KİTAB DİLƏNÇİSİ
Ömrü boyu kitablardan uzaq gəzmişdi. Orta məktəbdə oxuduğu illərdə də dərsliklərini çantasında əlavə yük kimi daşıyırdı. Oxuyaraq öyrənməyin yox, yaşayaraq öyrənməyin tərəfdarı idi. Oxumaq üçün ayrılan vaxtı ömrün israfı kimi qiymətləndirirdi. Heç bir əziyyət çəkmədən atasından qalmış mal-mülk və böyük şirkətlər də onun idarəçiliyinə verilmişdi. Başqalarının illərlə oxuyub arzuladığı hər şey, ona oxumadan nəsib olmuşdu.Belə demək mümkündürsə oxumadan oxuyanların üzərində söz sahibinə çevrilmişdi.
Amma iş orasında idi ki, gördüyü işlərlə bağlı öz fikirləri ilə qərar verməyə çətinlik çəkirdi. Hər zaman ağlına və biliyinə güvəndiyi köməkçisi ilə istişarə edir və son qərarı onun sözündən sonra verirdi. Ağacın ən yüksək hissəsinə çıxsa da ayağının altında onu saxlayacaq budaqları yox idi. Hər an tam yuxarılardan aşağıya doğru yıxılmaq qorxusu içində yaşayırdı. Hər şeyi olsa da ən əsas şeyə sahib olmamışdı. Özünə zərrə qədər də olsa güvən və inamı yox idi. Daima yoxluq qorxusu içərisində yaşayan varlı insan rolunu oynamağa davam edirdi.Nə sahib olduğu mal-mülk başına bir müsibət gəldiyi zaman onu qurtaracaq gücdə idi, nə də ki, bildikləri mal-mülkünü ömrünün sonuna qədər qoruyacaq gücdə.
Təkbaşına oturub bütün bunları düşündüyü zaman atasının bir zamanlar ona dediyi; “mən sənin çalışıb yorulmamağın üçün çalışdım, amma sən sən ol, övladlarının çalışıb yorulması üçün çalış!” sözlərini xatırlayırdı. Sanki özünün və ailəsinin başına gələcək müsibətləri öncədən görə bilirdi. Atası hər zaman ona dərslərinə fikir ver dediyi zaman onun sözünü eşitməməzliyə vurub dostları ilə əyləndiyi günlər gözlərinin önündə canlanırdı. Bu günə qədər hər şey yaxşı gəlmişdi. Bir dediyi iki olmamışdı. Bütün bunlar üçün atasına minnətdar idi. Bəs son günlərdə daxilinə nüfuz edən bu narahatçılıq haradan peyda olmuşdu?
Atasının ağılla, biliklə və öz zəhməti ilə uzun illər sıx ilmələrlə toxuyub ona həvalə etdiyi uğur parçasının sapları sökülməyə başlamışdı. Günü-gündən əlindəki mallar yoxa çıxır, qazancı zəifləyirdi. İş həyatında baş verən problemləri həll edəcək bilik və bacarığı olmadığı üçün daha da dərinlərə batırdı. Dünya yavaş-yavaş ona öz sərt üzünü göstərirdi. Cibləri boşaldıqca insanların yanında hörmət və izzəti də azalırdı. Çünki onu dəyərli edən, sahib olduğu yeganə şey olan mal-mülkü əlində qalmamışdı. Ailədəki sevdiklərinin də ona qarşı münasibəti dəyişmişdi. Əvvəlki kimi ona hörmət və ehtiram edilmirdi. Dünyada rahatlıqla əldə etdiklərini rahatlıqla da itirirdi. Bu gündən sonra nəyi, necə edəcəyi haqqında düşünmək üçün çox gec idi. Bu dünyada nə özü üçün bir şeylər edə bilmişdi, nə də övladlarının gələcəyi üçün. Bəlkə də lap başından atasının dediyi kimi övladlarının çalışması üçün çalışmalı idi.Nəticədə atasından ona miras qalmış var-dövləti qoruyub öz övladlarına ötürə bilməmişdi.
Gec də olsa öz övladlarının gələcəyi haqqında qara-qara düşünürdü. Bir zamanlar özünün sahib olduğu var-dövləti onlara vercəyindən əmin idi. Amma tale elə gətirmişdi ki, özünün əlindəkiləri də itirmişdi. Nə də olsa övladlarının təhsilinə fikir verməli idi. Özünün sahib olmadığı dəyərlərə övladları sahib olmalı idi ki, onlar da bir gün hər şeylərini itirsələr də hər şeylərini qazandıqları bilik və bacarıqlarını itirməsinlər. Bu da mümkün olmamışdı. Çünki o günə qədər o da öz övladlarının bir dediyini iki etməmişdi. Onların əziyyət çəkməməsi üçün əlindən gələni etmişdi. Həyat tam tərsinə dövr edirdi. Çox keçmədən həyat yoldaşı son zamanlar yaşadıqlarına dözə bilməyib gözlərini bu dünyaya əbədi yummuşdu. İki övladının da maddi vəziyyəti pis olduğu üçün onu qocalar evinə götürmüşdülər.
Bütün bu keçmişini qocalar evinin divarındakı lövhədə yazılmış, “Ata övladının zəhmət çəkməməsi üçün işləyib öz canından keçirsə, nəvə mütləq dilənçi olacaqdır”, yazısını oxuduqdan sonra yana-yana xatırlayırdı. İndi övladlarından çox nəvələri haqqında düşünürdü.
Göz yaşlarını silmək üçün gözlüklərini çıxartdı. Həftə sonu idi.Nəvələri onunla görüşə gəlmişdilər. Babalarına məktəbdə yaxşı oxuduqlarından, əla qiymətlər aldıqlarından ağızdolusu danışırdılar. Artıq istədiyinə nail olmuşdu. Onun nəvələri dilənçi olmayacaqlar deyə sevinc göz yaşlarını silib, dərindən bir nəfəs aldı. Övladları ondan, nəvərləri də onun övladlarından həyatda çalışmadan bir şeyə nail ola bilməyəcəklərini öyrənmişdilər. Artıq hava qaralmışdı. Görüş vaxtının bitməsinə beş dəqiqə qalmışdı. Nəvələrini başına toplayıb:“İnsan nə qədər çətinliyə düçar olsa da, onun sahib olduğu bilik və bacarığı ən çətin gündə onun köməyinə çatar. Həyatda pul dilənçisi deyil, kitab dilənçisi olun!” -dedi və qocalar evinin qaranlıq kolidorunda gözlərdən itdi...
ŞƏRHLƏR