Bəsitin İncəliyi Ya Da Qərb Üçün Şərq Sayilan Hər Yer

Bəsitin İncəliyi Ya Da Qərb Üçün Şərq Sayilan Hər Yer

Bir türk yazar, Cəmil Meriç üçün “Kırık camı altına tercih eden münzevi derviş” ifadəsini işlədir. Meriç son yüz ilin böyük mütəfəkkirlərindəndir. 

Cümhuriyyət dövründə yaşasa da cümhuriyyətdən böyükdür. Çünki o, Osmanlının küllərindən yüksələn bir vulkandır. Gənc beyinləri tələbə yataqxanalarında, sinif otaqlqrında, universitet dəhlizlərində sanki əsir almış və maarifləndirərək böyütmüşdü. Əslində Cəmil Meriç cümhuriyyət sonrası elm və irfan məfkurəsinin banisi sayılır. Cəmil Meriçin qırıq camı (şüşəni) altından üstün tutması onun böyük bir mədəniyyətə mənsub olmasının nəticəsidir. O mədəniyyət də hər zaman sadəliyi dəyərləndirən və incəlikdə ehtişamı yaxalayan bir mədəniyyətdir. Meriçin sahib olduğu mədəniyyətə ümumi mənada şərq, xüsusi mənada isə İslam desək yanılmarıq. Kökləri dərin və əsil, humanizmi zirvədə olan Şərq…

Şərq haradır görəsən? Yazar Nihat Gənc bu sualın cavabını çox gözəl verir: “Şərq, Qərbin bombalarının düşdüyü hər yerdir.” Bu ifadə çox ağır, lakin yerində söylənmiş bir sözdür.. Dünyanın harasında bir bomba partlayırsa o bombanın düyməsinə basan barmaqlar ya Qərbə aiddir, ya da Qərbin modern kuklalarına.

Başdan qeyd edək ki, ifadə edilən Şərq-Qərb kəlmələri coğrafi temrin olaraq deyil, tamamən sahib olduğu və şamil olunan məna baxımından ələ alınmışdır. 

 

 

***

Şərqin övladı olan bizlər kiçik şeylərlə xoşbəxt ola bilən insanlarıq. Arzu və istəkləri bitib-tükənməyən Qərb insanı kimi doyumsuz deyilik.

Biz maddi və insani istəklırimizdən əvvəl ruhumuzun hüzurunu düşünürük. Bəlkə də dedikləri kimi maddəyə olan hərisliyimizin az olmasının və bunun nəticəsində həyatı “həyəcansız” yaşamamızın səbəbi də bundan qaynaqlanır.

Şərq insanının üzündəki acı və iztirabın dərinliyi Qərb insanını boğacaq qədər qorxunc və hürküdücüdür. Bəlkə də şərq-qərb ifadəsi tam yerinə düşmür, amma bir gerçək var ki, Şərqdən hər zaman acı və ah-nalə səsləri yüksəlmişdir… İndinin özündə də, keçmişdə də...

Şərqin türküləri varkən Qərbin pop musiqisi dedikləri günlük və duzsuz nəğmələri var.

Şərqdən hər zaman inilti səsi gəldiyi halda Qərbdən iyrənc qəhqəhələr yüksəlir.

Şərqdə məzlumların ah-naləsi varkən, Qərbdə bu ahların üstünə uyuşmuş zəlilər var.

Şərqdə səmimi və qəlbdən gələn təbəssümlər varkən Qərbdə rəngi bilinməyən ikiüzlü diş ağartmalar var.

Şərq insanı üçün gülmək böyük bir şeydir. Çünki gülmək üçün səbəbləri azdır. Və ya belə deyək: Şərq insanı kiçicik şeylərin sevinci ilə gülə bilir. Gülmək az yaşandığı üçün qiyməti də o nisbətdə böyükdür.  

Şərqdə vəfa, qayğıkeşlik və  fədakarlıq vardır. Qərbdə isə yalan, riya və şantaj var.

Şərqdə namus vardır. Ədəb-ərkan, iffət vardır. Qərbdə isə aşınmış ailə qavramı, düşüncənin namussuzluğu, intellektin saxtası, sıradan insanınsa uydurma saflığı və insanları aldadışı var.   

***

Bizimlə Qərb insanı arasında həyəcan nöqtələri çox fərqlidir. Biz Qərbə heç getmədik. Getmişsək də özümüzlə yaxşılıq aparmışıq. Azan səsini, Mövlana nəfəsini, Yunus sevgisini oraya daşımaq üçün getmişik. Bizim qılıncımızdan nə keçmişdə, nə də indi – heç bir zaman qan damlamamış, qələmimizdən də nifrət cümlələri çıxmamışdır.

Amma Qərb bizə gəldi. Qərb insanı bizə gəldi. Biz Qərb insanını istilaçı olaraq gördük hər zaman. Hər zaman istila edən və qarşı dəyərləri saymayan…

Hamımızın bildiyi məşhur nağıl var. “Qarğa ilə tülkü”nün nağılı.

Bəsit və sadə bir nağıl. Qarğa ilə tülkü arasında baş verən və tülkünün hiyləğərliyini, qarğanın axmaqlığını təmsil edən sadə bir hekayə.

Məşhur nağılın sonunda “Axmaq qarğa qaq dedi, pendiri tülkü yedi” cümləsi dillər əzbəridir. Hamımız hekayədə keçən tülkünün pendiri min bir hiylə ilə qarğanın ağzından alıb həzm-rabedən keçirdiyinə heyrət edirik.  

Əslində isə bu nağılda görə bilmədiyimiz başqa bir nüans da var. Bu nağıl qarışıqlıqla sadəliyi anladan Şərq-Qərb analizini ən gözəl şəkildə ortaya qoyan bir hekayədir.   

Azərbaycanda qarşılaşdığım və sadəcə ibtidai sinif oxumuş, lakin həyat diplomuna sahib bir kəndlinin nağıldakı hadisə ilə Qərbin iç üzünü əlaqələndirməsi məni heyrətə saldı. Nağılın iki məşhur personajı və üstündə dava gedən pendir bizim zənn etdiyimiz kimi sadəcə pendir və qarğa məsələsi deyil. Oradakı qarğa, Qərbin axmaq və avam yerinə qoyduğu Şərq insanıdır, yəni Qərbin gözündə şərqli görünən hər kəs. Hiyləgər tülkü də Qərbi təmsil edir. Qarğanın ağzından alınan pendir, başda neft olmaq şərtilə Şərqin sahib olduğu bütün xəzinələrdir. Hekayənin əsli bundan ibarətmiş.

Əcəba, Cəmil Meriç qırıq camı altına tərcih etməklə xəta etdimi?

Ya da biz ağzımızdakı pendirin qiymətini nə zaman anlayıb tülküyə acıq verəcəyik?  

Yaxud hansı anlayış bizi içindən çıxılmaz ətalətə sürüklədi?

Əcəba, iddiasızlığımızla, sadəliyimizlə və içə dönük bu halımızla hər zaman qarğa rolunumu oynayacağıq? Məncə ən qısa zamanda tülkünün dərsini vermək lazım…

 

    

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz