SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Kenquru əti və ondan hazırlanan kolbasalar halaldırmı?

Cavab: İslam dininə görə, azıdişi ilə ovlayıb parçalayan və özünü müdafiə edə bilən heyvanların ətinin yeyilməsi qadağandır. Belə ki, canavar, ayı, aslan, pələng, şir, samur, meymun, kaftar, fil, it, pişik, tülkü, gəlincik kimi dördayaqlı heyvanlar bu qrupa daxildir. Azıdişi olduğu halda başqasına hücüm etməyən bir heyvanın isə əti yeyilə bilər. 

Məsələn, dəvə kimi. Əbu Hüreyrədən edilən rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Azıdişi olan hər vəhşi heyvanın yeyilməsi haramdır” (Müslim, Səyd, 15, 16; Əbu Davud, Ətimə, 32; Tirmizi, Səyd, 9, 11). Bundan başqa; dırnaq və pəncələri ilə ovlayan və cırmaqlayan quşların əti də haram və ya təhrimən məkruhdur. Qartal, qırğı, quzğun, qarğa, yarasa, şahin kimi quşları misal vermək mümkündür. Dırnaqlı olduğu halda bununla heyvanları ovlamayan quşlar isə yeyilə bilər. Məsələn, göyərçin buna misal verilə bilər. Həmçinin, yaradılış baxımından iyrənc olan və insanda ikrah hissi oyadan heyvanların əti də haramdır. Belə ki, kəsəyən, ilan, əqrəb, gənə, quru və dəniz tısbağası, arı, milçək, ağcaqanad, köstəbək, bit, birə və digər həşəratlar bunlara daxildir. Bununla yanaşı, insana ikrah hissi vermə məsələsi iqlim, bölgə, mühit və adət-ənənəyə görə dəyişə bilər. Belə ki, Abdullah ibn Abbas və Xalid ibn Vəlid Hz. Peyğəmbərlə birgə Hz. Meymunənin evində yeməyə oturduqları zaman süfrəyə ev sahibəsinin bir yaxınının Nəcd tərəfindən gətirdiyi qızarmış bir kərtənkələ qoyulmuşdu. Rəsulullah (s.ə.s) yemədikdə İbn Abbasın “bu heyvanın əti haramdırmı?” sualına: “Xeyr, lakin biz tərəfdə olmayan bir yeməkdir, xoşuma gəlmədiyi üçün yemirəm!” cavabını vermişdi. Sonra Xalid öz qabağına çəkərək bu yeməyi yemiş və Rəsulullah (s.ə.s) da heç nə deməmişdir (Buxari, Zəbaih, 33).

Onu da qeyd edək ki, Qurani-Kərimin müxtəlif ayələrində ölü heyvanın əti, donuz əti və Allahdan başqası adına kəsilən heyvan əti, eləcə də boğulmuş, vurularaq öldürülmüş, hündür bir yerdən düşüb ölmüş və ya bir heyvan tərəfindən buynuzla öldürülmüş heyvanların əti ilə vəhşi heyvanın parçalayaraq öldürdüyü heyvanların yeyilməsi qadağan edilmişdir.

Nəticə etibarilə, kenquru yuxarıda qeyd edilən vəhşi heyvanlar sinfinə girmədiyi üçün ətinin yeyilməsi ilə bağlı hər hansı qadağa yoxdur.

Cümə namazına gedən şəxs xütbəyə çata bilməyib yalnız namazın fərzinə yetişsə nə etməlidir? İmama uyub iki rükəti qılsın yoxsa ayrıca günortanı qılsın?

Cavab: Əvvəlcə qeyd etmək lazımdır ki, xütbə cümə namazının etibarlı olması üçün tələb olunan şərtlərdəndir. Belə ki, cümə namazı ilə bağlı ayədəki “Allahı zikr etməyə tələsin” (Cümə, 62/9) ifadəsindəki “Allahı zikr etmək”də məqsəd cümə namazı və xütbədir. Hz. Peyğəmbər (s.ə.s) xütbəsiz heç bir cümə namazı qıldırmamışdır. Vaxt girdikdən sonra ən az bir nəfərin hüzurunda xütbə oxunmalıdır. Xütbə əsnasında heç kim olmayıb daha sonra namaza gəlsələr, namazları caiz olmaz. Heç olmasa camaatdan bir nəfər olsa və xütbə  oxunsa, digər bütün camaat sonradan gəlsə, namazları səhihdir. Bundan əlavə, camaatın xütbəni eşitməsi şərt deyil, orada olmaları kifayətdir. Xütbə əsnasında yolçu belə olsa hər hansı bir mükəlləf kişinin orada olması kifayət hesab olunmuşdur. Beləliklə, gecikən şəxs gəlib camaata uysa cümə namazı keçərli sayılır.

Ticarətlə məşğul olan şəxs, satdığı mala ən çox nə qədər kar payı qoya bilər? İslamda bunu məhdudlaşdıran bir hökm varmı?

Cavab: Ayə və hədislərdə ticarət və qazancdan ümumi olaraq bəhs olunmuş və iqtisadi həyatın müəyyən prinsiplər əsasında davam etməsi tələb edilmişdir. Qazancın da təbii və əxlaqi normalar çərçivəsində əldə edilməsi əsas götürülmüşdür. Peyğəmbərimiz (s.ə.s) ondan bəzi mallara müəyyən qiymət qoyulmasını istəyənlərin tələblərinə yanaşmamış və sərbəst ticarətə qarışmamışdır. Ancaq azad rəqabət əsasını qorumaq və insanların təməl ehtiyaclarının istismar edilməsinə əngəl olmaq üzrə lazımi tədbirlər də görülmüşdür. Sələmin, ehtikarlığın qadağan olunması və ehtiyac anında nırxa müraciət edilməsi bunlar arasında sayıla bilər.

Onu da qeyd etmək lazımdır ki, alğı-satqı müqaviləsində müəyyən qazanc həddinin qoyulmaması, satıcının istədiyi qiymətə sata biləcəyi mənasına gəlmir. Yalan yerə and içmək, malın qüsurunu gizlətmək, malda olmayan xüsusiyyətlərlə malı tərifləmək, maliyyəti yüksək göstərmək, mal azlığından istifadə etmək kimi yollarla müştərini təsir altına salaraq öz qiymətinin üstünə həddindən artıq çox kar qoymaq, yəni “fahiş qiymət/həddi aşan qiymət” hesab olunur. Məhz burada haqqı olmayan yüksək məbləğ satıcıya halal deyildir.

Avtobusda gedərkən oturacaqda mürgüləyən şəxsin dəstəmazı pozularmı?

Cavab: Əvvəlcə vurğulamaq lazımdır ki, ağlın dərk etmə qabiliyyətini itirən hallar dəstəmazı pozan hallardır. Belə ki, yatmaq, huşu itirmək, ağlı itirmək, sərxoşluq və ya epilepsiya tutmaları bunlar arasında sayıla bilər. Odur ki, əgər mürgüləyən şəxs tam yuxuya getməyib ətrafda olanları duyur, səsləri eşidirsə onda dəstəmazı pozan hallar baş verdikdə bunu hiss edəcəkdir. Belə halda dəstəmazı, sadəcə mürgüləməklə pozulmaz.

Fərz namazın dördüncü rükətində fatihədən sonra səhvən zəmmi surə oxuyan şəxs nə etməlidir?

Cavab: Dörd rükətli fərz namazların üçüncü və ya dördüncü rükətində “Fatihə” surəsindən sonra zəmmi, yəni əlavə surə oxuyan şəxs namazın axırında səhv səcdəsi etməlidir. Çünki sözügedən əlavə surəni oxumaqla namazın fərz və ya vaciblərini gecikdirmiş olur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz