MƏMMƏD DAYI

MƏMMƏD DAYI

Anadoluda ölüm hallarını xəbər vermək üçün “səla” oxumaq adəti var. Ölüm xəbərlərini eşitdirmək üçün göstərilən diqqət, görəsən, niyə yaxşı xəbərləri yaymaq üçün göstərilmir? Yaxşı xəbər öküz arabası sürəti ilə, qara xəbər isə işıq sürəti ilə yayılır.

Dağın zirvəsinə çıxdıqca qar, buz və soyuğun artması kimi, yaş ötdükcə eşidilən qəza, ölüm və xəstəlik xəbərləri də artmağa başlayır. Görəsən, belə xəbərlər həmişə var idi, yoxsa biz eşitmirdik?

Azərbaycandan Məmməd dayının vəfat xəbəri gələndə dünya bir anlığa dayandı; küləklər susdu; yağış damcısı belə havada donub asılı qaldı; dönən çarxlar bir anlıq ayaq saxladı… Bir yarpaq deyil, bir çinar torpağa düşdü. Sən də getdin, Məmməd dayı; dayanmadın buralarda… Dayanmayıb getmək gözəldir; Rəhmandan gələn hər şey gözəldir. Bu dünyada əbədi olsaydıq, çəkişməsiylə, vuruşmasıyla, bütün dərdləri ilə bu dünya çəkilərdimi? Nə yaxşı ki, ölüm var.

Ölən kimsə üçün “qurtuldu” deyildiyini çox eşitmişəm. Nədən qurtuldu? Bu sual üzərində düşünmək lazımdır. İnancımıza görə, dünya möminin zindanı, kafirin də cənnəti deyilmi?

Məmməd dayı bizə dünyanın, altında bir yolçunun dincəldiyi, müvəqqəti bir kölgəlik olduğunu bir daha xatırlatdın. İlk anda ağlıma sənin “Adəm xoca” deyərək yeyin-yeyin danışmağın gəldi. Bir də ağdaşlılara xas olmayan bədən quruluşun. Ağdaş Türkiyənin Adanası kimidir, adamları daha çox qarabuğdayıdır. Ümumi olaraq ağdaşlılarda bir az göbək, bir də yanıq və yumru sifət olur. Adanalıların danışığı necədirsə, ağdaşlıların danışığı da o şəkildə ümumi danışıq dilindən fərqlənir. “Muhammed Abi” isə zəif bədəni, qarabuğdayı olmayan zərif üzü, hər zaman ütülü şalvarı, diqqətlə daranmış saçları və danışığındakı bəlağət, səlislik və nəzakət ilə diqqət çəkirdi. Necəgəldi, kobud, qaba hərəkətlər onda yox idi. Məmməd dayı oxumağı, düşünməyi, soruşub-öyrənməyi sevən biriydi. Danışığından İslamın ilk əmri olan “oxu!” əmrini bir ömür boyu özünə vərdiş halına gətirdiyi məlum olurdu. Köhnə bir qəzetə, oxumaq üçün bir kitab qədər dəyər verdiyinə şahid olmuşdum.

Azərbaycanda söhbətlər çaysız, mürəbbəsiz və plovsuz olmaz. Bir gün, zəhmət verməmək məqsədi ilə, xəbər vermədən evinə getdik, qapısını döydük. “Beş-on dəqiqəyə çıxacağıq”, - deyə də əvvəlcədən bildirdik ki, daha əziyyət çəkib süfrə açmasınlar, bir stəkan çay içib yolumuza davam edək. Azərbaycanda qonaq yedirilib-içirilmədən yola salınarmı? Tez çıxacağımızı təkidlə ifadə etdiyimiz üçün qısa bir zaman içində tavada yumurta hazırlandı və süfrəyə qoyuldu. Allah bilir, o ləzzəti daha heç bir yerdə dadmadım. Bu gün düşünürəm ki, əslində, o dadı verən yumurta yox, Məmməd dayının və Afiqə xalanın sevgisi və məhəbbəti idi. İşin içində könül varsa, daş yumşalar, zəhər bala dönər, qaranlıq quyu saraya çevrilər. Könül yoxdursa, bal özü zəhər, saraylar zindan olar…

Bakıdan Ali Çınar müəllim bir vaxt belə bir mesaj yollamışdı: “İnsan insanın könlündə dincələr”. Zaqatala ilə Bakı arasında Məmməd dayının evində könlümüz də dincələrdi, bədənimiz də...

“Məşuq xəstələnəndə aşiq sağlığından utanar” deyirlər. Könüldən könülə yol var. İsti su ilə dəstəmaz alarkən: “Görəsən, atam və anam belə isti su ilə dəstəmaz ala bilirmi? Yəqin ki, ala bilmirlər, elə isə mən də soyuq su ilə dəstəmaz alım” deyə bilmək könül sahiblərinin işidir. Veysəl Qərani həzrətləri Rəsulullahın hansı dişinin Uhudda qırıldığını bilmədiyi üçün dişlərinin hamısını çıxartdırmışdı. Diş insana ağırlıq edərmi? – Edər. İsti su qış vaxtı narahat edərmi? – Edər. Ət yeməyi, əgər sevdiklərin yemirsə, dadını itirərmi? – İtirər.

Qurani-Kərimdə dünya həyatının oyun və əyləncə olduğu ifadə edilmişdir. Həyat 90 dəqiqəlik oyun kimidir. Meydançadakı heç bir futbolçunun 90 dəqiqə oynamağa qarantiyası yoxdur. Meydançanın kənarındakı məşqçi istədiyi dəqiqə oyunçunu çıxarda bilər. Məşqçi oyunçunu istədiyi zaman meydançanın kənarına ala bilər, bəs aləmlərin Rəbbi qulunu istədiyi an yanına ala bilməzmi? Yaşayırıq; dünyanın oyun və əyləncəsindən məzarlığa nə zaman alınacağımızı bilmədən…

Yəhya Kamal Bəyatlı 1926-1932-ci illər arasında səfir işləməkdə ikən ondan Türkiyənin əhalisini soruşurlar. Sayı iyirmi milyona yaxın olmasına baxmayaraq, o, “səksən milyon” deyə cavab verir. “Bu necə ola bilər, axı siz səksən milyon deyilsiniz?” – deyiləndə belə cavab verir: “Biz yalnız yerin üstündəkiləri deyil, altındakıları da sayırıq”. Azərbaycanda sevdiklərimiz sadəcə torpağın üstündə deyil ki! Azərbaycana gedəndə Ağdaşda, Əliabadda, Qəbələdə evlər qədər qəbirlər də var ki, ziyarət etməliyəm. Emin xoca, Əmrullah dayı, Feyzullah dayı, Məmməd dayı da eynilə Səməd baba kimi, Darçın əfəndi, Abdurrahman dayı, Əli dayı, Elşən qardaş, Fizuli qardaş, Validə xala kimi gözləyir, görüşmək istəyir…

Məmməd dayının vəfat xəbərini aldığım gün yeni tanış olduğum bir gəncin adının Janıbek olduğunu öyrənmişdim. Janıbek “canı bərk, canı qüvvətli” mənasına gəlir. Qazax və qırğızlarda çox işlənən kişi adlarından biridir. Janıbekdən: “Əzrayıl gələndə də canın bek (qüvvətli) olacaqmı?” – deyə soruşdum. Gözlədiyim cavab: “Yox, müəllim, Əzrayıl gələndə nə pəhləvanlıq, nə də güc bir işə yarayar”, - şəklində idi. Amma o, heç düşünmədən: “Canımızı imanla bek kılamız (imanla gücləndirərik)”, - deyə cavab verdi. Afərin sənə Janıbek, məni heyrətləndirdin.

Məmməd dayı, duamız və ümidimiz odur ki, inşallah, imanla, irfanla “bek” olmuş halda axirətə köçmüsən. Qəbrin cənnət bağçalarından bir bağça olsun. Gəldiyimiz yerə getdin. Ruhuna əl-Fatihə…

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz