Nitqin müəllimi – Oxumaq
“Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən-nəsillərə yetirən fikir gəmisidir”
F.Bekon
Ağıllı olmaq üçün 10 kitab oxumaq bəs edir. Amma o 10 kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır, deyirlər. XXI əsrdə kitabdan bol nə var ki?!.. Dünyada nəinki yüzlərlə, minlərlə, milyonlarla kitab mövcuddur,statistik araşdırmaların nəticələrinə görə dünyada 130 milyon adda kitab mövcuddur. Bir yazıda oxumuşdum: “Necə ki, hər qapı, arxasında tam fərqli bir aləm saxlayır və o aləmə açılırsa, oxumaq da içində dincliyi barındıran, inkişafa açılan bir qapıdır. Bu qapıdan içəri girmək isə dəyişməyə cəsarəti olanların haqqıdır. Bu qapıdan girən, əlbəttə, yenilənmiş, təmizlənmiş biri olaraq çıxar”. Doğrudan da oxumaq inkişafa açılan bir qapıdır. Bəşər övladı bu qapının arxasındakıları öyrənmək üçün mütləq oxumalıdır.
Kitab oxumayan insan xəritəsiz bir xəzinənin axtarışına çıxan bir kimsədir. Beynin ən güclü dərmanlarından biri də oxumaqdır. Hələ biz tələbə olarkən müəlliməmiz bizə deyərdi: “Uşaqlar, çoxlu kitab oxuyun, oxuyun ki, həm söz bazanız olsun, həm də nitq qabiliyyətiniz yüksəlsin”. Həqiqətən də belədir. Nə qədər çox oxuyursansa nitq qabiliyyətin yüksəlir, fikrini çatdırmaqda əziyyət çəkmirsən, sözləri düzgün tələffüz edirsən və söz ehtiyatın güclənir. Hətta peyğəmbərimiz Muhamməd (s.a.s)-ə ilk vəhy gəldikdə belə “Oxu” deyə müraciət edilmişdir.
Dahişairimiz Nizami Gəncəvi deyirdi: “Bilik öyrənməyi ar bilən bir kəs, dünyada mərifət qazana bilməz”. Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Elə kitablar var ki, insan həyatında mühüm rol oynayır. Oxunan hər şey, insanı öyrətməyə və inkişaf etdirməyə yönəldilmişdir. Yalnız nəyi oxuyacağını, necə oxuyacağını, hansı kitaba ehtiyacı olduğunu bilməyin vacibliyi vardır bəşər övladında. Ümumiyyətlə tibb aləmindəki araşdırmalara görə, kitab oxumaq insan psixologiyasına və səhhətinə də müsbət təsir göstərir. Kitab oxumağın orqanizmə faydasını araşdıran britaniyalı alimlər də maraqlı nəticələr əldə ediblər. Onların qənaətinə görə, cəmi 6 dəqiqə kitab oxumaq insanda stresin səviyyəsini üç dəfə azaldır. Başqa üsullarla müqayisədə kitab oxumaq insanı daha tez sakitləşdirir və yüngülləşdirir. Kitab, elm və mərifət dünyasına açılan qapıdır. Mütəxəssislərin fikrincə, mütaliə insanı kamilləşdirir, onun nitq qabiliyyətini inkişaf etdirir. Kimi həmin kitablardakı qəhrəmanların müsbət keyfiyyətlərini mənimsəyərək, kimi də oradan öyrəndiklərini həyatda tətbiq edərək yaşayışını qurur. Yaxşı kitab aqil insanın həyatına həmişə işıq salan vasitə olub. Almaniyalı professor Fişerin sözlərinə görə, “İnsan düşündükcə beyin tutumu, düşünmə imkanları və qabiliyyəti inkişaf edir. Beyin işlədikcə inkişaf edən, istifadə edilmədikdə isə ən sürətlə kütləşən insan orqanıdır. Bu kütləşməni aradan qaldırmaq üçün bir həftə zehni məşğələ etmək lazımdır”.Mütəxəssislərə görə kitab oxumaq yaddaşı qüvvətləndirərək Alzhemier risqini ciddi nisbətdə aşağı salır. Ümumiyyətlə mütaliənin faydası nədir? Bunlar aşağıdakılardan ibarətdir:
Düşünmə qabiliyyəti
Mütaliənin ən vacib amillərindən biri, onun düşünmə qabiliyyətinə təsiridir. Mütaliə zamanı insanın düşüncəsi çox yaxşı inkişaf edir, xüsusilə də, əgər siz hər gün oxuyursunuzsa. Mütaliə niyə düşünmə qabiliyyətini inkişaf etdirir? Yəqin, ona görə ki, mütaliə vaxtı biz əsasən əsərin ideyasını anlamağa çalışaraq həddindən artıq düşünürük.
Stress
Mütaliə şübhəsiz ki, adamı stresdən azad edir. Bu müasir dünyada xüsusilə əhəmiyyətlidir. Çünki insanların bir çoxu stresdən əziyyət çəkir. “Fantastika” janrı yuxudan əvvəl sakitləşməyə xüsusilə kömək edir.
Söz ehtiyatı
Kitab oxumaq insanın söz ehtiyatını inkişaf etdirir, artırır. Xüsusilə əgər siz müxtəlif janrlarda kitablar oxuyursunuzsa bu daha sürətlə baş verir. Axı kitablarda rast gəldiyimiz sözlərə, söz birləşmələrinə gündəlik həyatımızda rast gəlmirik.
Beyni müdafiə edir
Mütaliə bizim beynimizi müdafiə edir. Onu müxtəlif xəstəliklərdən qoruyur. Çünki oxuma zamanı onun fəallığı daha da yüksəlir, bu da onun vəziyyətinə çox yaxşı təsir edir.
Əminlik
Kitab oxumaq adamı özünə əmin edir. Söhbət zamanı kitab oxumuş adam öz biliklərini nümayiş etdirməyə çalışır, bu zaman onun özünə əminliyi daha da artır. Bu, ətraf mühitin də səni tanımasına, hörmət etməsinə şərait yaradır ki, adamın özünə münasibətinə kəskin təsir edir.
Yaradıcılıq
Kitab oxumağın daha bir faydası yaradıcılıq qabiliyyətini artırmasıdır. Yaradıcı insanlar bu qədər çox ideyanı haradan əldə edirlər? Əlbəttə kitablardan. Kitabı oxuyaraq siz bir çox faydalı məlumatı mənimsəyə, daha sonra onu yeri gəldikcə tətbiq edə bilərsiniz.
Yuxunun yaxşılaşması
Əgər siz hər gün yatmamışdan əvvəl kitab oxusanız, onda sizin beyniniz və orqanizminiz buna öyrəşəcək. Bundan sonra mütaliə yuxudan əvvəl onlar üçün siqnal olacaq ki, yatmaq vaxtıdır. Beləliklə siz daha yaxşı yatacaq və səhərlər özünüzü gümrah hiss edəcəksiniz.
Yaddaş, məntiq
Kitablar yalnız düşünmə qabiliyyətini deyil, yaddaş və məntiqi də inkişaf etdirir. Mütaliə zamanı biz çox maraqlı məlumatı yadda saxlayırıq. Bundan başqa kitabın növbəti səhifələrini beynimizdə analiz edirik.
Qeyd:Mövzu ilə əlaqədar olaraq bəzi mənbələrdən istifadə olunub.
ŞƏRHLƏR