QUZULAR YETİM QALDI

QUZULAR YETİM QALDI

İlk tanışlığımız 21 il əvvəl olmuşdu. 1998-ci ilin mart ayı idi. O günlərdə Ağdaşın Hacı Osman məscidində imamlıq edən rəhmətlik Əhməd baba 16 yaşlı bu gənci cümə xütbəsi oxumaq üçün minbərə çıxarmışdı.

 Həyatımda ilk dəfə cümə xütbəsi oxuyacaqdım və ömrümdə ilk dəfə məscid dolusu adamın cümə namazının gerçəkləşə bilməsi üçün mühüm vəzifələrdən birinin məsuliyyətini daşıyırdım. “Şükür” mövzulu o ilk xütbəni oxuyub minbərdən endim. Cümə namazını qıldıqdan sonra camaatın salamlaşmaq üçün Əhməd babaya və mənə sarı axın etdiyini gördüm. Hamı bir-bir görüşüb sıraya düzülərkən o gün ilk dəfə gördüyüm bir üzü bütün cizgiləri ilə indiki kimi xatırlayıram. Gözlərinin içi parıldayan o yaşlı adam az qala qaçaraq mənə sarı gəldi və bərk-bərk qucaqlayıb gözlərimdən öpdü. Daha sonra bir neçə dəfə yenə xütbəyə çıxdım və hər dəfəsində eyni hisslərlə, eyni sevgi ilə məni qucaqlayıb sevgisini göstərdi. Hətta baba şəfqəti ilə cibindən çıxardığı bir neçə konfeti əlimin içinə qoyduğunu da xatırlayıram. Kimdi axı bu yaşlı adam?.. Tanıdıqca sevdiyim, sevdikcə daha yaxından tanıdığım Səməd babamızdı. Hər halı ilə bizə Allahı xatırladan bir Allah dostu...

Üzünə baxanda vəfanın, ədəbin və şəfqətin nişanələrini müşahidə edərdiniz. Allaha verdiyi sözü daim xatırlayaraq Onun əmr və qadağalarına bütün xırdalıqlarına qədər riayət etməyə çalışardı. Dilindən zikr və dua əskik olmazdı. Hər dəfə görüşəndə Allahın nəzərləri altında olduğunuzu hiss edərdiniz. Allaha və Onun dostlarına dost olmaq üçün bu yolda hər bir fədakarlığa qatlanardı. Zikr və söhbət məclislərində iştirak etmək üçün kilometrlərlə yolu piyada qət etməyə daim hazır idi. Dəfələrlə yaşadığı kənddən magistral yola qədər olan 18-20 kilometrlik məsafəni piyada getmək bahasına qonşu rayondakı söhbətlərə gəldiyinə şahid olmuşuq.

Ədəb və təvazökarlığın zirvəsində idi. Ədəbindən hər zaman başı önündə olardı. Hələ şəklini çəkdiyinizi hiss etdiyi an tamamən içinə qapanar, bir növ həya təsəttürünə bürünərdi. Duyduğu narahatlığı hiss edib çəkdiyinizə peşman olardınız. Üzündə sevinc və kədər ayrılmaz dost olmuşdu. Bir-birinə zidd olan bu iki hiss yalnız onun çöhrəsinə bu qədər gözəl yaraşardı. Bir yandan təbəssüm edərkən, bir yandan gözləri yaşarardı. Yaşlı gözlərində görünməyən dünyalara aparardı adamı. Belə ki, bir damla göz yaşında təfəkkür dəryasına dalmaq mümkündü.   

Aşiqlər vəfanın nə olduğunu ondan öyrənsin məncə. Bəli, çobanlıq edərkən qoyduğu yun papağı bir ömür başı üzərində daşıyan o gözəl insandan. Öz-özünə “Məni qışın soyuğundan, sazağından, yağışından qoruyan bu papağı atsam mənə nə deyər? Dosta vəfasızlıq olmazmı?” sualını verərək, bir dəri parçasına insan kimi rəftar edən o abidə insandan. Geydiyi libasa bu qədər ehtiram edən bir könül insanının ətrafındakı insanlara qarşı hədsiz zərif münasibətini siz təsəvvür edin. Hələ Rəbbinə qarşı ehtiramını izah etmək aciz kəlmələrin xəcalətində gizli qalsın.

Şəfqət və mərhəmət sahibi idi. Məxluqata qarşı şəfqətinin ölçüsü Allahın hansısa bir məxluquna vurulan çubuğun acısını qəlbində hiss edəcək qədər geniş idi. Həddən artıq səxavətli idi. Evinə gələnləri yedirib-içirmədən yola salmazdı. Əziyyət verməmək üçün süfrədən boyun qaçırsanız, üzünə elə bir hüzn yayılardı ki, onu incitməyin qeyrətullaha toxunacağından əndişə edərdiniz. Süfrəsində Xəlil İbrahim bərəkəti vardı. Qarnınızı və qəlbinizi doydurub ayrılmaq vaxtı çatanda da heç kimi əliboş göndərməzdi. Əvvəlcədən hazırladığı kiçik bağlamalarda çox vaxt dadına doymadığınız qoz-fındıq ləpəsi, kişmiş, limon və konfet olardı. Verdiyi bu mütəvazi bağlamalar ən çox evdəki azyaşlılar üçün bayram əhval-ruhiyyəsi yaradardı. Bağlamanın rəngi, forması və özünəməxsusluğu 5 yaşlı uşaqlarda belə ilk baxışda kimdən gəldiyi qənaətini oyadardı. Görüşəndə və ayrılanda uzun-uzadı dualar edərdi. Duyğu yüklü duaları o qədər səmimi olardı ki, az qala kəlmələr ağzından çıxar-çıxmaz üzərinizdəki təsirini hiss edərdiniz. O bizim dua sığınağımızdı. Əzilən yanlarımızı, ağrıyan tərəflərimizi  etdiyi duaları ilə oxşayaraq sağaldan loğman kimi idi.  

Bir gün baş-başa qaldığımızda “keçmişə baxanda nə görürsünüz?”, - demişdim. Dərin köks ötürüb “Əhməd babanı görürəm, Əsəd Əfəndini, Feyzi babanı... Biz dost idik, həmyaşıd idik, hərdən baxıram, ətrafımda özümə həmdəm tapa bilmirəm”, - cavabını vermişdi. O gündən bəri nə vaxt üzünə baxsam, Hz. Peyğəmbərin duası ilə uzun ömür yaşayan və dostlarından sonraya qaldığı üçün zaman-zaman xiffət çəkən Ənəs bin Maliki xatırladırdı mənə.

Biz onu çox sevdiyi bir cümə günü Bəqa aləminə yolçu etdik. Nəşini yaşadığı kəndin yaşıllıqları arasındakı hüzur dolu bir məzarlığa əmanət etdik. İntizarında olduğu dostları ilə birlikdə cənnət bağçalarında, Rəbbinin ikram süfrələrində ilahi ruzilərə qərq olduğunu ümid edirik. Cənazəsindən qayıdarkən dostlarına və Rəbbinə qovuşduğu üçün sevinərkən, bir yandan da ayrılığın həsrətini yaşadıq. O gün quzular yetim qaldı...

Nəcib ruhu üçün bir Fatihə, üç İxlas!..   

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz