MÖHTACLARA DAYAQ OLMAQ - Aqil xoca
Uca dinimiz İslam fəqir, dul, kimsəsiz, borclu və yolda qalmışlara daima yardım etməyi əmr və təşviq etməkdədir. Bunun üçün də zəkatı, fitrəni və qurban kəsməyi vacib əməllərdən qəbul etmişdir.
Bundan əlavə, İslamda bəzi şəri qaydaları pozanlara da cəza olaraq yetimləri və yoxsulları doyuzdurmaq əmr edilməkdədir. Məsələn, andını pozan bir şəxs gücü çatarsa on yoxsulu doyurmalı və ya onları geyindirməlidir, oruc tutmağa taqəti çatmayan qocaların və sağalmayan xəstəliyi olanların imkanları varsa bunun əvəzində otuz fəqiri doyurması, yenə ramazanda oruc tutan bir şəxs heç bir üzrü olmadan orucunu pozarsa, yaxud da oruclu ikən yoldaşı ilə cinsi əlaqədə olarsa, bu zaman da kəffarə olaraq üçüncü mərhələdə altmış fəqiri doyurması da İslamın möhtacların sosial vəziyyətlərini daim ön planda tutduğunu bizə əyani surətdə göstərməkdədir.
İslamdan başqa heç bir dində və ideologiyada bu kimi cəza və cərimə üsuluna rast gəlmək mümkün deyil.
Qurani-Kərimdə qeyd olunan ayələrə əsasən deyə bilərik ki, yetim-yesirlərə öz malımızdan, pulumuzdan verməyimiz bizim onlara lütfümüz deyil, əksinə, onların bizim malımızdakı qanuni haqlarıdır. Kimin zəkatlıq malı, pulu varsa və bunu möhtaclara ödəmirsə, bu zaman onların haqqını qəsb etmiş sayılmaqdadır. “Yetim haqqı yemək” bu şəkildə başa düşülməlidir. Yoxsa zatən yetimin nəyi var ki, kimsə də onu əlindən alıb qəsb etsin! Uca Allah bu məsələyə vurğu edən bir ayəsində belə buyurmaqdadır: “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”.(ən-Nisa, 10) Bu ayədə yetimin haqqını verməyib qəsb edənlərin acı aqibəti göstərilməkdədir. Bunu idrak edən böyük Allah dostları, öz zəkatlarını yetimlərə və möhtaclara təqdim edərkən bir zərfə qoyaraq, üstünə də təqdim olunacağı möhtacın adını ehtiramla və nəzakətlə yazaraq bu zəkatı qəbul etdikləri üçün onlara təşəkkür edərlərmiş.
Uca Allah fəqir-yoxsul, dul-yetim və imkansız şəxsləri bizə xatırlatmaqda, daim onlara yardım etməyimizi istəməkdədir. Bunun sayəsində də bizlərə həm dünyada, həm də axirətdə neçə-neçə mükafatlar verəcəyini vəd etməkdədir.
Bir ayədə belə buyurulur: “ ...Elə isə yetimə xor baxma! Səndən (əl açıb) kömək diləyəni qovma..!” (əd-Duha, 9-10)
Peyğəmbərimiz (s.ə.s) isə öz mübarək kəlamında deyirdi: “Mən və yetimi himayə edən şəxs cənnətdə yanaşı olacağıq”. Bunu deyərkən də şəhadət barmağı ilə orta barmağını birləşdirmiş, bu yaxınlığın nə dərəcədə həqiqi bir yaxınlıq olacağına işarə etmişdi. (Buxari, Talaq, 25)
İnsan bəzən yardım etməkdən uzaq qala bilər. Bəzən unutqanlıq edər, bəzən də maddi rifah və bolluğun başgicəlləndirən sərsəmliyinə qapılıb yoxsulları göz ardı edə bilər. Bunun üçün də Uca Allah bizə ildə bir ay Ramazanı yaşadaraq onları xatırlamağımıza şərait yaratmaqdadır.
Atalarımızın qarnı tox olanların başqalarını düşünməməsini ifadə edən gözəl bir deyimi var: “Toxun acdan xəbəri olmaz” Bizlər də Ramazan ayında oruc tutaraq həm nemətlərin qədir-qiymətini bilir, həm də bu nemətlərdən məhrum qalanları xatırlayaraq maddi imkanlarımızı onlarla paylaşma məsuliyyəti hiss edirik. Bu gözəl duyğunu, bu mübarək ayda təlimini edərək digər on bir ayda da yaşatmağa çalışırıq. Bu ayda möhtaclarla, yetimlərlə qucaqlaşan mömünlər digər aylarda da bu xeyirxah işi davam etdirməkdədirlər. Bu da onu göstərir ki, Ramazan öz fəziləti ilə zənginlə fəqiri bir-birinə yaxınlaşdıran və onları birləşdirən bir körpü rolunu da oynamaqdadır.
Şəri qaydaya görə hər bir maddi imkanı yerində olan şəxs fərz olan zəkatını məhz bu ayda təyin etməli və verilməsi Qurani-Kərimdə qeyd olunan möhtaclara çatdırmalıdır. Bu da illik gəlir-gedərini düzgün təyin etməyə şərait yaradır və bu ayda möhtaclara yardım edilməklə daha çox savab əldə edilmiş olur.
Maddi imkanı kifayət qədər olan müsəlmanlar möhtaclara şəri qaydaya əsasən təyin olunan zəkatı və fitrəni bu ayda təqdim etməklə maddi imkanlardan məhrum olan digər insanların da Ramazan Bayramını daha sevincli və şən qeyd etmələrinə səbəb olur. Bunun üçün də daha geniş kütlə tərəfindən verilməkdə olan fitrə sədəqəsinin mütləq bayram namazından əvvəl verilməsi vacib buyurulmuşdur.
Uca Allah tutduğumuz orucları, verdiyimiz zəkat və sədəqələri, etdiyimiz xeyir əməllərimizi Uca dərgahında qəbul etsin! Amin!
ŞƏRHLƏR