BİR HƏDİS

BİR HƏDİS

عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو: أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الإِسْلاَمِ خَيْرٌ؟ قَالَ: {تُطْعِمُ الطَّعَامَ، وَتَقْرَأُ السَّلاَمَ عَلَى مَنْ عَرَفْتَ، وَعَلَى مَنْ لَمْ تَعْرِفْ}

            Abdullah ibn Amrdan rəvayət olunduğuna görə, bir nəfər Rəsulullahdan (s.ə.s): Ya Rəsulallah! İslamın hansı əməli daha xeyirlidir? – deyə soruşdu. Rəsulullah (s.ə.s) belə cavab verdi: “Yemək yedirməyin və tanıdığın-tanımadığın hər kəsə salam verməyindir”. (Buxari, İstizan, 9; Müslim, İman, 14)

İslam dini insanlar arasındakı münasibətlərin inkişaf etməsi və yaxşılıqların yayılmasına çox böyük əhəmiyyət verir. Buna görə də, müsəlmanlar üçün bir-birilərinə qarşı bir çox maddi və mənəvi haqlar təyin etmişdir. Bu haqlara riayət etmək müsəlmanlığın tələbidir. Bu haqlar onların xeyrə çatmasına vasitə olan müəyyən əməllərin icra edilməsi ilə həyata keçmiş olar. Yuxarıda qeyd olunan hədisi-şərifdə müsəlmanları xeyrə çatdıran iki önəmli əməldən bəhs olunmaqdadır. Bunlardan ilki başqalarına yemək ikram etməkdir. Allah Rəsulu bu əməlin İslamın ən xeyirli əməllərindən biri olduğunu buyurmuşdur. Başqalarına yemək yedirmək müsəlmanlar arasındakı qardaşlıq əlaqələrinin güclənməsinə səbəb olduğu və xüsusilə də möhtac insanlara ikram edildiyi təqdirdə zənginlərlə kasıblar arasındakı sərhədi ortadan qaldıracağı üçün böyük önəmə sahibdir. Hədisdə keçən "yemək yedirmək" ifadəsi ümumi mənada işlənmişdir və burada sadəcə kasıblar qəsd edilmir. Buradan möhtac olmayan insanlara da ikram etməyin fəzilətli bir əməl olduğu anlaşılmaqdadır.

Müsəlmanların qarşılaşdıqları zaman bir-birinə salam vermələri də İslamdakı xeyirli əməllərin ən əhəmiyyətlilərindəndir. Salam vermək İslamın şüarıdır. Bir-birini tanımayan insanlar salam verdikdə aralarında ünsiyyət və ülfət meydana gəlir. Çünki salamlaşan insanlar ortaq bir dəyər üzərində, din qardaşlığında birləşmiş olurlar. Salam dostluğun, qadaşlığın, sevgi və rəğbətin, təvazökar davranışların insanların qəlblərinə hakim olmasının ilk pilləsidir. Rəsulullah (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Salamı yayın, yoxsullara yemək yedirin, beləliklə, Əziz və Cəlil olan Allahın sizə əmr etdiyi şəkildə qardaş olarsınız”. (İbn Macə, Ətimə, 1)

İslam dini möminləri bir-birinə qardaş elan edərək bu qardaşlığın soy qardaşlığından daha üstün olduğunu ifadə etmişdir. Bir ata və bir anadan olan qardaşlar necə bir-birini sevib himayə edirlərsə, din qardaşı olan möminlərin də bir-birini ən az eynilə sevib himayə etmələri vacibdir. Ancaq sevgi quru bir sözdən ibarət olmamalıdır. Bu, sevən ilə sevilən arasında dostluğa və qardaşlığa səbəb olan bir çox vəzifələri yerinə yetirməklə mümkün olur. Başqa sözlə desək, möminlərin bir-birinə qarşı yerinə yetirməli olduqları vəzifələr din qardaşlığının və aralarındakı sevginin təməlini təşkil edir. Möminlərin bir-birilərinə ikram etmələri və aralarında salamı yaymaları da bu sevginin əsas vasitələrindəndir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz