Ahmed SADIK - YAZDIQLARI İLƏ KÖNÜLLƏRDƏ TAXT QURAN ŞAİR
Mərhum Məmməd Aslanın əziz xatirəsinə
Tarixin gedişatında Türk-İslam coğrafiyası XX əsrin əvvəllərində acı və kədərli günlər yaşadı. Həm Anadoluda, həm də Osmanlı coğrafiyasından qopan torpaqlarda dərin hüzn və həsrət yaşandı. Anadolu o qədim coğrafiyaya həsrətlə baxarkən, əksəriyyətində SSRİ-nin hökm sürdüyü torpaqlarda da Türkiyə üçün qəlbi hicranla dolu, can verməyə hazır minlərlə ürək vardı.
Hər çətinliyin ardından asanlıq, hər gecənin ardından da aydın səhər gələcəyi bir gerçək idi. Və o gün gəldi. Dəmir pərdələr yırtıldı. Qardaş coğrafiya müstəqilliyinə qovuşdu. Mərd ürəklərdəki həsrət yerini vüsala verdi. Məhz o aslan ürəkli insanlardan biri də Can Azərbaycanın milli şairi Məmməd Aslandır.
Məmməd Aslanın həyat səfəri 1940-cı ildə Kəbəcərin Laçın kəndində başlamışdı. Uşaqlığı və ədəbiyyatla ilk tanışlığı aşıq ədəbiyyatının məskəni olan bu gözəl yurdda xalqın ruhundan bəslənmişdi.
Onun atası Muxtar müəllim də aşıq ədəbiyyatında söz sahibi idi. Kiçik yaşda atasını itirən şairin əsil müəllimi həyatın ağrı-acısı oldu. Burada uşaqlıq və gənclik illərinin ilk şeirlərini yazan şair ədəbiyyat təhsilini aldıqdan sonra yenidən bu torpaqlara qayıdaraq ədəbiyyat müəllimi kimi çalışmış, həm də qəzetdə məsul katib işləmişdir.
Məmməd Aslan həm klassik, həm də söz ədəbiyyatında zəngin dil xəzinəsinə sahib idi. Şairin ən böyük xüsusiyyətlərindən biri də ədəbi üslubunun sadə və xalq dilinə yaxın olması idi.
Məmməd Aslanı sadəcə şair kimi görmək doğru deyil. O, uzun illər ədəbiyyat dünyasında özünəxas ustalıqla qələm oynadan yazıçı idi. Yaşadığı cəmiyyətin dərdlərini ən gözəl üslubla dilə gətirmişdir. Qələmə aldığı yazılarında, şeirlərində və zaman-zaman ərsəyə gətirdiyi bütün əsərlərində bunu görmək mümkündür.
1985-ci ildə qələmə aldığı “Ərzurumun Gədiyinə Varanda” kitabı bunun ən gözəl nümunəsidir. Bu əsərlə həm gözəl bir əsər ərsəyə gətirdiyi halda, həm də uzun illərin həsrətindən sonra ürəyində vulkan kimi püskürən Anadolu sevdasını kağıza əks etdirmişdi. Türkiyə adının çəkilməsinin qadağan olduğu bir dövrdə belə bir əsər qələmə alması eyni zamanda onun nə qədər cəsarətli olduğunu göstərirdi.
Həm bu kitabı, həm də ömrü boyu yazdığı yazı və şeirləri ilə Məmməd Aslanın ürəyi Azərbaycan-Türkiyə qardaşlığının daha da güclənməsi, Türk dünyasının birliyi üçün döyünmüşdür. Həyatı boyu sanki mənəvi körpü rolu oynamışdır. Onun qəlbi daim Türk-İslam coğrafiyasının dərd və kədərləri ilə dolu olmuşdur. Krım, Bosniya, Kosova, Şərqi Türküstan və digər məzlum diyarlarda baş qaldıran alovlar onu dərindən sarsıtmışdır. “Bosniya Alovlar İçində” şeirini oxuyanda sanki Bosniyanın deyil, şairin ürəyinin yandığını hiss etmək mümkündür.
Azərbaycanın müstəqillik qazandığı çətin günlərdə - 20 Yanvar hadisələrində Məmməd Aslanın qələmi sanki mürəkkəbini ürəyindəki qandan alaraq o acı günləri dilə gətirirdi. Şəhidlər üçün yazdığı “Ağla qərənfil, ağla” şeiri şəhidlərin ölümsüzlüyünü ortaya qoyarkən, Məmməd müəllimin ürəyindəki sevdanı da işıq üzünə çıxarmışdır. Məhz bu şeir daha sonra Türkiyədə də bəstələnmiş və uzun illər dillərə dastan olmuşdur.
Məmməd Aslanın şeirləri vətən, bayraq, torpaq, Allah və Peyğəmbər sevgisi ilə doludur. Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığının 1994-cü ildə təşkil etdiyi Beynəlxalq Nəti-Şərif müsabiqəsində birinciliyə layiq görülməsi və o dövrün baş naziri tərəfindən mükafatlandırılması bunun ən bariz nümunəsidir.
Onun qələmi həm yaşadığı torpaqlardan, həm də irfan coğrafiyamızdakı könül ərlərindən qidalanmışdır. Mədəniyyətimizin çırağı olan Haqq dostları daim yoluna işıq tutmuş və onların nuru ilə yoluna davam etmişdir. Məhəmməd Füzuli, Mövlana, Nizami, Yunus Əmrə, Əziz Mahmud Hüdayi aşiqi; Dədə Şəmşir, Aşıq Veysəl, Mehmed Akif, Nəcib Fazıl heyranı idi.
Bizim Məmməd Aslanla tanışlığımız da bir irfan əhlinin könül bağçasında, Hüdayinin gülüstanında olmuşdu. Uzun illərdən sonra Həzrət Hüdayinin elm, irfan, mərifət çırağı yenidən yanır və fəzilət işığı hər yeri aydınladırdı. Yanıq qəlblər əzəldən işığa həsrət pərvanələr kimi könül coğrafiyamızın hər yerindən bura axışırdı. Onun İstanbula, Hüdayiyə hər gəlişi bambaşqa gözəllik idi. Onun iştirak etdiyi ədəbiyyat məclislərində Türk-İslam dünyasının dərdlərini, kədərini, çilələrini ilmək-ilmək qəlbimizə işlədiyini hiss edərdik. Onun ürəyi çox sevdiyi Ağrı dağı kimi böyük idi. Hər gəlişində yalnız İstanbulu deyil, Ankara, Bursa, Bandırma, Ağrı, Sakarya, Konya, Karaman başda olmaqla bütün Anadolunu qarış-qarış gəzərdi. Bütün bu səfərlərində mənəvi oğlum dediyi Nəcməddin bəy onu müşayiət edərdi.
Məmməd Aslan Möhtərəm Osman Nuri Topbaşla dərin könül bağı qurmuşdu. Onun vəsiləsi ilə mərhum Musa Topbaş Əfədimizlə də güclü məhəbbət əlaqəsi qurmuşdu. Mərhum Musa Əfəndi ilə saatlarla davam edən könül söhbətləri oldu. Bəlkə də bunları lentə ala bilən yeganə isnan Məmməd Aslan idi.
“Haqqa Uzanan Yolda”adlı şeirində ona ibadət həyəcanı aşılayan Möhtərəm Osman Nuri Topbaş bəyə “Qıldığım namazın savabı bu ulu ibadəti mənə aşılayan Osman Nuri Topbaş həzrətlərinin ipək könlünə fərəh gətirsin” deyərək ithaf edir.
Mərhum Musa Topbaş Əfəndimizin vəfatından sonra qələmə aldığı “Bir Sultan Yaşardı Sultantəpədə” adlı şeiri isə onun məna aləminin dərinliklərini anlamaq xüsusundakı zərifliyini ortaya qoyur. Bu şeiri də sonradan sevənləri tərəfindən bəstələnmiş və bugünə qədər zövqlə qulaq asılmaqda və hicranlı könüllərə su səpməkdədir.
Şair Məmməd Aslan da sürətlə axan həyat çayının sonuna gəldi. Ömür təqviminin son səhifəsinə çatdı. Ağacların yarpaqlarını tökməyə başladığı bir payız mövsümündə səssizcə uzun səfərə çıxdı.
Vəfatından bir az əvvəl yazdığı son şeiri olan “Son Nazlama” isə sanki bir vida məktubu idi.
“Baxma hər yazdığım dastan olmadı
Qəlbim toy-düyündən yasdan olmadı...
Qəm etmə ki: Məmməd Aslan olmadı
Axtarsan taparsan vərəq üstündə”.
Ümid edirik ki, Məmməd Aslanın bu ayrılığı çox sevdiyi və tez-tez dilə gətirdiyi Həzrət Mövlananın Şəbi-Arusu kimi onun da toy gecəsi və qovuşma bayramıdır.
Ülvi səfərin mübarək olsun Məmməd abi...
ŞƏRHLƏR