Yeni nəslin sindromlarla imtahanı

Yeni nəslin sindromlarla imtahanı

İnsan oğlunun həyatında bir çox qayğılar yer alır. İşə gecikmək, imtahanı qazana bilməmək, işdə müvəffəq ola bilməmək və buna bənzər qayğılar həyatımıza qorxular qatmaqda və bu qayğılardan qaynaqlanan qorxu, stres, həyəcan və s. insan həyatına mənfi yöndən təsir etməkdədir.

Həyatımızda bu qədər qayğılar, qorxu və streslər varkən, bu azmış kimi bir də çağımızın texnoloji icadlarından qaynaqlanan yeni bir problemlə üz-üzəyik. Elə bir problem ki, ən çox gənclərimizi və yeni nəsli ovcuna alaraq onları bu girdaba batırmaqdadır.

Həyatımıza daxil olan bu sindromlardan birincisi Nomofobiyadır. Nomofobiya - cib telefonundan məhrum qalma qorxusudur. Bu qorxu  xüsusilə gənc nəslə təsir etmişdir. “No mobile phobia” deyə də adlandırılan bu fobiya gündən-günə artmaqdadır.[1] Başqa bir ifadə ilə  desək: mobil telefondan uzaq olduqda və ya telefon söndürüldükdə, enerjisi bitdikdə insanlarda meydana gələn qayğı, dost və yaxınlarla əlaqədən uzaq qalma, məlumat ala bilməmə qorxusu deməkdir.

Mobil telefonlardan o qədər asılı vəziyyətə gəldik ki, küçədə gəzərkən, evə girərkən və avtomobil idarə edərkən belə telefon qulağımızda hərəkət etməkdəyik. Hətta bir dostumuzu, qohumumuzu ziyarət edərkən telefon ilə məşğul olmaqdayıq. Yatarkən belə telefonu yastığımızın altına qoyaraq yatır, sanki onu baş tacı edirik.

İnsanların bir çoxu yatarkən belə telefonu söndürməyi sevmir. İşimiz, qohumlarımız və uşaqlarımıza görə hər zaman əlaqə saxlanıla bilinən olmaq istəyirik.

Elə insanlar da var ki, telefonun enerjisi bitdikdə, balansı qurtardıqda, əhatə dairəsindən uzaq yerdə olduqda bu onlar üçün qorxuya səbəb olmaqdadır.

Mobil telefonların insan sağlığına verdiyi zərərlər barədə xütəxəssislərin bu qədər xəbərdarlıqlarına rəğmən hələ də telefonu kontrollu şəkildə istifadə edə bilmirik.

Nomofobik insanlar üçün telefonla danışmaqda məkan və zaman problemi yoxdur. Harada olduqları onlar üçün fərq etmir. Hətta iclasda, dərsdə, həkim müayinəsində və məsciddə telefonla danışanlara da şahid oluruq.[2]

Diqqət çəkən digər bir məqam, böyüklərlə yanaşı, uşaqların da həyatına telefonun daxil olması və onlarda nomofobiya halına gəlməsidir. Təbii ki, burada valideynlərin uşaq tərbiyəsindəki yanlış metodlarının da rolu vardır. Uşaqların ağlamaması, valideynləri narahat etməməsi, evə qonaq gələndə ortada görünməmələri və evdə sakit durmaları üçün valideynlər vasitə olaraq telefondan istifadə edirlər. Bu isə uşaqlarda telefon aludəçiliyinə və nomofobiyaya gətirib çıxarır.

Nomofobiya ilə yanaşı daha bir sindrom ilə üz-üzə qalmaqdayıq. Buna “Xəyalən titrəyiş” sindromu deyilir. Cib telefonlarına zəng gəlmədiyi halda cibdə və ya çantada zəng gəldiyini/titrədiyini zənn edərək onu yoxlamağa “Xəyalən titrəyiş” sindromu deyilir. Bu sindrom adını tibdəki “Fantom sindrom” adından almışdır. Hər hansı bir üzvün xəstəlik, döyüş, qəza və s. kimi səbəblərlə amputasiya edilməsinə (itirilməsinə) rəğmən o üzvün həmin bölgədə hələ də varmış kimi hiss edilməsi və ağrı verməsidir, Fantom Sindromu.

Kəsilən üzv yerində olmasa da, beyin onu yerində imiş kimi qəbul edir. Mobil telefonların insanın həyatına bu qədər daxil olması Nomofobiyaya və onun davamı kimi Xəyalən titrəşim sindromuna gətirib çıxarmaqdadır. Təbii ki, biz telefondan ümumilikdə imtina edilməsinin tərəfdarı deyilik. Qeyd etdiyimiz məsələ bir şeyin normadan, ölçüdən və müəyyən həddən kənara çıxmamasıdır. Yəni anormallaşmamasıdır.

“Bir inci saflığı varsa da suda, artıq içilərsə dərd verər o da” deyən dahi şairimiz şeyx Nizaminin bu sözü telefon, internet, kompüter və ümumilikdə məqsədə çatma yolunda mövcud olan bütün vasitələr üçün bir meyardır.

Nomofobiya və Xəyalən titrəşim sindromundan  çıxış yolları haqqında psixoloqlar yetəri qədər informasiya və tövsiyələr vermişlər. Biz isə burada başqa bir məqama toxunmaq istəyirik. İrfan əhli bir şəxsin də buyurduğu kimi: “yaxın gələcəkdə əxlaq kitablarında telefondan istifadə ədəbi, telefon ədəbi deyə bir mövzunu da görəcəyik”. Bu, artıq bir zərurətdir. Ədəbi-müaşirət kitablarına “telefon ədəbi” deyə bir mövzu da əlavə edilməlidir. Birisinin bizimlə söhbət edərkən sözümüzü yarımçıq qoyaraq telefonla məşğul olması yəqin ki, tərəfimizdən qəbul edilməz bir hərəkət olardı və bunu şəxsimizə hörmətsizlik kimi qəbul edərdik. Telefonla məşğul olduğu üçün özündən incinilən insanlar da az deyil. Bəlkə də telefonu üsuluna və ədəbinə görə işlətməmək neçə-neçə dostluqların pozulmasına səbəb olmuş, küsülülükləri meydana gətirmiş, hətta ailə dramlarının yaşanmasına belə səbəb olmuşdur.

Telefon, bu gün artıq hər nə qədər bir zərurət halına gəlsə də, həyatımızın ayrılmaz bir parçası olsa da, bu əsla bizim üçün nə nomofobik olmağa, nə Xəyalən titrəşim sindromuna tutulmağa, nə də ədəb və nəzakət qaydalarını tərk etməyə haqq qazandırmaz.

Çalışaq ki, həyatımızda vasitələr məqsədləri əvəz etməsin.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz