Yazıçı Anar ilə Reportaj

Yazıçı Anar ilə Reportaj

İrfan: Bir milləti millət kimi formalaşdıran ünsürlər o millətin tarixi keçmişi, memarlıq abidələri, milli-mənəvi dəyərləri və ədəbiyyatıdır. Sizcə bu dəyərlərin qorunması üçün o millətin fərdlərinə nə kimi vəzifələr düşür?

Yazıçı Anar:

Hər bir fərd öz sahəsində sadaladığınız amallara xidmət etməlidir. Əgər musiqiçidirsə, musiqinin təhrif olunmasına ilk növbədə o, öz səsini qaldırmalıdır. Əgər memardırsa, əski tikililərin dağılmasına, yöndəmsiz binaların tikilməsinə ilk növbədə o, öz səsini qaldırmalıdır. Əgər yazardırsa, böyük klassiklərimizə olan hücumlara birinci olaraq o, cavab verməlidir. Birinci olaraq sözünü mən ona görə işlədirəm ki, bu sahənin adamları qeyd etdiyim problemlərə hamıdan qabaq cavab verməlidirlər. Amma bu o demək deyil ki, hər bir sıravi vədəndaş bunlara biganə qalmalıdır. Elə mövzular var ki, o sahədə hər kəs öz səsini qaldırmalıdır. Bu sahədə hər kəs cavabdehlik daşıyır.

 

İrfan: Azərbaycanın ədəbiyyat tarixi dedikdə ilk olaraq gözünüzün önündə kimlər canlanır?

Yazıçı Anar:

Qeyd etməliyəm ki, Azərbaycan ədəbiyyatı çox zəngindir. Məhz buna görə də bir nəfəri oradan ayırmaq çox çətindir. Amma tarixi ardıcıllığı nəzərə alsaq Azərbaycan ədəbiyyatının ən möhtəşəm incisi “Kitabi-Dədə Qorqud” dastanıdır. Sonra Nizami yaradıcılığı, Nəsimi, Xətai, Füzuli, Vaqif, Axundov, Mirzə Cəlil, Sabir və başqalarını misal verə bilərik. Elə məqam olur ki, ilk növbədə Mirzə Cəlil yada düşür, Sabir yada düşür. Elə məqam olur ki, ilk növbədə Füzuli yada düşür. Elə olur ki, Dədə Qorqud yada düşür. Qısaca olaraq deyə bilərik ki, bütün bu irs həmişə bizimlədir və bizi yaşadır.

 

 

İrfan: Qeyd edildiyi kimi tarixən ədəbi irsimiz çox zəngin olmuşdur. Lakin bu gün sözügedən sahədə bir durğunluğun olduğundan söhbət gedir. Bu fikirlə razılaşırsınızmı?

Yazıçı Anar:

Bu fikirlə razı deyiləm. Mən 60-cı ildə ədəbiyyata gəlmişəm. 60-cı ildən bəri bu sözü eşidirəm. Lakin müəyyən vaxt keçdikdən sonra məlum olur ki, ədəbiyyatımızda durğunluq yox imiş və ən gözəl əsərlər ərsəyə gəlmişdir. Bu günün özündə də mən ədəbiyyatımızda heç bir durğunluq görmürəm. Ədəbiyyatımız inkişaf edir, yeni nəsillər gəlir və öz sözünü deyir, ədəbiyyatımıza yeni əsərlər daxil olur. Yaşlı nəsil də hələ öz sözünü deyir. Ədəbiyyatımızda heç bir durğunluq görmürəm.

(İrfan: Anar müəllim, kiçik bir haşiyə çıxmaq istəyirik. Dediyiniz kimi bu gün ədəbiyyatımız öz inkişafına davam edir. Lakin bəzi bayağı yazarlarla da qarşılaşırıq eyni zamanda. Bunu necə dəyərləndirirsiniz?)

Doğru vurğulayırsınız. İndi elə bir dövrdə yaşayırıq ki, hər yerindən duran özünün yazıçı olduğunu zənn edir. Kimin imkanı var gedib kitab çap etdirir. Təbii ki, bu, ürəkağrıdan məsələdir. Amma gəlin görək o kitabların hansı qalacaq? 3-5 ildən sonra hər biri tamamən unudulacaq. Elə bu günün özündə oxunurmu o kitablar? Bir müddət sonra o müəlliflərin adları da yaddan çıxacaq. Amma əsl ədəbiyyat daima yaşayacaqdır. Həmişə belə olub. Füzulinin dövründə o qədər şair yaşayıb, amma gəlin görək bu gün hansını xatırlayırıq?

 

 

İrfan: Son zamanlarda tez-tez türkdilli millətlər arasında ortaq bir dil formalaşdırmağın labüdlüyündən bəhs edilir. Bu layihə gerçəkləşərsə sizcə bunun nə kimi faydaları olacaqdır?

Yazıçı Anar:

Mən bu barədə öz fikrimi dəfələrlə Türkiyədə və Azərbaycanda dilə gətirmişəm. Türkiyədə bu fikrimi qəbul ediblər. Bu gün türkdilli xalqların ortaq dilini yaratmaq bir xəyaldır. Heç vaxt qazax jıldız yerinə ulduz, jpək yerinə ipək deməyəcək. Həmçinin azərbaycanlı da ipəyə jpək, ulduza jıldız deməyəcək. Hər xalqın öz dili var. Lakin ümumi qaynaqlar, köklər var. Mənim fikrimcə türkdilli xalqlar arasında ortaq rabitə dili (türklər iletişim dili deyir) formalaşdırmaq daha realdır. Türkiyə türkcəsi bütün türkdilli dövlətlər arasında ən çox inkişaf etmiş dildir. Müxtəlif dövlətçilik, hərbi və s. terminləri var. Ona görə ortaq rabitə dili kimi Türkiyə türkcəsini əsas almaq daha doğru olar. Belə olan təqdirdə azərbaycanlı ilə qazax rus dilində deyil, türk dilində danışacaqdır ki, bu da daha çox məqsədəuyğundur. Ortaq dil xülyasına düşməkdənsə Türkiyə türkcəsini öyrənmək və bu dili türkdilli xalqlar arasında rabitə dili kimi işlətmək olar.

(İrfan: Anar bəy, söhbət açılmışkən bir sual meydana çıxır. Azərbaycan dili demək və azəri türkcəsini ayrı bir dil kimi qeyd etmək nə qədər doğrudur sizcə?)

Azəri türkcəsi daha doğrudur və mən bunun tərəfdarıyam. Mən eyni zamanda konstitusiya komissiyasının üzvüyəm. Xalq cəbhəsi zamanında qəbul edirdilər ki, dilimiz türk dilidir. İlk dəfə o mövzu ilə bağlı müzakirələr aparılanda mən çıxış edərək bunun yanlış olduğunu qeyd etdim. Nə üçün? Çünki bu dəqiqə Türkiyənin dili türk dilidir. Təsəvvür edin ki, Türkiyə türkcəsinə lüğət çap edirik. Kitabın adını nə qoymalıyıq? “Türkcə-Türkcə lüğət”mi? Bu çox absurd bir şeydir. Universitetdə türk dili dərsi keçilir. Türkiyə türkcəsi və Azərbaycan dili. Hara gedirəm? Dərsə. Hansı dərsə? Türk dili dərsinə. Hansı Türk dili?.. Ona görə mən təklif edirdim ki, türk sözü mütləq qalsın. Çünki dilimiz əsrlərdən bəri türk dilidir. Amma Azəri türkcəsi və ya Azərbaycan türkcəsi olaraq qəbul edilməsinin tərəfdarı idim. Sonra yenidən qərar dəyişdi və Azərbaycan dili deyilməyə başladı. O zaman da ilk çıxış edən mən oldum və buna öz etirazımı bildirdim. Azəri türkcəsinin daha doğru olduğunu vurğuladım. Çünki türk sözünü atdığımız zaman bütün irsimizin azərbaycanca yazdığı ortaya çıxır. Füzuli azərbaycancamı yazıb? Eyni zamanda Dədə Qorqud da Azərbaycan dilində danışmayıb. Dilimiz, Türkiyə türkcəsinə çox yaxın olan, amma müəyyən fərqi olan bir dildir, ləhcə deyil. Mən ləhcənin də əleyhinə olmuşam hər zaman. Slav dillərindən söz düşəndə heç kim demir ki, polyak dili ləhcədir. O da slav dilidir. Ukrayna dili də slav dilidir, ləhcə deyil. Elə isə nə üçün azərbaycanlıların danışdığı və ya Türkiyə türklərinin danışdığı dil ləhcə olmalıdır? Bu dillərin hər biri müstəqil dillərdir. Qardaş dillərdir, bir-birinə çox yaxındır, amma ləhcə deyil.

 

İrfan: Azərbaycan müstəqil olduqdan sonra dilimizdə müəyyən sahədə bəzi boşluqlar görünür. Məs: dini ədəbiyyatla bağlı bəzi terminlərin necə yazılması və s. Yazıçılar Birliyi olaraq bu və bu kimi sahələrdə hansı  addımlar atılır?

Yazıçı Anar:

İlk növbədə qeyd edim ki, dini ədəbiyyata qarışmıram. Mənim sahəm tamam başqadır. Lakin vurğulamaq istədiyim bir şey var. Bunu da dəfələrlə Türkiyədə dilə gətirmişəm. Biz quru xülyalara qapılmaq, ortaq dil formalaşdırmaq yerinə ortaq terminlər qəbul etməliyik. Türkiyədəki qardaşlarımız deyir ki, siz nədən prezident deyirsiniz, cumhur başkanı demirsiniz? Çox gözəl, elə isə biz də deyirik, siz niyə mədəniyyət deyil, kültür deyirsiniz? Siyasətə politika, iqtisadiyyata ekonomi deyirsiniz? Gəlin bir masa ətrafında oturub ortaq məxrəcə gələk. Hamı bundan sonra ya iqtisadiyyat deyəcək, ya politika; ya cumhur başkanı deyəcək, ya prezident; ya siyasət deyəcək, ya politika... Mən inanıram ki, bu cür terminlərdə biz türkdilli xalqlar ortaq məxrəcə gələ bilərik. Ortaq dildənsə dillərin bir-birinə yaxınlaşması daha vacibdir. Son dövrlərdə dilimizə Türkiyə türkcəsindən bəzi sözlər keçdi. Bilgisayar, canlı yayım və s. Çox gözəl. Şəxsən mən vaxtilə Qobustan jurnalında Türkiyə türkcəsindən bəzi alınma sözlər işlədirdim. Bu yaxşı haldır. Amma nə yazıq ki, bu gün Türkiyə türkcəsinin özünə bir sıra Avropa mənşəli sözlər daxil olur ki, dolayısı ilə Azəri türkcəsi olaraq biz də bu sözlərin təsirində qalırıq. Mesaj, mentalitet, imaj və s.

 

İrfan: İçində olduğumuz günlər bildiyiniz kimi Mövlana günləri olaraq qeyd olunur. Elə biz də 13-cü sayımızı Mövlanaya həsr etdik. Sizcə müasir nəsil öz irsinə layiqincə sahib çıxa bilirmi? Bizim bu sahədə vəzifələrimiz nədən ibarətdir?

Yazıçı Anar:

Görüləcək işlər çoxdur. Çağdaş dünyanın texnoloji kəşfləri insanları keçmişdən də, mədəni dəyərlərdən də ayırır. İndiki gənclər öz vaxtlarını yalnız internet kafelərdə, diskotekalarda keçirir. Oxuyanlar da yalnız detektiv janrında polis romanları oxuyur. Bütün bunlar da gənclərimizi həqiqi sənətdən uzaqlaşdırır. Əlbəttə bizim vəzifəmiz odur ki, insanlarda yenidən həqiqi sənətə maraq oyadaq. Bu gün bütün dünyada kürəsəlləşmə prosesi gedir. Əgər kürəsəlləşmə dedikləri şey batılılaşmadırsa, Amerika standartlarının bütün dünyaya yayılmasıdırsa, mən bunun əleyhinəyəm. Əgər qərbin və şərqin mədəni sərvətlərini bir-birinə qovuşdurmağa xidmət edirsə mən bunun tərəfdarıyam. Və bunun əsasını da neçə yüz il öncə “Kim olursan ol, yenə gəl!” deyən Mövlana qoymuşdur.

 

 

İrfan: Bilindiyi kimi İrfan jurnalı ədəbi-ictimai jurnaldır və daha çox Azərbaycan gəncliyinin öz köklərinə bağlı olaraq yetişməsini hədəf alır. Jurnalımız vasitəsilə gənclərə nə kimi tövsiyələriniz var?

Yazıçı Anar:

Gənclərə sözüm odur ki, əylənmək istəyirlərsə əylənsinlər, internetlə də məşğul olsunlar, amma ilk növbədə həqiqi dəyərlərə, mədəni dəyərlərə sadiq qalsınlar. Onlardan vaz keçməsinlər. Çünki o dəyərlər min illərin sınağından keçmiş dəyərlərdir. Bugünkü dəyərlər ola bilsin ki, 5-10 ildən sonra unudulacaq, amma Mövlana 800 ildir ki, unudulmur. Dədə Qorqud 1300 ildir ki, unudulmur. Nizami, Füzuli 800 il, 500 il keçsə də unudulmur. Yunus Əmrə də elə, başqası da elə. Mən istərdim bizim gənclər bu dəyərlərə sahib çıxsın.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz