Yəmən böhranı
Neorealizm məktəbinin tanınmış nümayəndəsi professor Con Mirşaymer “Foreign Affairs” jurnalında Ukrayna ilə bağlı yazdığı məqaləsində qeyd edir ki, regionda baş verən hadisələr geosiyasi maraqlar uğrunda mübarizənin yenidən beynəlxalq münasibətlərdə aktual xarakter daşıdığının təzahürüdür.
Biz eyni şeyi faktiki olaraq Yəmən hadisələri ilə bağlı da deyə bilərik. Bu ilin martın 26-dan başlayaraq, Səudiyyə Ərəbistanı başda olmaqla körfəz ölkələri Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirliklərinin, o cümlədən Misirin daxil olduğu koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr mütəmadi olaraq Yəmənin paytaxtı Səna, eləcə də liman şəhəri Ədəndə husi qıyamçılarının mövqelərini bombardmana məruz qoymaqdadır. Artıq iş o yerə gəlib çatıb ki, prezident Əbdu Mansur Hadini hakimiyyətdən devirən husi qiyamçıları Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddə yerləşən məntəqələrinə artilleriya zərbələri endirir.
İyun ayının 17-dən başlayaraq Cenevrədə BMT-nin vasitəçiliyi ilə münaqişə tərəfdarları arasında başlanan danışıqlara baxmayaraq, ölkədə husi qiyamçılarına qarşı bombardman və insan itkisinin sayının artması davam etməkdədir. Beynəlxalq humanitar təşkilatlar yaxın zamanlarda Yəmənin ciddi humanitar fəlakətlə üzləşəcəyi haqda tez-tez bəyanatlar verirlər.
Münaqişənin kökündə geosiyasi ziddiyyətlərin durduğunu desək yanılmarıq. Hələ bu ölkəyə olan hərbi müdaxilədən öncə regionda maraqları olan iki aparıcı dövlət; Səudiyyə Ərəbistanı və İran arasındakı istər gizli, istərsə də açıq münaqişənin şahidi olmaqdaydıq. Belə ki, krallıq İranı nüvə silahı əldə etmək ambisiyalarına və regionda siyasi şiəliyə dəstək verdiyinə (eyni şeyi Bəhreynlə də bağlı demək olar) görə günahlandırır və bununla bağlı tez-tez xarici işlər naziri səviyyəsində etiraz bəyanatları verir. İran isə öz növbəsində əks tərəfi siyasi sələfiliyə, xüsusilə, Suriyada Cəbhətən-Nusra kimi qruplaşmalara dəstək göstərdiyinə görə qınayır.
Koalisiya qüvvələrinin Yəməndə keçirdikləri hərbi əməliyyatlar faktiki olaraq “başqa əllərlə edilən müharibə”nin (proxy war) açıq qarşıdurma müstəvisinə keçməsi deməkdir. Düzdür, hələ ki, körfəzdə yerləşən ərəb ölkələrindən fərqli olaraq İran öz silahlı qüvvələri ilə birbaşa husilərin tərəfində vuruşmur. Bəzi məlumatlara görə, yardım daha çox hərbi məsləhətlər, təlim və silah-sursat səviyyəsində edilir.
Məsələ tək geosiyasi müstəvidə izah olunsaydı, loru dildə desək, dərd yarıydı. Orta Şərqin başqa qaynar ocaqlarında olduğu kimi, söhbət onsuz da məzhəblərarası münaqişə xarakteri almış problemin daha da kəskinləşməsindən gedir. Bu yaxınlarda Səudiyyə Ərəbistanında şiələrin yaşadığı yerlərdən birində ilk dəfə olaraq məsciddə, daha sonra eyni şeyin Yəməndə məsciddə təkrarlanması ilə İŞİD-çilər tərəfindən həyata keçirilən partlayış nəticəsində onlarla adamın ölməsi də Yəməndə baş verənlərin əks-sədası sayıla bilər. Eyni zamanda Yəməndə Əl-Qaidəyə bağlı “Ərəb Yarımadasında Əl-Qaidə” qruplaşmasının həm husilər, həm də hökumət qüvvələri ilə apardığı qanlı mübarizəni də nəzərə alsaq, faciənin hansı səviyyədə olduğunu görə bilərik.
Etnik və ya dini münaqişələr üzrə dünya praktikası göstərir ki, sırf dövlətlər arasında yaranan geosiyasi ziddiyyətlərin yaratdığı böhranlar, müharibələr sonucda sülh yolu ilə həll edilir və uzunmüddətli stabillik əldə edilir. Ən çətin olanı isə ideologiyaya fanatik bağlılıq əsasında mübarizə aparan qeyri-dövlət qruplaşmalarının yaratdığı problemləri həll etməkdir. Fərz edək ki, sabah Yəmən böhranı üzrə milli maraqları üst-üstə düşməyən ölkələr masa arxasında oturub kompromis yolu ilə müəyyən bir razılığa gəldilər. Amma bu, hələ Yəməndə olan terrorçu qruplaşmaların yaratdığı böhranların həll edilməsi mənasına gəlməyəcək.
ŞƏRHLƏR