövlət, nə də ki, başqa maddi material apara bilir. Yalnız üç arşın bez, vəssəlam!
Çox eşitdiyimiz bir fikir var: “Ölüm son deyil, yeni başlanğıcdır. Necə ki, ana bətnindən bu dünyaya doğuluruq, eləcə ölümlə axirət dünyasına doğuluruq.” Buna baxmayaraq ölüm sözünü eşidincə dünya qaçır ayağımızın altından, onu uzaq etdikcə ayaqlarımız dünya torpağında dərinləşir. İnsan doğulduğu gündən ölümə doğru bir yol gedir, yəni ölüm yolçusudur. İnsan yolçuluğa razı olunca ölümə dair təzadlar çözülür, insan dünyada qalmaq üçün deyil, dünyadan getmək üçün doğulur bu dünyaya. Deməli, əliboş getməməlidir bu müvəqqəti məkandan. Yaradanını məmnun edəcək, ondan razı olacağı əməllər aparmalıdır.
Ölüm təqdiri-ilahidir, qəzavü-qədərdir. Müsəlman ölümün Allahdan olduğuna və sonrasında axirət həyatının varlığına iman etmiş kimsədir. O, ölümdən sonra bərzəx aləmində qiyamət qopana qədər qonaq olacağını, savablarına, saleh əməllərinə görə qəbrinin cənnət bağçası olacağını, eləcə də günahlarına və pis əməllərinə görə qəbrinin cəhənnəm cuxurlarından bir cuxur olacağını bilir.
Hər canlını haqlayacaq ölüm var və qorxunun da əcələ faydası yoxdu. Ölümlə yeni bir həyatın başladığına inananlar ölməkdən qorxmaz. İlahi nurun işığından tutanları ölümə hazırlanmamaq qorxudar. Ölümə hazırlanmaq: əvvəla Yaradanın bəxş etdiyi ömrü faydalı və axirət üçün bərəkətli, yəni Quranın və Peyğəmbərin buyruqlarına əməl edib, sözün əsl mənasında müsəlman kimi yaşamaqdır. İkincisi, insanın özünə doğru yolçuluq etməsidir. İnsan vicdan aynasında özünə baxmalı, nöqsanlarını düzəltməli, gözəl görünməyə çalışmalı, yəni yaşayarkən ölməlidir ki, ölümü də gözəl olsun. Ölmədən ölmək: ölümü sıx-sıx anmaq, onun soyuqluğunu, acizliyimizi yaşayarkən tam dərk etməkdir. Təvazödə torpaq kimi olmaq, təfəkküri-mövtün insan nəfsini tərbiyə etməsi, cilalaması, onu pis xislətlərdən azad etməsidir. Allahın əmr etdiyi kimi yaşayanlar üçün ölüm hər şeyin bitdiyi nöqtə deyil, əksinə, bir bayram, qovuşma günüdür.
ŞƏRHLƏR