Radikalizm

Radikalizm

Latınca "kök", “təməl” mənasına gələn “radix” kəlməsindən əmələ gələn və həm mediada, həm də gündəlik həyatımızda tez-tez  istifadə etməyə başladığımız radikalizm: ictimaiyyətdə illər boyunca kök salmış siyasi, dini, sosial dəyərlər sistemini fundamentalist  üsullarla (təməldən) və yaxud inqilabi yollarla dəyişmək cəhdidir.

Radikalizmin təməl fəlsəfəsini: “cəmiyyətdə kök salmış olan dini, siyasi, sosial və s. kimi prinsiplərin dəyişdirilməsinə təcili olaraq ehtiyac olduğu və bu dəyişikliklərin yalnız qəti və ifrat vasitələrlə mümkün olduğu” inancı təşkil edir. Siyasi nəzəriyyədə radikalizm: müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquq və azadlıqlarını pozmağa hazır olan birlik və təşkilatların fəaliyyətlərinin ümumi adıdır.

İslam dinində radikalizmin yeri olmadığı mövzusuna keçmədən öncə bəzi xüsuslara diqqət yetirmək yerində olacaqdır. “Radikalizm” sözü son zamanlar, xüsusilə də son 15 ildə qondarma "İslam radikalizmi" olaraq bütün dünya ictimaiyyətinin gündəminin mərkəzinə oturmuşdur. Əfsuslar olsun ki, yayğınlaşmaqda olan “dini radikalizm” anlayışı dünyada qorxulu bir təmayül halına gəlmişdir. Özündən fərqli olan dini inanc və əqidələrə qarşı barışmaz mövqedə olan dini birliklər “radikal” adlandırılır.

Bu bir həqiqətdir ki, dini və milli-mənəvi dəyərlərin gənclərə aşılanması və onlar üçün təsis olunan düzgün mənəvi mühit nəsillərin həm fiziki, həm də mənəvi cəhətdən formalaşmasında mühüm rol oynayır. Əslində din bu sahədə böyük potensiala malikdir. Bir mədəniyyətin meydana gəlməsində maddi dəyərlər qədər milli və mənəvi dəyərlər də böyük əhəmiyyət kəsb etməkdədir.

Cəmiyyətləri ayaqda tutan, maddi və mənəvi böhranlar qarşında sarsılmağa qoymayan, ona güc-qüvvət verən, bəşəri münasibətlərimizi tənzimləyən, haqqı, ədaləti, doğru olmağı öyrədən, möhtaclara əl tutmağı, ətrafımızdakı insanlara faydalı olmağı, hətta bütün canlılara mərhəmət və şəfqət göstərməyi bizə təlim edən dini dəyərlərimizə sahib çıxmalı, onu ən gözəl şəkildə yaşamağa və yaşatmağa çalışmalıyıq.

Peyğəmbərimizin 23 illik peyğəmbərlik həyatı terror və radikallıqla mübarizə ilə keçmişdir. “Günahsız bir insanı öldürən kəs bütün insanlığı öldürmüş kimidir” anlayışına sahib olan İslam dini necə ola bilər ki, adı terrorla bərabər anılır hala gələ bilsin? “İnsanların ən xeyirlisi insanlara ən çox faydalı olan kimsədir” buyuran İslam peyğəmbərinin gətirdiyi din necə radikal bir din şəklində qəbul edilə bilər?

“Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” buyuran Peyğəmbərimizin həyatında sülhə, əmin-amanlığa və gözəl əxlaqa aid çox çağırışlar vardır. “Müsəlman kimdir?” sualına qarşılıq Hz. Muhamməd peyğəmbərin (s.ə.s) gözəl bir kəlamı var: “Müsəlman, insanların onun əlindən və dilindən əmin-amanlıqda olan kimsədir”.

Radikalizmin İslamla heç bir əlaqəsinin olmadığı və hətta İslam dininin radikalizm kimi mənfi cərəyanları yox etmək üçün göndərilən ilahi bir sistem olduğu anlaşılsın deyə, aşağıda mövzu ilə əlaqəli bir neçə hədisi-şərifi xatırlatmaq istəyirəm:

İslam mərhəmət dinidir;

“Kiçiklərimizi sevməyən və böyüklərimizə hörmət etməyən bizdən deyildir”. (Əbu Davud, Ədəb, 58)

“Yerdə olanlara mərhəmət edin ki, göydə olanlar da sizə mərhəmət etsin”. (Tirmizi, Birr 16; Əbu Davud, Ədəb 58)

“Ey Allahın Rəsulu, heyvanlara qarşı xoş rəftarımıza görə də savab varmı?” - deyə soruşan səhabələrə Həzrət Peyğəmbər:

“Canlı olan hər varlığa etdiyiniz yaxşılıq səbəbi ilə sizə savab vardır”, - buyurmuşdur. (Buxari, Şurb; Müslim, Salam 153)

Bunun tam əksinə, aşağıdakı hədisdə olduğu kimi, canlılara qarşı pis davranışımız isə bizi əzaba düçar edə bilər:

“Bir qadın vardı, pişiyini evə həbs etmiş və ona yemək verməmişdi. Pişik acından öldü. O qadın buna görə cəhənnəmə atıldı”. (Buxari, Təcrid, 2/713, Hədis № 417; 7/227)

İslam yardımsevərlik dinidir;

“Bir insan, qardaşına yardım etdiyi müddətdə Allah da o insana yardım edər”. (Müslim, Birr, 58)

“Kim bir qardaşının sıxıntısını həll edərsə, Allah da o kimsənin qiyamətdə bir sıxıntısını həll edər”. (Buxari, Məzalim, 3)

İslam gözəl əxlaq dinidir;

“Mömin olan kəs insanları pisləməz, onlara lənət etməz, pis söz danışmaz və çirkin əməllərdən uzaq olar”. (Tirmizi, Birr, 48)

“Heç kimə söymə, sənə edilən heç bir yaxşılığı kiçik görmə. Əgər kimsə sənə söysə və ya səni hansısa bir eyiblə qınasa, sən onu qınama!” (Əbu Davud, Libas 24)

Əgər milli-mənəvi, o cümlədən dini dəyərlərimiz insanlara doğru mənbələrdən, doğru şəkildə öyrədilərsə, bu sahədə düzgün və mütəmadi maarifləndirmə işi aparılarsa, o zaman radikal qüvvələrin bütün insanlar və xüsusilə də gənclər üzərindəki təsir qabiliyyəti zəyifləyəcəkdir. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz