Dünyanın Mərkəzinə Səyahət

Dünyanın Mərkəzinə Səyahət

Doğrusunu söyləsəm, neçə gündür bu məqaləni hazırlamaq üçün, atalar demişkən:“Min ölçüb bir biçməyə çalışıram”.Bilirəm, inşallah, başlaya bilsəm davamı gələcək. Amma yenə də hər şeyin başlanğıcı kimi bunda da bəzi sıxıntılar oldu. Bu xatirə yazıma Dünyanın Mərkəzinə Səyahət adını qoydum. Bunun doğru olduğunu sanıram. Sadəcə orada olanlar bunu doğrulaya bilər, ora həqiqətən də dünyanın mərkəzidir.

 Bəlkə son texnoloji imkanlar, işıqlı və geniş küçələr, hər gün şampunla təmizlənən prospektlər, səliqə-səhman və s. cəhətləri ilə olmasa da... Amma hər halına rəğmən, Allahın son kitabının, Peyğəmbərinin və son dinin endirildiyi məkan olaraq, bütün dünya müsəlmanlarının hər gün ən azından beş vaxt yönəlib ibadət etdikləri Kəbənin varlığını düşündüyünüz zaman bu fikrimi təsdiqləyəcəksiniz. Hətta Kəbənin çox yaxınında namaza durduğunuz zaman arxanızda milyonların varlığını, onların yalvarış və dualarını, gözlərini yumduğun zaman bu milyonlarınvarlığını və mərkəzə yönəlişini hiss edən zəvvarların olduğunun şahidi olduq. Səyahətə başlamadan on dörd il əvvələ gedək:

Haradasa 2001-ci ilin yay aylarıdır. Mən İstanbulda təhsil alıram. Özümü ən xoşbəxt insan kimi hiss edirəm. Sevincimin həddi-hüdudu yoxdur. Bunun səbəbi stiresli tədris dönəminin bitməsi və tətil səbəbi ilə Azərbaycana valideynlərimin yanına gələcəyim deyil,bir neçə gün sonra bir qrup dostlarla Ümrə ziyarətinə gedəcəyimizdir. Bütün hazırlıqlar bitmiş sadəcə uçuş günümüzün gəlməsini böyük səbirsizliklə gözləyirdik. Haradasa gedişimizə iki yada üç gün qala mənim böyrəyimdən bir ağrı tutdu. Ağrı o qədər şiddətli idi ki, o günə kimi diş ağrısı çəkən birisi olaraq çox həyəcanlandım. Doktor müayinəsindən sonra məlum oldu ki, böyrəyimdə daş var, düşmək üzrədir. Mən üzümdəki ifadəni xatırlayıram: “Eeee, nə olacaq?” - deyə soruşdum. Cavab: “Təcili olaraq əməliyyat olmağın lazımdır, bu halda heç bir yerə gedə bilməzsən”. Bəli, bu cavabı eşidərkən mənim sanki dünyam dağıldı. “Doktor başına dönüm, bir şeylər elə, mən iki gün sonra Ümrəyə gedəcəyəm.Gedim-gəlim əməliyyat olarıq”, - dedim. Hətta birazda özümüzə məxsus alışqanlığımıza salıb haradasa doktora hörmət belə eləməyi düşündüm. Adamın mənə cavabı: “Yarından gec olmamaq üzərə əməliyyat olman lazım”- oldu. O zaman bizimlə Adem abimiz maraqlanırdı. “Abbas,demək ki, sən gedə bilməyəcəksən”- dedi abimiz.

Bəli, gün gəlib çatdı, dostlar yola çıxacaqlar.Hər kəs çox sevincli, sadəcə mən öz taleyimdən küsmüş kimi, birdə böyrək ağrısı ilə dərd üstünə dərd çəkirəm. Son olaraq Hocamızla görüşə getdik. Gözəl bir söhbətdən sonra Adem abimiz:“Hocam Abbas gedə bilmir, acilən böyrək əməliyyatı olması lazım” – dedi. Hocam: “Kuzum, üzülmə! Bu səyahətlər üçün qapının oradan açılması lazım. İzin çıkmadan nə yaparsın yap, gidəməzsin” – dedi. Mən o zaman bu səyahətin digərlərindən fərqini anladım. Ən acı tərəfi isə mənim buna hazır olmadığımı və haqq etmədiyimi dərk etməyim idi.

Doğrusunu deyim ki, o gündən sonra hər il ümrə və ya həcc ziyarətinə getməyi planladım. Amma hər dəfəsində də -aspiranturadan məzun olmaq, evlilik, ata olmaq və s. kimi- hər hansı bir dünyalıq iş  səbəbi ilə gedə bilmədim. Ətrafımdakı dostlara bu səbəbləri desəm də, əsil səbəbin illərdir qulağımdan getməyən, Hocamın:“Bu səyahətlər üçün qapının oradan açılması lazım. İzin çıkmadan nə yaparsın yap, gidəməzsin” ifadəsi idi. Əksəriyyət həcc üçün əsas səbəbin maddi olduğunu düşünsə də, mən hər zaman, başına gələn biri olaraq bunu haqq edib-etməməyə bağladım.

Türkiyədə tələbə olduğum zamanlarda Ahmed adlı bir dostumuz vardı. Allaha olan sevgisi, Peyğəmbərimizə olan təslimiyyəti və çox müvəffəqiyyətli olması bu din qardaşımız üçün bir çox qapıların rahatlıqla açılmasına səbəb oldu. Anadoludan gəlib İstanbulda tələbə olan qardaşımız imkanlı ailədən olmamaqla bərabər bütün təhsil xərclərini də özü həll eləməyə çalışırdı. Sadəcə onu deyim ki, hələ tələbə ikən Allahın köməyi ilə hər il Ümrə ziyarəti edə bilən Ahmed qardaşımız mənə bir nömrəli nümunə oldu. Bütün bunların canlı şahidi olaraq da maddiyyatın və tanınmış olmağın hər şeyi həll etmədiyi qənaətinə gəldim. Hətta bu günlərdə - ekonomik vəziyyətin piss olduğu bir vaxtda - həccə necə gedə bildin deyə soruşanlara bir cavab olaraq deyim ki, bu işlər həqiqətən pulla olmur. Ahmedin həyatında və Hocamın ifadəsində olduğu kimi...

11 sentyabr 2015-ci il, mən Həcc ziyarətinə gedirəm...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz