ŞƏFQƏT TOXUMU

ŞƏFQƏT TOXUMU

Mərhəmət – Allahın insanlara xoşbəxtlik qapısını aralamaq üçün bəxş etdiyi açarlardan biridir. Şübhəsiz ki, “Aləmlərə rəhmət olaraq” göndərilən Həzrət Muhammədin (s.ə.s) insanlara səadət yolunu göstərmək üçün 23 il boyunca ortaya qoyduğu peyğəmbərlik və təbliğ fəaliyyəti dövründə bu missiyasının əsas təzahürlərindən biri olaraq “mərhəmət” daim ön planda yer almışdır.

Onun mərhəməti nəinki bütün insanları, hətta dağı-daşı, heyvanları və ağacları da əhatə etmişdi. Uhud dağına olan sevgisini ifadə etməsi, heyvanlara əziyyət edilməməsi xüsusundakı xəbərdarlıqları, heyvanlara qarşı göstərilən yaxşı və ya pis davranışın insanın axirətdəki taleyini həll edə biləcəyinə dair ifadələr, habelə üstündə xütbə oxumadığı üçün inildəyən quru bir xurma kötüyünü nəvazişlə sığallaması bu mənada nümunə göstəriləcək hədislərdən bir neçəsidir. Təbii ki, “Kiçiklərimizə mərhəmət etməyən, böyüklərimizə hörmət göstərməyən bizdən deyildir” buyuran Həzrət Peyğəmbərin bu mərhəmət mövsümündə rəhmət əsintisinin balacalardan, insanlığın ən məsum parçası olan uşaqlardan yan keçməsi imkansızdır.

Həzrət Muhamməd (s.ə.s) uşaqların namaz əsnasında məscidə girmələrinə, oyun oynamalarına mane olmazdı. Hətta məsciddə öz yanına gələn nəvələrini dizinə oturdub oxşadar, onları öpərək sevgisini göstərərdi. Bir dəfə belə bir məqamda məscidə daxil olan bir bədəvi: “Mənim on uşağım var, heç birini qucağıma alıb oxşamadım”, - demiş, Rəsulullahın uşaqlara bu qədər şəfqət göstərməsini təəccüblə qarşılamışdı. Onun bu sözünə qarşılıq olaraq: “Allah sənin ürəyindən şəfqət və mərhəməti almışsa, mən nə edə bilərəm?” – buyuraraq uşaqlara qarşı duyulan sevginin ümumi mərhəmətin bir parçası olduğunu ifadə etmişdi.

Ümmətin bütün uşaqları onun üçün öz nəvələri kimi idi. Gördüyü, qarşılaşdığı hər bir uşağa salam verər, ondan hal-xətir soruşardı. Hər bir uşağın könlünə şəfqət toxumu əkər, cücərib ətrafa mərhəmət saçması üçün etina ilə böyütməyə çalışardı. Bir dəmirçinin evinə getsə də, onun his qoxan uşağını oxşar, şəfqət və mərhəmətini əsirgəməzdi. Namaz əsnasında ağlayan körpə səsi eşidəndə namazı qısaldar, onu anasına qovuşdurmaq üçün əlindən gələni edərdi. “Mərhəmət etməyənə mərhəmət olunmaz”, - buyurardı. Oğlan ilə qız övladı arasında fərq qoyan valideynləri uşaqları arasında ədalətli davranmaq xüsusunda xəbərdar edərdi. Səhabə uşaqlarından Ümeyrin “Nuğeyr” deyə ad verdiyi ev quşu var idi. Həzrət Peyğəmbər nə vaxt onların evlərinə getsə, balaca Ümeyrlə “Ey Ümeyr, hanı Nuğeyr” deyə zarafatlaşardı.

Bunu da mütləq qeyd etməliyik ki, Aləmlərə rəhmət Həzrət Muhammədin (s.ə.s) rəhmət və şəfqəti təkcə əshabının uşaqlarını, yəni müsəlman uşaqları əhatə etmirdi. Tez-tez yolda gördüyü bir yəhudi uşağın xəstələndiyini eşitdiyi zaman onun evinə getdiyi, xəstə ziyarəti edərək onun vəziyyəti ilə maraqlandığı hədislərdən məlumdur. Hətta Həzrət Peyğəmbərin bu zərif hərəkətindən sonra o uşağın atasından icazə alaraq İslamı qəbul etməsi də Rəsulullahın bütün uşaqların könlünə necə yol tapa bildiyinin bariz misallarındandır.

Həmçinin bir hərb əsnasında qarşı tərəfdə - müşrik ordusu arasında sahibsiz qalaraq ağlayan bir uşağı görmüş və səhabələrinə onun anasını taparaq uşağı anasına çatdırmalarını tapşırmışdı.

Həzrət Peyğəmbər (s.ə.s) insanlığa, ümumiyyətlə məxluqata olan bu şəfqət və mərhəmətin ümmətində də təzahürünü formalaşdırmaq üçün onları bu əhatəedici ifadə ilə məsuliyyət götürməyə dəvət etmişdir: “Hər biriniz çobansınız və əlinizin altında olanlara cavabdehsiniz; dövlət başçısı öz xalqının, kişi öz ailəsinin, qadın evinin və ona həvalə edilənlərin, işçi də ona əmanət edilən malın çobanıdır və onlara görə məsuliyyət daşıyır...”

Əmanətə sahib çıxma həssaslığının daha ciddi şəkildə anlaşılması üçün bir hədisi də vurğulamaq yerinə düşərdi. Həzrət Peyğəmbər (s.ə.s) mərhəməti səbəbi ilə göstərdiyi canfəşanlığı izah etmək baxımından belə buyurmuşdu: “Mənim vəziyyətimlə sizin vəziyyətiniz ocaq qalayan bir adamın vəziyyəti kimidir. Ocağın işığına pərvanələr yığışar və özlərini oda atmağa çalışar. O adam isə onları oddan qurtarmaq, yanmalarına mane olmaq istəyər. Buna baxmayaraq onlar yenə də alova doğru can atarlar. İndi mən sizi alovdan qurtarmaq üçün ətəklərinizdən yapışıb saxlamağa çalışıram, amma siz əlimdən qurtulub alova atılmağa çalışırsınız”.

Həzrət Peyğəmbərin bütün insanlıq üçün hiss etdiyi bu nigarançılıq biz ümməti üçün də yol göstərici nümunə olmalıdır. Elə isə həm öz uşaqlarımızın, həm də digər uşaqların mərhəmət iqlimində, şəfqət və rəhmlilik əsasında, ədalət və doğruluq prinsiplərini mənimsəyərək, öz xeyir-şərini idrak edərək seçim edə biləcək və bunu həyata keçirə biləcək möhkəm iradə əsasında formalaşdırılması və sağlam bir fərd olaraq cəmiyyətə qazandırılması hər birimizin boynuna düşən məsuliyyət deyilmi?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz