BİR HƏDİS

BİR HƏDİS

عَنْ سَهْلٍ، قَالَ: رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {وَأَنَا وَكَافِلُ اليَتِيمِ فِي الجَنَّةِ هَكَذَا} وَأَشَارَ بِالسَّبَّابَةِ وَالوُسْطَى، وَفَرَّجَ بَيْنَهُمَا شَيْئًا

            Səhl (r.a)-dan rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s): “Mən və yetim(ləri) himayə edən kimsə cənnətdə bu şəkildə yanaşı olacağıq”, – deyə buyurdu və şəhadət barmağıyla orta barmağını bir az aralayaraq işarə ilə göstərdi. (Buxari, Talaq, 24; Müslim, Zöhd, 2)

            Hər bir valideyn övladını himayə edərək ona qol-qanad gərər. Gəlməsi möhtəməl olan hər hansı mənfi təsirə qarşı övladını qoruyar. Fəqət yetim olan kimsələr bu himayədən məhrumdurlar. Bu səbəblə də, Rəsulullah (s.ə.s) hədisində bu məqama diqqət çəkərək yetimləri himayə edib cəmiyyətə qazandırmağın önəmini vurğulamışdır. Özüdə bir yetim olaraq böyüyən Rəsulullah (s.ə.s) yetimlərin çəkdiyi sıxıntıları, qarşılaşdıqları çətinlikləri əyani olaraq yaşamışdır. Yetimlərin valideynlərdən hər hansı birinin ya da hər ikisinin yoxluğu səbəbilə şəfqətə, mərhəmətə, sevgiyə, gülər üzə susamış olaraq böyüməsini və çəkdikləri sıxıntıları şəxsən yaşayan Allah Rəsulu (s.ə.s) bir hədisi-şərifində belə buyurmuşdur: “Kim Allah rizası üçün bir yetimin başını sığallayarsa, əlinin toxunduğu hər saç telinə qarşılıq olaraq ona savab vardır”. (Əhməd İbn Hənbəl, Müsnəd, V, 250).

            Yetimlərin qorunması, himayə olunması, onlara qarşı şəfqət, mərhəmət, sevgi və gülərüzlü davranılması mövzuları Qurani-Kərimdə də üzərində durulan məsələlərdəndir. Yetimlərin həddi-büluğa çatana qədər sahib olduqları mal varlıqlarının qorunmasına işarə edən Allah-Təala belə buyurmuşdur: “Yetimin malına, xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın düşməyin ...”. (Ənam 6/152) “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”. (Nisa 4/10). Burada qeyd olunan iki ayədəndə anlaşıldığı kimi, yetimlərin öz ayaqları üzərində dura biləcəkləri çağa gəlincəyə qədər onları və sahib olduqları mal varlıqlarını qorumaq Allahın insanlara bir əmridir. Allahın əmrini yerinə yetirərək yetimləri himayə edənin mükafatı da heç şübhəsiz cənnət və hədisi-şərifdə qeyd olunduğu kimi Allah Rəsulu (s.ə.s)-ə qonşu olmaq olacaqdır.

            Bir qanadı qırılmış bir quş kimi taqətsiz və çarəsiz olan yetimlərə sahib çıxmaq cəmiyyətdəki hər bir fərdin ən ümdə vəzifələrindəndir. Vaxtında sahib çıxılmayan bu insanların sonradan həyatın normal axarı ilə davam etmələri çox vaxt mümkün olmamaqdadır.Bu baxımdan da Rəsulullah (s.ə.s)-in bu hədisi-şərifi düşünənlər üçün ibrətlərlə doludur. Unutmamaq lazımdır ki, yetimlərə, kimsəsizlərə, çarəsizlərə və cəmiyyətdə hər cür ehtiyac içində olanlara qarşı maddi və mənəvi dəstəyin verilməsi, o cəmiyyətin sağlam bir cəmiyyət olması baxımından ən böyük xidmətlərdəndir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz