Mövlana və Ölüm

Mövlana və Ölüm

Ölüm şüurunda olan yeganə varlıq insandır. Məhz bu münasibətlə kimisi ölümdən qurtulmaq üçün abi-həyat axtararkən, kimisi də ölümün özünü abi-həyat bilmişdir. Ölüm, düşündüyümüzün əksinə həyata məna qatan ən mühüm amillərdən biridir.

 Həyatın mənası üzərində baş sındıranların yolu hər zaman ölümdən keçmişdir. Həyatı yoxluq, varlıq və yoxluq olaraq dəyərləndirənlərlə yoxluq, varlıq və ölümlə birlikdə əbədi var oluş şəklində yorumlayanların həyat anlayışı və yaşam tərzi bir-birindən çox fərqli olmuşdur. Ölüm, onu əbədi varlığın qapısı və dəhlizi kimi qəbul edənlər üçün hər zaman böyük bir mürəbbi olmuşdur. Çünki o, çox uzaqda deyil, hər an nəfəslə iç-içə yaxınlıq təşkil etmişdir.

Sufilər ölümü təbii və iradi olaraq ikiyə ayırırlar. Təbii ölümdən məqsəd insanın əcəl vaxtının gəlməsi ilə dünyasını dəyişməsidir. İradi ölüm isə “ölmədən əvvəl ölmək” şəklində tərif olunmuşdur. Hər ikisində də ayrılma deyil, qovuşma vardır. Ölüm qürbət olan dünyadakı səyahətin sona çatması və “vətəni-əsliyə” qayıdışdır. Bədən üçün ayrılıq olsa da ruhun vüsalıdır. Dünyanın ən böyük nəsihətçisi olan ölümə hz. Mövlananın baxışı necədir görəsən? Burada qısaca olaraq buna təmas etmək istərdik.

Bütün böyük sufilər kimi Mövlana həzrətləri də insan ruhunun ölümlə azadlığa qovuşduğunu, sanki qınından sıyrılan qılınc halına gəldiyini söyləyir. Ona görə ilahi sevgi ilə qovrulan ruh qəfəsdəki quş kimidir:

Ölüm şirin gəlir mənə; bu yurddan uçuşum quşun qəfəsdən azad olub uçması sanki.

Bağçaya qonan qəfəsdəki quş gül bağçasını, ağacları görür.

Qəfəsdən çöldəki quşlar xoş avazla hürriyyət söylər.

Qəfəsin içindəki quş o yaşıllığı gördükdə nə bir şey yeyə bilir, nə səbri, nə qərarı qalır.

Ayağındakı buxov açılar deyə başını hər deşikdən çıxarır.

Könlü də, canı da çöldədir, o qəfəsi açsan nə edər?

Mövlanaya görə ölüm güzgüyə bənzər. İnsan necə olarsa ölümə baxışı və ölümü də elə olar. Mömin üçün imanının dərəcəsinə görə Yusif qədər gözəl olduğu halda, imansızlar üçün zülmət qaranlıqdır.

Hər kim ölümü Yusif gördüsə, canını ona fəda etdi. Hər kim ölümü qurd gördüsə hidayətdən ayrıldı.

Oğul! Hər kəsin ölümü öz rəngindədir. Düşmən olanlara düşmən, dost olanlara dostdur.

Güzgü, bəyaz üzlü türkün qarşısında bəyaz, qara rəngli bir zəncinin qarşısında isə qaradır.

Ölüm adlı güzgüdə görüb xoşlanmadığın şey ölümün çöhrəsi deyil, sənin çirkin üzündür. Sənin ruhun bir ağac, ölüm isə onun yarpağı kimidir. Yarpaq da ağacın cinsinə görə olur.

Ölümə bu cür tərif verən Mövlana eyni zamanda “necə yaşayarsınızsa elə ölər, necə ölərsinizsə elə həşr olarsınız” hədisi-şərifini də mükəmməl şəkildə şərh etmiş olur.  

Bir çox ədəbiyyatçı və filosofu belə dəhşətə gətirən ölüm Mövlanaya görə “şəbi-arus”, yəni “toy gecəsi”dir. Bir çoxlarının sadəcə adını duyduqda qorxduğu və ürpərdiyi ölüm Mövlanaya görə yar ilə arada duran bir pərdədir. Məhz bu mənada ölümə baxış tərzi imanın məhək daşı sayılır. Allah Qurani-Kərimdə imanında səmimi olmayanların, yalançı və zalımların ölümü istəməyəcəklərini bəyan edir. (əl-Cumuə, 6-7) Allah dostları isə ölümü istər və ona can atarlar:

Cəsədin ölümü sirr əhli üçün Allah tərəfindən göndərilmiş bir hədiyyədir. Xalis qızıla qayçının nə zərəri?

Cismin ölümünün onlara acı verdiyini sanma. Onlar quyudan və zindandan çəmənliklərə getməkdədirlər.

Mövlananın ölümü ilahi bir lütf və hədiyyə olaraq görməsinin əsas səbəbi insan ruhunun dünya qürbətindəki sürgün həyatının sona çatmasını düşünməsindədir ki, bununla da əsl vətənə qayıdış gerçəkləşir.

Ey igid, gerçəkdən yaşayışım ölümümdədir! Nə vaxtadək yerimdən, yurdumdan ayrı qalacağam?

Bu dünyada qalmam mənim üçün bir ayrılıq olmasaydı, “ innə ileyhi raciun” deyilməzdi.

Mövlana öz ölümündən sonra məzarının torpaqda axtarılmamasını dilə gətirərək sanki özündən sonra gələn Yunus Əmrənin dilindən “ölən heyvan imiş, aşiqlər ölməz” deyir. Arxasınca əsla ah-nalə edilməməsini istəyərək bunları əlavə edir: “Çünki mən sevdiyimə qovuşuram.” Həqiqi yar olan Allaha qovuşulan gecə: Şəbi-arus.

Ölümü gözəlləşdirən inam. Tabut adlanan taxtanı qundaq bilmək.

Belə baxılarsa ölüm dirildici bir gücdür.

Mövlananın doğum ildönümünün qeyd olunduğu bu ildə ölüm hardan çıxdı deməyin.

Doğulduğumuz an üzük taxdığımız sevgili deyilmi ölüm?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz