SƏMƏD BABA

SƏMƏD BABA

Yasin surəsini eşidəndə yadıma yas məclisi düşür.

Cümə günləri də artıq Yasin surəsi kimi ölümü xatırlatmağa başladı. Sevdiklərim, ən çox sevdiklərim adətən cümə günləri axirətə köçür.

İlk cümə vəfatını Musa Topbaş həzrətlərində 1999-cu ilin iyul ayında gördüm. Atam da bir cümə səhəri vəfat etdi. Qəbələli Səməd baba da bir cümə səhəri, 2019-cu ilin 3 mayında axirətə köçdü.

Cümə səhəri xəbərlərə və mesajlara baxmaq üçün internetə girmişdim. Səməd babanın vəfat xəbərini aldıqda başqa xəbərlərə baxmağa ehtiyac qalmadı. Bundan daha böyük xəbər olarmı?! Babamdan (atamdan) başqa “baba” deyə xitab etdiyim tək insan Səməd baba idi. 1998-ci ildə Səməd babanı uzun mavi paltosu, böyük qəhvərəngi papağı və əlində 99-luq təsbehi ilə görmüşdüm. Mədrəsədəki söhbətlərə 45 km uzaqdan gələrək iştirak edərdi. Həm də ki, o vaxtlar Azərbaycanda yollar indiki kimi deyildi. Səməd baba isti-soyuq deməz, söhbətdə bir küncdə əyləşərdi. Heç kəs gəlməsə də, Səməd baba gələrdi. Söhbətlərə, Quran kurslarına, könül xidmətlərinə ayaqla, maşınla deyil, könül ilə gedilirmiş. Mən Səməd babanı belə tanıdım.

Səməd baba və dostlarının Quran kursunda (mədrəsə) özlərinə ikram edilən çayı şəfa niyyəti ilə, Allahdan bərəkət diləyərək içdiklərinə şahid olduqda israfımdan utandım. Çayı da təkid etmədikcə içməzdi. Söhbətə gəldilər, söhbəti dinlədilər, onların gözündə bundan daha böyük bir ikram yox idi. Yemək vaxtı olsa da, qolundan tutub israrla yeməkxanaya aparılmasa, orada bişən yeməyə qaşıq daldırmazdı. İsrar nəticəsində girdiyi yeməkxanada təqsirkar kimi utancaq şəkildə yeməyi yeyər, əllərini duaya açaraq qalxardı.

Vəqf-mədrəsə çayı necə içilər, vəqf yeməyinə necə hörmətlə yanaşılar, bu gözəl insanlardan öyrənmək lazımdır.

Səməd babanın vəfatından sonra onun haqqında yazıb-yazmamaqda ilk əvvəl tərəddüd yaşadım. Görəsən, sevdiklərimi qələmimə vasitə edib onlardan istifadə edirəm? Görəsən, örtülü, sirli qalsaydılar daha yaxşı olardı? Bu sətirləri qələmə alarkən ağlıma gəldi: on bir il qaldığım Azərbaycanda məni ən çox öpən, mənə ən çox sarılan insan Səməd baba idi. Səməd babadan təxminən altı ay əvvəl vəfat edən atam haqqında yazdım. Həyatda “baba” deyə səsləndiyim ikinci insan da vəfat etdi, onu yazmasam olmazdı...

Səməd babanı ilk dəfə gördüyüm zaman 24 yaşım vardı. İndi hesablayıram, Səməd baba o vaxtlar 68 yaşında idi. 68 yaşlı Səməd baba niyə mənim qarşımda tələbə kimi dayanırdı? Düzdür, indi zəmanə dəyişib, 2019-un tələbələri müəllimin yanında heç tələbə kimi də dayanmırlar; sanki müəllim onların yoldaşlarından bir imiş kimi rahat olur, bəzən ədəb hüdudunu da aşırlar.

Görəsən, Səməd baba məndən nəyinsə qoxusunu alırdı? Bunu yazının sonuna saxlayaq.

İnsan sevəndə Yaqub, seviləndə Yusif kimi olur. Səməd babada həm Yaqubluq, həm də Yusiflik var idi. Səhv eləmirəmsə, 2000-ci illərin əvvəli idi, Əmirvan kəndinə qızının cənazəsinə getmişdik. Cənazədə dağ kimi mətin, Yaqub kimi: “Mən hüznümü və kədərimi təkcə Allaha ərz edirəm” (Yusif surəsi, 86) deyərək səssiz dayanmışdı.

Bir gün Səməd babanın evinə qonaq getmişdik. Namaz vaxtı idi. Səməd babanın namaza hazırlaşması, qibləyə dönməsi toy hazırlığı kimi idi. Heç də “beşi qıl, başı qurtar” havasında deyildi. Diqqətlə sarılmış bir paketdən təsbeh və təkkə çıxartdı. “Bunu mənə Osman Nuri Topbaş əfəndi verdi”, - dedi. “Osman əfəndi” deyəndə daldı, Üsküdara getdi sanki. Bəlqisin taxtadan taxtı bir göz qırpımında uzaqlardan gəlirsə, insan könlünün bağlı olduğu yerə gedə bilməzmi?

Səməd baba günorta namazının sünnəsinə başladı. Mən ondan bir-iki addım irəlidə idim, amma qartal baxışını üstümdə hiss edirdim; “Adəm xoca, təkkən hanı, bu necə namaz qılmaqdır?”- deyə səssiz və sözsüz mənə vururdu. Vur Səməd baba, vur, şəfa olar, gül bitər, inşallah. Təkkəsiz namaz qılana vurmaq lazımdır...

Sonra bizə özünə hazırladığın qəbir daşını göstərmişdin. Üstünə doğulduğun tarixi və adını yazdırmış, vəfat edəcəyin tarixi boş saxlamışdın. Əminəm ki, sən özünə qəbir deyil, özünü qəbrə hazırlayanlardan oldun.

Səməd baba çay süfrəsində dağlardan bəhs edərkən üzünə sevinc gəldi. Oturduğumuz otağa kəklikotu qoxusu, kəklik səsləri, dağlardan əsən sərin meh doldu sanki. Dedi ki: “Elə gecələr olardı ki, dağlarda on minlərlə qoyundan yüzlərcəsi gecə balalayar, səhər açılanda hər bir quzu öz anasını tanıyıb tapar, başqa qoyunlarla qarışdırmazdı”.

Sevilənin qoxusu unudulmaz, Səməd baba. Bunu məndən daha yaxşı bilirsən. Sən İstanbuldan gətirdiyin təsbeh və təkkədən Yusifin qoxusunu alırdın.

Sənin yanında özümü Yusifin köynəyini Yaquba aparan karvandakılar kimi hiss etdim. İşləri təkcə aparmaqdır, başqa vəsfi yoxdur. Apardığından da, Yusifdən də, Yaqubdan da, Leyladan da xəbəri yoxdur. Həyat boşluq qəbul etməz deyirlər. Bəli, düzdür, amma könül boşluq qəbul edir. Gedənin evi, yurdu dolsa da, könüldəki yeri həmişə olduğu kimi qalır. Könüllərdə yaşanan boşluqda da rəhmət var. Könlümüzdə boşluq buraxaraq gedən insanlara qarşı hiss edilən həsrət və qovuşmaq arzusu axirəti daha da sevimli hala gətirir. Məhşər meydanında və ya cənnət bağçalarında səni papaqla görmək nə xoş olardı...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz