Müsahibə - Oxumaq barədə küçə sorğusu
İsmayılov Seymur
6 nömrəli məktəb 9-cu sinif şagirdi.
1. Kitab oxumağa qarşı münasibətiniz necədir?
-Kitab oxumağa münasibətim pisdir. Səbəb isə, texnologiyanın yaratdığı imkanlar kitab oxumağa imkan vermir.
2. Axırıncı oxuyub bitirdiyiniz kitab nədir və kitab haqqında təəssüratlarınız nələrdir?
- Axırıncı oxuduğum kitab Cəlil Məmmədquluzadənin “Usta Zeynal” əsəridir. Təəssüratlarım ondan ibarətdir ki, bu, savadsızlığı önə çəkərək yazılan bir əsərdir.
3. Ən çox bəyəndiyiniz kitab və ya müəllif?
-Ən çox xoşladığım əsər Viktor Hüqonun “Səfillər” birdə Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” əsəridir.
Süleymanov Cəlal
Qərb Universiteti Siyasi elmlər 3-cü kurs
1. Kitab oxumağa qarşı münasibətiniz necədir?
- Normal. Əsasən bədii ədəbiyyatı mütaliə etməyi xoşlayıram.
2.Hal-hazırda oxuduğunuz bir kitab varmı?
- Bəli,hal–hazırda Viktor Hüqonun “Səfillər” əsərini oxuyuram.
3. Hazırda bu kitabı oxuduğunuza görə öz təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?
- İlk olaraq onu deyə bilərəm ki, çox maraqlı bir əsərdir. Maraqlı bir həyat yolu var.
4.Ən çox bəyəndiyiniz kitab və ya müəllif?
- Xüsusi bir seçimim yoxdur. Məqsəd qoyub oxumuram.
5. Bəzi gənclərimiz kitab oxumamağı vaxt problemi ilə izah edir.Sizcə bu necədir,vaxtmı yoxsa istəksizlikmi?
-Oxumaq vaxta baxmır. Nitqin açılması üçün vacib olan bir şeydir. Kitab oxumaq həqiqətən gözəl bir hissdir. Vaxtı kitabla dəyərləndirmək yaxşı bir işdir. Əsas olan istəkdir.
Abdullayev Xəyal
Bakı Asiya Universiteti 4-cü kurs İngili dili filologiyası.
1.Kitab oxumağa qarşı münasibətiniz necədir?
- Çox yaxşı. Uşaq vaxtlarımdan kitab oxumağa çox böyük marağım olub. O vaxtdan mütaliə edirəm və bu getdikcə sürətlənməyə başlayıb. Hal-hazırda hər aya üç-dörd kitab çalışıram ki, oxuyub bitirim. Günə haradasa vaxtım yetdiyi qədər, 40-50 səhifə oxuyuram.
2.Hal-hazırda oxuduğunuz bir kitab varmı?
- Hal-hazırda oxuduğum kitab Qaraqanın “Birinci addım” kitabıdır. Təxminən 6-7 ay bundan qabaq almışam və yeddinci dəfədir oxuyuram. Həqiqətən çox yaxşı bir kitabdır,çox xoşuma gəlir. Bu kitabda müəllif illərlə qazandığı təcrübələrini bölüşüb.
3. Axırıncı oxuyub bitirdiyiniz kitab hansıdır və təəssüratlarınız nələrdir?
-Axırıncı oxuduğum kitab Seymur Baycanın kitabıdır.
4.Ən çox bəyəndiyiniz kitab və ya müəllif varmı?
- Çox zəngin ədəbiyyatımız var. Daha çox oxuduğum əsərlər 19-cu əsrdən bu yana yazılan əsərlərdir. Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, sonra Molla Nəsrəddinçilərdən Cəlil Məmmədquluzadə, Romatiklərdən Hüseyin Cavid, Cəfər Cabbarlı və.s. Xarici ədəbiyyatdan isə rus və fransız ədəbiyyatını çox xoşlayıram. 19-cu əsrdə bu xalqların ədəbiyyatı öz sözünü dedi. Ümumiyyətlə ədəbiyyat elə bir şeydir ki, konkret bir xalq üçün yazılmır, bəşəriyyət üçün yazılır.
5. Bəzi gənclərimiz kitab oxumamağı vaxt problemi ilə izah edir.Sizcə bu necədir,vaxtmı yoxsa istəksizlikmi?
- Əsasən onu deyə bilərəm ki, bu sadəcə bəhanədir. Necə olur ki, dünya liderlərinin hər gün mütaliə etməyə vaxtı olur? Məncə səmimi olub desək; oxumaq istəmirik.
Şıxıyev Ruslan
Gəmidə işləyir.
1.Kitab oxumağa qarşı münasibətiniz necədir?
-Normaldı, amma elə də çox vaxtım olmur oxumağa.
2.Hal-hazırda oxuduğunuz bir kitab varmı?
-Yoxdur, ümumiyyətlə vaxtım elə də çox olmur.
3. Bəzi gənclərimiz kitab oxumamağı vaxt problemi ilə izah edir.Sizcə bu necədir,vaxtmı yoxsa istəksizlikmi?
- Mən şəxsən özümdən götürürəm, yəni boş vaxtım olanda çalışıram namazlarımda bəzi qəzalarım olur, onları əda edirəm. Amma belə kitab oxumağa işlə əlaqədar olaraq vaxtım olmur. Axırıcı oxuduğum kitab yadıma düşdü,yazar yadımda deyil; “Nuhun gəmisi” kitabını oxumuşdum.
Niftəliyev Kamran
Pasha Constructionda işləyir.
1.Kitab oxumağa qarşı münasibətiniz necədir?
- Universitet və məktəb vaxtlarında oxumuşam, istər bədii, istərsədə dərslik kitablarını. Oxusam rus ədəbiyyatını oxuyaram, orada xoşum gələn kitablar var. Ehtiyac olduqda isə universitetin kitabxanasından alıram və oxuyuram.
2. Axırıncı oxuyub bitirdiyiniz kitab hansıdır və kitab haqqında təəssüratlarınız nədir?
-Oxuduğum axırıncı kitab John Perkinsin kitabıdır. Bu kitab, dünyada baş verən müharibələr, fəlakətlər haqqında yazılmış bir kitabdır. Təəssürat deyəndə ki, elə xoşuma gəldi və oxudum.
3. Bəzi gənclərimiz kitab oxumamağı vaxt problemi ilə izah edir.Sizcə bu necədir,vaxtmı yoxsa istəksizlikmi?
- “Edə bilmirəm” deyə bir şey yoxdur. “Etmək istəmirəm” var, o başqa məsələ. Mən özüm gündə on saat işlədiyim halda kitabxanadan kitab götürməyə vaxt tapıramsa bu da mümkündür. Elə olur 2-3 gün, elə olur bir həftə elə olur, bir ay çəkir oxuyub bitirmək. Mən əslində daha çox ixtisasıma aid kitablar oxuyuram işimlə əlaqədar olaraq. İşdən evə gəldiyimdə elə evdə oturmaqdansa götürürəm hər hansı bir kitabı başlayıram oxumağa. Adam istəyəndə hər şey edə bilir.
4.Ən çox bəyəndiyiniz kitab və ya müəllif?
- Ən çox xoşuma gələn müəllif Lev Tolstoydur. Çox böyük əsərlər oxumuşam, hamısı da bir-birindən gözəldir. Ən çox xoşuma gələn əsər Taras Bulbadır. Gündəlik həyatımızda qarçılaşacağımız hər şey bu əsərdə mövcuddur.
Mustafayev Fərid
Azərbaycan İqtisad Universiteti – Magistr
1.Kitab oxumağa qarşı münasibətiniz necədir?
-İmkan olduqca metroda və ya avtobusda oxuyuruq.
2.Hal-hazırda oxuduğunuz bir kitab varmı?
- Bəli var. Alfred Adler, onun 5-6 kitabını almışam və oxuyuram. “Müasir psixologiya”, kitabın adı belədir.
3. Axırıncı oxuyub bitirdiyiniz kitab hansıdır və kitab haqqında təəssüratlarınız nələrdir?
- Son vaxtlar elə Adlerin kitablarını oxuyuram. Ümumiyyətlə Adler insanların bir-birindən üstünlük problemlərindən yazır. Bir növ paxıllıq etmə kimi bir şey yəni. Bunun psixoloji əsasından söhbət gedir. Bu kitabı oxuduqda bu kimi problemlərin nədən qaynaqlandığını bilirsən.
4. Bəzi gənclərimiz kitab oxumamağı vaxt problemi ilə izah edir.Sizcə bu necədir,vaxtmı yoxsa istəksizlikmi?
-Vaxt problemi yoxdur, istək problemi var. Mən təxminən üç il olar kitab oxumağa başlamışam. Sokratın “Dövlət” əsəri var, təxminən 300-400 səhifəlik olar, mən onu evdə oxumadım.Ancaq metroda oxuyaraq bitirdim ki, görək olurmu. Düzdü iki ay çəkdi, amma ki, tamamilə mən o kitabı metroda oxudum.
5. Ən çox bəyəndiyiniz kitab və ya müəllif varmı?
- Daha çox “şəxsi inkişaf”kitabları oxumuşam, ona görə Mümin Sekmanın “Hər şey səninlə başlar” əsəri daha çox xoşuma gəlir. Şəxsi inkişafda Antonio Robinsondan da oxumuşam, o da yaxşıdır.
Əhmədli Əhməd
Maliyyə İqtisadi Kollej 3-cü kurs
1.Kitab oxumağa qarşı münasibətiniz necədir?
- Kitab oxumağa getdiyim bir seminardan sonra başladım. Seminarın mövzusu “Vaxtın səmərəli dəyərləndirilməsi” idi. Vaxtınızı yaxşı dəyərləndirmək və eyni zamanda məlumat almaq üçün ən gözəl vasitədir kitab.
2.Hal-hazırda oxuduğunuz bir kitab varmı?
- Hal-hazırda oxuduğum Dostoyevskinin “Cinayət və Cəza” adlı kitabıdır. Kitab detektiv üslubda yazılıb və sonda onu deyə bilərəm ki bu əsərində Dostoyevski öz adından bəhs etdirir.
3.Bəzi gənclərimiz kitab oxumamağı vaxt problemi ilə izah edir.Sizcə bu necədir,vaxtmı yoxsa istəksizlikmi?
- Kitab oxumağa başlayanda bu sualı məndə özümdən soruşurdum. Kitab oxumaq mənim fikrimcə vaxt istəyən bir şey deyil. Doğrudur, başlanğıcda biraz sıxıcı gəlir, amma sonra oxumağa davam etdikcə maraqlı olduğunun fərqinə varırsınız. Sualınıza cavab olaraq bəzi gənclərimizdə istəksizlik o qədər inkişaf edib ki, faydalı şeyləri də vaxt itkisi olaraq görürlər.
4.Ən çox bəyəndiyiniz kitab və ya müəllif varmı?
- Mənim fikrimcə bütün kitablar bəyəniləndir. Kitablar arasında fərq qoymuram.
5. Axırıncı oxuyub bitirdiyiniz kitab hansıdır və kitab haqqında təəssüratlarınız nələrdir?
- Sonuncu oxuduğum kitab,Bahadır Yenişehirlioğlunun “Eşq Cəbhəsi” adlı kitabıdır. Kitab Türkiyənin möhtəşəm Çanaqqala zəfəri vaxtlarında cərəyan edən hadisələrdən bəhs edir. O vaxtın insanı, yaşayış tərzi və gündəmdə olan mövzular haqqında yazan yazıçı oxuyucuya həmin dövrə yolçuluq etməyə şərait yaradır.
ŞƏRHLƏR