Nəqşibənd, Xalidiyyə İsmailiyyə Mahmudiyyə qızıl silsiləsi (1322/1905)
Nəqşibəndilik, Azərbaycan tarixində iki dövrü XV və XX əsrləri əhatə edir. Xalidi Bağdadinin təriqət prinsiplərinin İsmail Siracəddin Şirvani Kürdəmiri vasitəsilə Qafqazda yayıldığı XIX əsr nəqşibəndilik axımı, ölkənin tarixi baxımından əhəmiyyəti olan sufizm hərəkatıdır. Bir tərəfdən Qafqazda ənənəvi İslamın kökləşməsinə xidmət etməsi, digər tərəfdən Çar Rusiyasının parçalama siyasətinə qarşı vəhdət konsepsiyasını dirçəltməsi səbəbilə bu təsəvvüf axımı çar çinovnikləri üçün ciddi narahatçılıq səbəbi idi. Mürşid və müridlərin bəziləri həbs edildi, bəziləri isə sürgünə göndərildi. Təqiblərə məruz qaldılar. Mülkləri müsadirə edildi. Ancaq ruhdan düşməyən hərəkat bəzi məqamlarda rus çinovniklərini onlarla “barışmağa” məcbur etdi. Onlardan biri də təriqət ədəbiyyatının (senzuralı) nəşri idi.
Nəşriyyat arasında 1905-ci ildə Sankt-Peterburqda senzuradan keçmiş və Movroyevin nəzarəti ilə çap edimiş busilsilətəsvirixüsusi diqqət çəkir. Sufi ədəbiyyatında “Qızıl Silsilə”adlanan əsərin dərkənar qeydlərindən məlum olur ki, əsər 22 zilqadə 1322-ci ildə Qafqazın son nəqşibənd şeyxlərindən Qandaxlı Şueyb Əfəndi Baqini (1853-1909) tərəfindən tərtib edilmiş və Əbu İshaq İsmail əl-Çuxinin dəst-xətti ilə nəsx üslubunda yazılmışdır.
Silsilə bütövlükdə üç ayrı hissədən ibarət əsərin bir hissəsidir. Xəlvətilik, Qadirilik və Şazəli təriqətləri bir hissəni, Nəqşibəndilik (Mahmudiyyə qolu) ikinci hissəni təşkil edir. Üçüncü hissə isə bütün təriqətləri bir nöqtədə birləşdirən, bir baxıma təriqətlərin vəhdətini təşkil edən ortaq dəyərlərin təsviridir.
Xalid Şah Bağdadinin xəlifəsi İsmail Şirvani Kürdəmiri (v.1848) vasitəsilə Qanıx-Həftəran vadisində yayılmış Almalılı Mahmud Əfəndi qolu və Xas Məhəmməd Şirvani vasitəsilə yayılan Dağıstan qolu silsilənin əsasını təşkil edir. Nəqşibənd silsiləsinin ən mühüm cəhəti, qızıl silsilədəki böyük İmam Cəfəri-Sadiq (r.a) ünsürünün (şiə və sünnü) iki məzhəbin birləşdiyi ortaq dəyər olmasıdır. Öz hakimiyyətini parçalama siyasəti ilə quran Çar Rusiyası üçün bu birlik yolu ən böyük maneə idi. Qafqaz Nəqşibəndiliyinin dinamizmi sayılan bu hərəkatın 1905-ci ilədəkqızıl silsiləsi belədir:
İsmail Siracəddin Şirvani Kürdəmiri, Yəhya Bəy Qutqaşeni, Lələli Yunus Əfəndi, Almalılı Mahmud Əfəndi və Talalı Hacı Əhməd Əfəndi; Mahmud Əfəndi və Talalı Əhməd Əfəndi ilə şaxələnən xəlifələr həm də Şirvanidən sonra ən geniş yayılmış sufi qoludur. Təsvirin ən alt hissəsini təşkil edən Talalı Əhməd Əfəndinin xəlifələri sırası ilə belədir:
1) Hafiz Şueyb Əfəndi Baqini 2) Hacı Osman Əfəndi Saxuri ibn Həzrət Əfəndi 3) Hacı Mustafa Əfəndi 4) Abdulvahhab Əfəndi ibn Molla İsmail Saxuri 5) Həsən Dibir ət-Taşi Dağıstani 6) Hacı Musa Dibir Qarani Dağıstani 7) Hacı Mamay Əfəndi İlisuvi 8) Hacı Ömər Əfəndi Kərali Dağıstani 9) Hacı Mustafa Əfəndi Malaxi 10) Hacı Şirin Əfəndi Güllüki 11) Abdurəhman Əfəndi Ənhadi 12) Musa Əfəndi Kinvəli Şəkəvi 13) Teymurxan Əfəndi Qaraçavi Çərkəzi 14) Murtaza Alı Əfəndi Xaraxi 15) Hacı Gülməhəmməd Əfəndi Mosulli 16) Hacı Abdurrəhman Əfəndi Qazıqumuği 17) Hacı Abdussalam Əfəndi Xaçmazi 18) Hacı Şamil Əfəndi Batuni 19) Hacı Ömər əl-Hədli Uradi 20) Undal Hacı Uradi 21) İbn Həcər Akaxi 22) Bəkri Əfəndi Meşleşi 23) Cüneyd Əfəndi Qubali
Sovet istilası ilə durğunluq dövrü yaşayan təriqət, Əhməd Əfəndi Talalıdan sonra Qandaxlı Hafiz Şueyb Əfəndi Baqini, Cəlisullah Hacyov Əfəndi və bu qolun Qafqazdakı son nəqşibənd şeyxi Muxaxlı Nasih Əfəndi (v.1996) ilə davam etmişdir.
Qandaxlı alim Hafiz Şueyb Əfəndi Baqininin “القصيدة النظمية في بيان سلسلة النقشبندية / əl-Qasidətun-Nazmiyyə fi bəyani silsilətin-Nəqşibəndiyyə” “Nəqşibənd silsiləsinin bəyanı” qəsidəsi(Bax: İrfan jurnalı, 2015 sentyabr sayı) məhz qeyd edilən bu qızıl silsiləyə həsr edilmiş ərəb dilində bir qəsidədir.
Əsərin əldə edilən tək əsl çap halı və həmçinin mürşidi-kamil Nasih Əfəndinin öz dəst-xətti ilə işləyərək müridlərinə hədiyyə etdiyi əl yazısı bir nüsxəsi hal-hazırda Bakı İslam Universiteti Zaqatala şöbəsinin xüsusi fondunda qorunur. Aşınmış halda aşkar etdiyimiz silsilə nüsxəsinin bu ikinci hissəsi müasir texniki imkanlarla şəkildəki kimi əslinə müvafiq hala gətirilmiş və yenidən nəşrə hazırlanmışdır.
ŞƏRHLƏR