“ƏMİ, OYUNCAQ GƏTİRMİSİNİZ?”
Tez-tez sosial şəbəkələrdə uşaq evləri və sığınacaqlar haqqında paylaşımlar görürdüm. Bu paylaşımlardan onların nə qədər çox ehtiyac sahibi olduğunu anladım.
Kimisi anasını, kimisi atasını, kimisi də hər ikisini itirərək fərqli səbəblərdən dolayı sığınacağa yerləşdirilmişdi. Səhərdən axşama kimi kimsə gəlib onu götürəcək deyə sığınacağın həyətində duraraq gözünü qapıdan çəkməyən uşaqlar görürdüm. Kimisi də çox balaca olduğu üçün hələ harada olduğunun fərqində olmadığından sadəcə ətrafa gülümsəyərək baxır, yanına gəlib-gedən qonaqlarla oynayırdı...
Evdə həmişə belə bir sığınacağa baş çəkmək haqqında fikirlər səsləndirirdim, amma ora getdikdən sonra mənə necə təsir edəcəyini bilmədiyim üçün qorxurdum. Çox düşündüm. Təkcə kompüter ekranında seyr etmək və dua etməklə yetinməyib yanlarına getmək, onlarla oynamaq, əllərindən tutmaq, Peyğəmbərimizin (s.ə.s) buyurduğu kimi, başlarını sığallamaq istəyirdim. Axı Allah Rəsulu belə buyurmuşdu: "Bir kimsə sırf Allah rizası üçün bir yetimin başını sığallayarsa, əlinin dəydiyi hər saç telinə görə ona savab vardır".
Bir gün dost-tanış, iş yoldaşlarım və qohumlardan bir miqdar yardım topladıqdan sonra sığınacağa yollanmağa qərar verdim. Və nəhayət, sığınacağa gəldim.
Qapını açdığımda ilk gördüyüm mənzərə həyətdə ucadan qışqıraraq oynayan uşaqlar oldu. Təbii ki, üzərlərindəki paltarlar təzə və yaxud tərtəmiz deyildi; bir ananın uşağını həyətə buraxdığı zaman geyindirdiyi kimi...
Uşaqlar çox olduğu üçün onlara paltar çatdırmaq, hər birini gözəl geyindirmək çətindir, əlbəttə. Çox yaxşı başa düşürdüm bunu, amma insanın ürəyi bəzən olmazları istəyir. Məni qapıda görən ilk uşaq təxminən 7-8 yaşlarında oğlan uşağı idi. Sevinərək üstümə qaçdı. İlk sözləri bu oldu: “Əmi, xoş gəlmisiniz! Bizə oyuncaq gətirmisiniz? Təzədi, hə, işlənməyib?” Gülərək: “Gətirmişik, təptəzədi! Bax, hətta cığaranın içindədir”, - dedim. Görüb çox sevindi.
Tərbiyəçi müəllimə həyətdən bütün uşaqları çağıraraq bir otağa topladı. Hər birinin gözündə həyəcan dolu: “görəsən, bizə nə gətiriblər?” - deyə bir ümid var idi. Təbii ki, göndərilən sovqatları verdik, amma oyuncaqları hər birinə şəxsən təqdim etmək istədik. Çünki onlar uşaqdılar; gətirilən ərzaqdan, paltardan çox onlara oyuncaq maraqlı idi...
“Hər kim müsəlmanlar arasındakı bir yetimi yedirib-içirmək üçün evinə apararsa, bağışlanmaz bir günah işləmədiyi təqdirdə Allah-Təala onu mütləq cənnətə qoyar” (Tirmizi, Birr 14), - buyurur, Peyğəmbərimiz (s.ə.s). Hər biri oyuncaqlarını aldıqdan sonra sakitcə partasının arxasına əyləşdi. Bir-birilərinə oyuncaqları ilə fors etməyə başladılar. Bir yandan onları seyr edərkən, bir yandan da vəziyyətləri haqda məlumat almağa başladım. Yetim olmağın necə də acı olduğunu seyr edirdim. Ərköyünlük edə biləcəkləri biri olmadığından onlar fərqli şəkildə böyüyürlər. Sanki uşaqlarımızdan 10 yaş öndə gedirlər. Bir yandan təbiyəçi müəllimlə danışır, bir yandan da şəraitləri ilə tanış olurdum. Təbii ki, evlərimizdəki kimi yumşaq yataqlarda geninə-boluna uzanaraq yatacaq bir yerləri yoxdur. Bir yataqda iki, bəzən də üç uşaq yatır. Hamısı da eyni otaqda...
Orada olduğum müddətdə ağlıma çox fikirlər gəlirdi. Düşünürdüm ki, görəsən, gecə uşaqlardan birinin qızdırması qalxsa, bir yeri ağrısa, yatağını batırsa, “ana” deyə çağıracaq biri yoxdur. Çay istəsə, yemək istəsə, “ürəyim şirniyyat istəyir, mənim üçün bişirə bilərsənmi (anacan)?” deyəcək biri yoxdur, “ayaqqabım cırılıb, ata, mənə yenisini ala bilərsənmi?” deyəcək biri yoxdur. Küçədə anasının əlindən tutaraq gedən uşaqları görərkən keçirdikləri hissləri hələ demirəm. Axşam olduğunda sənin nazınla oynayacaq, sənin dərdlərinə qulaq asacaq birilərinin olmamasından ağır nə ola bilər ki, kimsəsiz bir uşaq üçün...
Bütün bunları düşünərkən qəhərlənib doluxsundum, boğazım düyünləndi. Çünki orada üzümə gülən o uşaqları bir az sonra tərk etməli idim, mən də. Ayrılıb öz həyatıma davam edərkən onlar yenə orada, buraxdığım yerdə olacaqdılar. Övladım onlarla oynayarkən gözləri qarşısında necə qucağıma alıb aparacağam deyə düşünürdüm. İncinməsinlər, incitməyək deyə şirin dillə sağollaşaraq, “inşallah, qismət olarsa, yenə gələcəyik” deyərək ayrıldıq ordan. Yol boyu ancaq onlar haqqında düşündüm; insanın övladına baxışı, davranışı dəyişir. Hər xırda şeyə görə üzərinə qışqırmamağı, işdən evə gəldikdə ona daha çox sarılmağı öyrədir. Hz. Peyğəmbərin iki barmağını cütləşdirib işarə etdiyi kimi, onunla cənnətdə yan-yana olmağın yollarından biri məhz yetimi himayə etməkdən keçir. Bu şüur və mərhəmətin qəlblərimizdə daim diri qalması təmənnası ilə...
ŞƏRHLƏR