İman axtarışında

İman axtarışında

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur.

“Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, kitablarına və (bütün) peyğəmbərlərinə iman gətirərək dedilər: Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (Bəqərə,285)

“İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam,82)

Aləmlərin Rəbbi olan Uca Allaha şükürlər və həmd-sənalar olsun. Rəhmət peyğəmbəri Hz.Muhammədə salətu-salam olsun. Allah Rəsulu hədislərində belə buyurur:

“Kim Allahın tək bir ilah olduğuna və Onun övladının olmadığına, Hz.Muhammədin (s.a.s) Onun qulu və peyğəmbəri olduğuna,İsanın (a.s) Allahın qulu, peyğəmbəri, Hz. Məryəm (anamız)a verdiyi kəlməsi və ruhu olduğuna, cənnətin və cəhənnəmin Haqq olduğuna inanırsa, əməli nə olursa olsun Allah onu cənnətə qoyacaqdır”. (Buxari, Ənbiya 47)

“Kim Allaha şirk qoşmadan ölərsə cənnətə girər”.(Müslim, İman 51)

Uca Allaha və Onun Rəsuluna səmimi bir imanla şərəflənmə neməti Adəm övladı üçün bənzəri olmayan və heç vaxt tükənməyəcək maddi və mənəvi bir xəzinədir. Dünya və axirət səadətini özündə toplayan bu xəzinənin qoruyucusu olan iman bəxtəvərliyinə bəziləri körpəlikdən, bəziləri yeniyetmə və cavan yaşlarından, bəziləri də  Hz.Əbu Bəkrin atası Əbu Kuhafə kimi 90 yaşında qovuşaraq mənəvi diriliyi dadma şərəfinə nail olmuşlar. Elə bu məqaləmizin işığında  daha öncə iman səadətinə tərəddüdlə yanaşan  Vaqif  kişinin iman axtarışını sizlərə anlatmaqla başlamaq istəyirəm. Bəlkə də o, 75 yaşında başına gələn bir hadisə olmasaydı bu axtarışları bir müddət təxirə salmağı düşünmüşdü. Lakin bir anda baş qaldıran xəstəliyin ağır və acınacaqlı aqibəti, onu tələsməyə məcbur etdi. Təəssüf ki, Allaha səmimi bir iman və yalnız Ondan şəfa diləmək istəyi ilə yanaşı, türkəçarə, qeyri adi, möcüzəvi sağalma qəhrəmanlarına və onların üsullarına rəğbət, səmimi imanın doğuracağı rahatlıq və sağlamlığa qovuşma əzmini kölgələməkdədir.Uca Rəbbimizi tanıma və Ona səmimi qəlbdən inanma  keyfiyyətini mənliyimizdə ərsəyəgətirmə yolları çətin olduğu üçün insandan səbir, qeyrət və cəsarət tələb etməkdədir. İman axtarışında qarşıya çıxacaq bütün yararsız, ziyanlı istiqamətləri bilməklə və onlardan uzaq durmaqla iman mənzilinə yetişmək mümkündür. Hər zaman olduğu kimi indi də Vaqif kişi kimi iman axtarışında olan insanları yanlış təmayüllərdən qoruyacaq və hamımızı qurtuluş ünvanlarına yönəldəcək mənəviyyat rəhbərlərinin qiymətli  nəsihətləri, öz canlılığını və əminliyini qorumaqdadır. Onların parlaq nümayəndələrindən olan Əhməd ər-Rüfai həzrətləri bu barədə belə buyurur:

“Haqqa qarşı pərdəli olanların ölüm xəstəliyinin ağırlığını hiss etməsi anı Allahı tanıma pillələrinin ilkidir (Uzun müddət bu həssas məqamdan uzaq qalmış insan, xəstəliyin onun dünya ləzzətlərindən ümidsiz qoyduğu anda və ölüm qorxusunun mənliyini tir-tir titrətdiyi məqamlarda Allahı tanıma və ona yönəlmə təşəbbüsünə baş vurmağa məcbur olur). Ölümün yaxınlığı pərdələri qaldırır”.

Bu barədə hədisdə belə buyurulmuşdur:“İnsanlar yuxudadırlar  (qəflət yuxusunda), öldükləri zaman ayılarlar”. (Kəşfül Xafa 2.312)Ona görə də qəflət pərdələrindən qurtulmağa xidmət edən“ölmədən əvvəl ölün”(Kəşfül Xafa 2.312)təlimatı necə də yerində səslənməkdədir.

            İman axtarışında olan qəlblərə yönələn Əhməd ər-Rüfai həzrətləri bu nemətin ünvanlarını sətir-sətir şərh edərək kamil bir imana yiyələnməyin yol xəritəsini gözlərimiz önündə ən incə xətləri ilə canlandırır:

“Kim ki, Allahın kainatın mütləq sahibi olduğunu bilir və buna şəksiz-şübhəsiz inanırsa səyini yalnız Onun yoluna yönəldər. Kimin Allah yolunda himmət və səyi çoxalırsa onun Allaha yolçuluğu faydalı olur. Həmin şəxs Allahdan qeyrisinə  yönəlməkdən də sıyrılır. Allahın kərəm süfrəsində yaxşılar da, pis əməl sahibləri də oturur. Allahın son nəfəslərdə (Ona yaxın olan) qullarına elə rəhmət lütfləri var ki, bu, ananın övladına olan şəfqət və mərhəmətinin fövqündədir (yəni çox ucadır). Heç şübhəsiz ki, Allah, quluna bir nemət bəxş etdiyi zaman onu geri almaq istəməz. İlahi ehsanların feyzləri o qədər çoxdur ki, ağıllar qəti olaraq onu anlamazlar (yəni dərəcəsini idrak edə bilməzlər),zehinlər təsəvvür edə bilməzlər. Allahın, dilədiyi hər şeyi həyata keçirəcəyini anlayan kişi, işləri Ona (Allaha) həvalə edər və alnını təslim torpağına qoyar. Bütün həqiqətlər ortaya töküldüyü zaman onların hamısının səhifələrindən bu sətir oxunar:“Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacaqsınız! (Qəssas-88).

            Sən iki divar arasında, şəriət divarı və əməl divarı arasında yürü, Rəsulullahın sünnəsinəbağlanıb tabe olmaq yoluna gir. Şübhə yox ki, sünnəyə tabe olma yolu xeyirdir. Bidət yolu da şərdir. Xeyir ilə şər arasında açıq bir məsafə vardır. Yanağını Haqqın qapısına daya. Alnını torpağa qoy. Əməlinə əsla güvənmə. Şanı mübarək və uca olan Allahın Rəhmətinə sığın. Həva və həvəsinə (nəfsinə) və digər fanilərə bağlanmaqdan qurtulElə o zaman iman edib və təqvaya bürünmüş olan salamat əhlinə qatıla bilərsən”.

            Unutmayaq ki, imanın dadını Rəbb olaraq Allahı, din olaraq İslamı, peyğəmbər olaraq Muhamməd əleyhissalamı seçən kişi dada bilər.(Müslim 1.62, Tirmizi 5.14)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz