Yetimləri himayə etmək

Yetimləri himayə etmək

  Bu dünyaya göz açan insanın həyatı acı və şirin bir çox xatirələrlə doludur. Bir qisim insanlar ana və atalarının isti nəfəsləri, şəfqət və  mərhəmətlərinin himayəsində böyüyürlər. Bir qisim insanlar da, Allahın təqdiriylə hələ doğulmadan vəya kiçik yaşlarında ana və atalarını itirərək onların sevgi və şəfqətindən məhrum qalaraq sıxıntılı bir ömür keçirirlər. Dinimiz ana və atasından birini vəya ikisini itirən bu kimsələrə “yetim” adını vermişdir.

   Yetim və kimsəsizlər, Allahın bütün müsəl­manlara bir əmanətidir. Buna görə də, yetim və kimsəsizləri himayə etmək,  onların ehtiyaclarını təmin etmək, haqq və hüquqlarını qorumaq bütün müsəlmanların vəzifəsidr.  Uca Allahın rizasını qazanmaq, cənnət müjdəsi almaq istəyən hər müsəlman, yetimlərə qarşı vəzifələrini yerinə yetirməlidir.

     Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərif­lərində belə buyurur:

    “Dul, yetim və fəqirlərin ehtiyaclarını təmin edən  kimsə, Allah yolunda cihad edənlə gündüz oruc tutub, gecə ibadət edən kimidir”.[1]

    Hədisi-şərifdə də bildirildiyi kimi, yetimlərə, kimsəsizlərə və dullara yardım edərək onların  ehtiyaclarını təmin edənlər Allah yolunda cihad edən, gündüz oruc tutub, gecə ibadət edənlər kimi savab qazanmaqdadırlar. Uca Allah müqəddəs kitabımız Qurani-Kərimdə səmimi və cənnətlik möminlərin vəsflərini zikr edərkən, qarşılıq gözləmədən yetimə yemək yedirməyi də sayaraq belə buyurmuşdur:

    “Onlar öz iştahlarının çəkdiyi, özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra yedirdikləri kimsə­lərə belə deyərlər): “Biz sizi ancaq Allah rizası üçün yedirdirik. Biz sizdən (bu ehsan müqa­bilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik”.[2] 

   Demək ki, yetimləri və yoxsulları yedirib içirmək, onlara yardım etmək, Allah və Peyğəmbərin diliylə desək: cənnət müjdəsidir.

Bunun üçün Allah Rəsulunun (s.ə.s) əshabı yetimləri və yoxsulları qoruyar, onları yedirdib içirdərdilər. Hətta səhabələrdən bəziləri süfrəsinə  bir yetimi dəvət etmədən yemək yeməzdilər.

    Əbu Bəkr İbni Hafs (r.a)-dan rəvayət edildiyinə görə:

    “Abdullah (İbn Ömər) (r.a) süfrəsində bir yetim olmadan yemək yeməzdi”.[3]

        

   Yetim və kimsəsizlərə yaxşılıq etmək, onlara yardım etmək nə qədər böyük bir savabdırsa, onları xor görmək, haqlarını yemək də, o dərəcədə təhlükəli və günah bir işdir.

    Ayə və hədislərdə  yetim malı yeməyin həlaka səbəb olacaq təhlükəli əməllərdən olduğu xəbər verilmişdir. Bir ayədə belə buyurulur:

   “Həqiqətən yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”.[4]

       Başqa bir ayədə isə belə buyurulur:

   “(Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);  Və (xalqı) yoxsulu yedirməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar)”.[5]

    “Elə isə yetimə zülm etmə! Dilənçini də qapından qovma!”.[6]

     O halda gəlin yetim və kimsəsizlərin haqlarını qorumağın və onlara yardım etməyin dini bir vəzifə olduğunu bilək. Bu vəzifəmizi yerinə yetirməməkdən dolayı, yetim və yoxsullara  maddi və mənəvi hər hansı bir zərər gələrsə bundan hamımızın məsul olduğunu unutmayaq. Yazımı bir hədisi-şəriflə yekunlaşdırıram:

    “Müsəlmanlar arasında bir yetimi alıb yedirən, içirən kimsə, əfv edilməyəcək bir günah işləməmişsə, Allah onu cənnətə qoyar”.[7]


[1] Müslim,  Kitabuz-Zühd, həd. Nö: 41.

[2] Əd-Dəhr, 8, 9.

[3] Kandəhləvi, Hədislərlə Müsəlmanlıq c. 2 s. 770-780.

[4] Ən-Nisa, 10.

[5] Əl-Maun: 1, 2, 3.

[6] Əd-Duha: 9,10.

[7] Tirmizi, Kitabul-Birr, 14. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz