Ramazan bayramı
Bayram sevinc və şadlıq günüdür. Bayram, əziz gün deməkdir. Bayram, sevinclərin paylaşıldığı, sosial münasibətlərin inkişaf etdiyi şadlıq günüdür. Bayram, iman qardaşlığının həqiqi təzahür səhnəsidir. Bayram, mənəvi duyğuları hərəkət etdirən bir gündür. Bayram, insanların dostluq və əqrəbalıq bağlarını möhkəmləndirən, şəfqət, mərhəmət, vəfa və başqalarının qayğısına qalma duyğularını artıran bir gündür.
İslamda Ramazan və Qurban bayramlarının yaranma tarixi bu şəkildə cərəyan etmişdir; Ənəs (r.a) belə rəvayət edir: “Rəsulullah (s.ə.s) Mədinəyə gəldikdə mədinəlilərin şadlandığı iki gün var idi. Hz. Peyğəmbərimiz bu iki günün xüsusiyyətini soruşduqda əshabi-kiram: Cahiliyyə dövründə biz bu iki gündə bayram edərdik,- dedi. Bunu eşidən Allahın Elçisi belə buyurdu: Allah o iki günün yerinə sizə bundan daha xeyirlisini vermişdir. Biri Qurban bayramı, biri də Ramazan bayramıdır”.[1]
Bayram günlərində tezdən durmaq, qüsl alaraq misvaqlanmaq, ətirlənmək, gözəl paltarlar geymək, Allahın nemətlərinə şükür edərək sevinmək, qarşılaşdığı mömin qardaşına qarşı gülərüzlü olmaq, daha çox sədəqə vermək, bayram gecələrini ibadətlə oyaq keçirmək bəyənilən əməllərdəndir.
Ramazan bayramı günü bayram namazından əvvəl xurma kimi şirin bir şey yemək məsləhətdir. Çünki hədislərdə: “Rəsulullah (s.ə.s) Ramazan bayramında yemək yemədən evdən çıxmazdı”,[2] deyə rəvayət edilmişdir.
Bayram günlərində müsəlmanların bir-birini təbrik etməsi, bir-birilə əl sıxaraq görüşməsi və bir-birinə “Ğafərallahu lənə və ləkum (Allah bizi və sizi bağışlasın)” və ya “Təqabbəlallahu minnə və minkum (Allah bizdən və sizdən qəbul etsin)” kimi dualar etməsi də bəyənilən əməllərdəndir.
Bayram günü edilməsi lazım olan əməllərdən biri də fitrə sədəqəsini[3] verməkdir. Fitrə, Ramazan bayramından bir və ya iki gün əvvəl ilə bayram namazı arasında verilə bilər. Abdullah ibn Ömərin rəvayət etdiyi bir hədisi-şərifdə buyurulur: “Hz. Peyğəmbər, fitrənin insanlar bayram namazına getməzdən əvvəl verilməsini əmr etmişdir”.[4] Beləcə, yoxsullar bununla bayram namazından çıxmadan əvvəl ehtiyaclarını aradan qaldırmış olacaqlar. Bu bir yardımlaşmadır və orucun qəbulu, ölüm anındakı sıxıntılardan və qəbr əzabından xilas olmaq üçün bir vasitədir.
Bundan başqa bayram günü kin və həsəd kimi mənfi xüsusiyyətləri qəlbimizdən atıb çıxarmalıyıq. Qardaş kimi yaşamalıyıq. Necə ki, bu barədə Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Bir- birinizə hədiyyələr verin, bir-birinizi sevin, bir-birinizi mudafiə edin ki, kin və düşmənçilik hissləri qəlblərinizdən silinsin”.[5] Bu mövzu ilə əlaqəli İslamın müqəddəs kitabı Qurani-Kərimdə isə Uca Rəbbimiz belə buyurur:
“Allah və onun peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlə bərabərdr”.[6]
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!..”[7]
“(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən kəslər kimi olmayın. Onlar böyük bir əzaba düçar olacaqlar”.[8]
“Həqiqətən möminlər (dində) qardaşdırlar. Buna görə (aralarında bir mubahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə rəhm olunasınız”.[9]
Aləmlərə rəhmət olaraq göndərilən şanlı Peyğəmbərimiz (s.ə.s) isə bir neçə hədisi-şərifində belə buyurur:
“Nəfsim əlində olan Allaha and içirəm ki, iman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də iman etmiş sayılmazsınız. Sizdən biriniz özü üçün istədiyini qardaşı üçün də istəmədikcə iman etmiş olmaz”.[10]
“Mömin möminin aynasıdır. Mömin möminin qardaşıdır”.[11]
“Möminin möminə qarşı olan vəziyyəti daşların üst-üstə qoyulmasıyla meydana gələn bir bina kimidir.”[12]
“İki yanındakı qonşusu ac olduğu halda tox yatan kimsə (kamil) mömin deyildir”.[13]
Bu ayə və hədisi-şəriflər onu göstərir ki, uca dinimiz İslam, möminlərin bir-birlərini sevməsini, birlik və qardaşlıq duyğuları içərisində yaşamalarını istəməkdədir.
Bütün bunlarla bərabər bu mübarək gündə, bayramı səmərəli şəkildə keçirmək istəyiriksə Bayram namazını qıldıqdan sonra dostlarımızı, doğma və din qardaşlarımızı ziyarət edib onların bayramlarını təbrik etməliyik. Valideynlərimizin könlünü alıb, kasıb və yoxsulları, yetimləri, ehtiyac sahibi olan hər kəsi imkan daxilində maddi və mənəvi dəstəklə sevindirməliyik. Bir-birimizi Allah üçün sevməli, din qardaşlarımızdan küsülü olan varsa barışmalı və ya barışdırmalıyıq. Peyğəmbərimizin (s.ə.s): “Bir müsəlmanın din qardaşından üç gündən artıq küsülü qalması halal deyildir”,[14] hədisi-şərifini heç vaxt yaddan çıxarmamalıyıq. Müsəlman qardaşlarımızın qeybətini etməyib, onları xoşlamadıqları müxtəlif adlarla çağırmamalıyıq. Çünki bizim bir adımız var, o da “müsəlman”dır. Bu adı bizə Uca Rəbbimiz vermişdir. Necə ki, Uca Allah buyurur:
هُوَ سَمَّاكُمُ الْمُسْلِمينَ “O sizə müsəlman adını verdi..!”[15]
Allah-Təala bu mübarək gündə dünyada əziyyət çəkən, haqsızlığa uğrayan bütün müsəlmanlara yardım etsin! Onları qorusun! Onlara da bu bayram sevincini yaşatsın!
Uca Allah Muhamməd ümmətini bağışlasın! Müsəlmanların arasına kin və düşmənçilik salmasın!
Allah-Təala vətənimizi, millətimizi və bütün dünya müsəlmanlarını parçalamaq istəyən qüvvələrə fürsət verməsin!
Amin!
[1] Əbu Davud, Səlat, 239
[2] Əhməd ibn Hənbəl, III, 232
[3] Fitrə sədəqəsi Ramazan bayramına çatan və təməl ehtiyaclarından başqa müəyyən miqdar mala sahib olan müsəlmanların özləri və məsul olduqları şəxslər üçün yerinə yetirməklə məsuliyyət daşıdıqları maddi bir ibadətdir.
[4] Şövkani, Neylul-övtar, IV, 183
[5] Tirmizî, Vəla vəl-Hibə 6, (2131).
[6] Ənfal: 46.
[7] Ali-İmran, 103.
[8] Ali-İmran, 105.
[9] Hucurat: 10.
[10]Müslim, Ə. Davud, Tirmizi, ət-Tac, c. 5 , səh. 244.
[11] Əbu Davud, Ət Tac. C. 5 Səh, 54.
[12] Buxari, Ədəb, 220
[13] Buxari, Muxtarul Əhadis, Səh, 123.
[14] Əbu Davud, Ədəb 47
[15] Həcc, 78
ŞƏRHLƏR