SEVGİLİYƏ CAN DAŞIMAQ

SEVGİLİYƏ CAN DAŞIMAQ

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sən düz yola yönəldirsən. O Allahın yoluna ki, göylərdə və yerdə nə varsa hamısı Onundur”. (əş-Şura, 52-53).

Aləmlərin Rəbbi olan Allaha (c.c) şükür və həmd-sənalar, Onun Haqq Rəsulu Hz. Muhammədə salətu-salam olsun.

 İnsan olmaq böyük və məsuliyyətli bir işdir. Haqq üzrə olmaq və Haqdan endirilən əmrlərin ahənginə həyatının hər bir sahəsini könül xoşluğu ilə ram edərək bu ülvi bərəkəti başqalarına da daddırmaq və qazanılan canları haqqa yönələn qulluq karvanının bir üzvü etmək təsəvvürlərə sığmayacaq xilaskarlıq çalışmasıdır. Ətrafımızda baş verənlərə diqqətlə nəzər yetirsək görərik ki, bütün insani, texniki imkan və cəhdlərə baxmayaraq quruda baş verən qəzalarda, çay və dənizlərdə devrilən gəmilərdə həlak olanların sayı onlarla, yüzlərlə ölçülür. Bu şəkildə hazırlıqsız halımızla dünyanın, qəbir aləminin, qiyamətin, axirət hesabının, sirat körpüsünün min bir məşəqqətlə dolu ağır yolçuluğuna zədə almadan, rəzil olmadan, insanlıq sifətimizi itirmədən hazırıqmı? Təbiidir ki, xeyr! Bu yolçuluqda ilahi izinlə əbədiyyət yolçuluğunun mahir bələdçisi olan Hz. Muhamməd əleyhissalam və onun mükəmməl varisləri olmadan addım atmaq mümkün deyil.  Yəni Hz. Mövlananın ifadəsi ilə: “canını (güc-bəla ilə sürüyərək) daşıyan deyil, canları daşıya bilən” Rəsulullahın və Onun aləmlərə rəhmət saçan mərhəmət əxlaqı ilə əxlaqlanan Haqq aşiqlərinin çəkə biləcəyi yükdür bu. Bu  istiqamətdə ümmətin təsəlli qaynağı olan Allah Rəsulu (s.ə.s) hər məkanda, hər anda ümmətinin əvəzsiz yardımındadır.

Ümmət mənsublarını Rəsulullahı haqqı ilə tanımağa dəvət edən İmam Rəbbani həzrətləri hər bir kəsə, hətta dünyəvi həzlərin aldanış iqlimində əbədi bəxtəvərlik ümidləri quranlara belə yönələrək bunları bildirməkdədir: “Allah (c.c) biz müflis, aciz və biçarə qullarını əvvəlkilərin və sonrakıların əfəndisi olan Rəsulullaha (s.ə.s) tabe olmaqla şərəfləndirsin və bu hal üzrə istiqamətdə olmağı bəxş eləsin. Belə ki, Allah-Təalanın razı olduğu bu bağlılığın bir zərrəsi bütün dünyəvi ləzzətlərdən və axirət nemətlərindən qat-qat üstündür”. Bu səbəbdən də əbədi qulluq təqviminin hər bir anında “Sizə özünüzdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, sizin üçün çox düşkündür, möminlərə şəfqətli və mərhəmətlidir” (ət-Tövbə,128) şəklində  tanıdılan Rəsulullaha can-könüldən itaət etmək olduqca önəmlidir. Bəkr bin Abdullahdan rəvayət edilən hədisdə Rəsulullah belə buyurur: “Mənim həyatım sizin üçün xeyirlidir. Mən öldüyümdə isə vəfatım da sizin üçün xeyir olar; çünki əməlləriniz mənə (qəbrimdə) ərz edilər. Xeyir görsəm, Allaha həmd edərəm; şər görsəm, Allahdan sizin üçün əfv diləyərəm”.

 Kabül-Əhbar həzrətləri bir gün Hz. Ömərə: “Ey möminlərin əmiri! Allahdan qorxan bir kimsənin əməlini işlə. Qiyamət günü yetmiş peyğəmbərin əməli ilə gəlsən də, orada gördüklərindən dolayı əməllərini az görərsən”,- dedi. Bunları eşidən Hz. Ömər yıxılaraq özündən getdi. Ayıldığı zaman: “Bizə nəsihət et”,- dedi. Kab həzrətləri davam etdi: “Əgər cəhənnəmdən şərqdə çox incə bir yer açılsaydı, qərbdəki adamın istidən beyni qaynayaraq əriyərdi”. Bunları eşidərək göz yaşlarına boğulan Hz. Ömər: “Davam et, ey Kab!”- dedi. O da buyurdu: “Qiyamət günü Cəhənnəm elə şiddətlənər ki, müqərrəb mələklər, peyğəmbərlər və  hər kəs diz üstə çökər. Onda bütün peyğəmbərlər: “Ya Rəbbi, nəfsimi istəyirəm”,- deyərlər. Sadəcə Hz. Muhamməd əleyhissalam: “Ya Rəbbi! Ümmətimi istəyirəm, başqa bir istəyim yoxdur”,- deyəcəkdir.

 Rəsulullahın ümmətinin qurtuluşu naminə dünya və axirət səhnəsində nümayiş etdirdiyi bu fədakarlığa heyran olan Mövlana həzrətləri bu nəhəng ilahi rəhmət təcəllisi qarşısındakı hisslərini belə dilə gətirməkdədir: “Anladım ki, könül çuvalımdakı sözlər Səni vəsf etməyə yetməz. Könlüm Sənin müstəsna gözəlliyinlə gözəlləşməzsə, bağrımda bir gül belə bitməz. Ey Sevgili, sənin eşqin daimi olsun, bu halda mənim yaram olsa da, fərq etməz. Məndə sənin eşqindən söz edən könül var ikən artıq kim mənim könlümə hökm edə bilər”.

 Sevgiliyə can daşımaq məharəti Uca Allaha sonsuz təslimiyyət üfüqlərində zərrə qədər boşluğa və qəflətə izin verməyəcək bir mükəmməlliklə Allah Rəsulunun təqdimatında kainatı fövqəlbəşər bir iradə ilə aydınlatmaqdadır.  Bu iradənin təslimiyyət əhlinin qəlb yaddaşındakı əks-sədası bizləri Onu tanımağa, Onu sevməyə və əbədiyyən Onunla bərabər olmağa səsləyən bir çağırışdır: “Allah Rəsulu ucu-bucağı olmayan bir ümmandır. O, comərd idi, gözəl əxlaqa sahib idi. Zamanın əsiri deyildi və təbiətində yalan, aldatma, xainlik deyə bir şey yox idi. İnsanların qorxduğu şeylərdən qorxmaz, onların güvəndiyinə güvənməz, heç qürurlanmazdı. Onun (s.ə.s) həqiqət ümmanından bir damla zahir olsaydı, bütün aləm və məxluqat heyrət içində qalardı”.(Hərəqani həzrətləri) 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz