İmani Sevdirən Və Asanlaşdiran Peyğəmbər

İmani Sevdirən Və Asanlaşdiran Peyğəmbər

Hz. Məhəmməd (s.ə.s) bütün bəşəriyyəti hidayətə çağıran bir peyğəmbərdir.

O, ətrafındakı insanların imanla şərəflənməsi üçün imanın miqdarını da minimum səviyyədə tutaraq qarşısındakına çox mühüm, zəhmətsiz və asan əldə edilən hədəf qoymaqdadır.

Onun dəvət üslubunda bəzən cəhənnəm atəşi kimi insana qorxu verən səhnələr, bəzən də cənnət kimi arzulanan gözəlliklər öz əksini tapmışdır. 

Bu mənada rəvayət edilən iki hədis belədir.

Əbu Said b. Malik b. Sinan əl-Xudri (r.a) deyir ki: “Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Qəlbində zərrə qədər iman olan atəşdən xilas olacaqdır.”

Əbu Said deyir ki: “Kim (bu həqiqətdən) şübhəyə düşərsə bu ayəni oxusun: “Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz...” (Nisa, 40) Tirmizi, Sıfatu-Cəhənnəm 10 (2601)

 

Yenə Əbu Said (r.a) deyir ki: “Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Kim Rəbb olaraq Allahı, din olaraq İslamı, Rəsul olaraq hz. Məhəmmədi seçdim (və ondan razı oldum) deyərsə cənnət ona vacib olar.” Əbu Davud, Salət 361 (1529)

Həqiqətən də bu müjdələri alan insanın iman etməsi nə qədər asan və tez olar.

Nə üçün insan oğlu bəzi şeyləri tərk edə bilmir? Ya alışdığı şeylər onda xarakter halına ğəldiyi üçün, ya da duyğusal bir yaxınlıq kəsb etdiyindən. O şey pis vərdiş də ola bilər, bir insan da ola bilər, bir inanc da.

Bu həqiqətin duyğusal tərəfinin inancla əlaqəsini çox yaxşı bilən Allah Rəsulu iman etməmiş olan toplumlara elə bir gül dəstəsi uzadır ki, onu rədd etmək imkansızdır. Lakin buna baxmayaraq rədd edənin vay halına. Hədisi-şərifdə keçən müjdəyə və insanın keçmişi ilə gələcəyini birləşdirən körpüyə bir baxın:

Əbu Said (r.a) həzrətləri deyir ki: “Hz. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Bir insan İslama girər və bunda səmimi olarsa, Allah onun İslamdan əvvəl işlədiyi bütün xeyirləri lehinə yazar, şərləri də əfv edər. Müsəlman olduqdan sonra etdiyi əməlləri də bu cür qarşılıq görər. Etdiyi hər xeyir üçün ən az on mislindən yeddi yüz mislinə qədər savab yazılar. İşlədiyi hər bir şərr üçün də -Allah əfv etmədiyi təqdirdə- bir günah yazılar.”

Buxari, İman 31 (təliq olaraq keçir); Nəsai, İman 10 (8, 105)

Qarşı prizmadan baxdıqda aydın olur ki, həqiqətən bir insana ömrü boyu çəkdiyi əməyin ziyan olması ağır gəlir. Əgər onların ziyan olmayacağını xəbər verən və səni haq dinə dəvət edən bir peyğəmbər olarsa o təklif asanlıqla rədd edilməz. Üstəlik, işin içində on mislindən yeddi yüz mislinə savab almaq varsa, heç rədd edilməz.  

Bəzi müjdələr də var ki, Allah Rəsulu (s.ə.s) insanların xeyir işlərdən soyumaması üçün onların hər kəsə söylənməsini istəməmişdir. Bunlardan biri belədir:

Muaz b. Cəbəl əl-Ənsari həzrətlərinin rəvayət etdiyinə görə hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Kimin (həyatda dediyi) ən son söz Lə iləhə illəllah olarsa, cənnətə girər.” Əbu Davud, Cənaiz 20 (3116)

Bir hədis də var ki, yazmaq istəməsəm də İmam Buxari və İmam Müslimin Səhihlərində və İmam Tirmizinin Sünənində olduğu üçün burada qeyd etməyə qərar verdim:

Əbu Zərr (Cündəb ibn Cünadə əl-Qifari) həzrətləri rəvayət edir: Hz. Peyğəmbər (s.ə.s) buyurdu ki: “Cəbrayıl (ə.s) yanıma gələrək “Ümmətindən kim Allaha hər hansı bir şeyi şərik qoşmadan ölərsə cənnətə girər.” müjdəsini verdi. Mən heyrət edərək: “Zina və oğurluq etsədəmi?” –deyə soruşdum. “Oğurluq da etsə, zina da etsə” cavabını verdi. Təkrar: “Yəni, oğurluq və zina etsədəmi?” –deyə soruşdum. “Bəli, zina və oğurluq etsə belə” –dedi. Hz. Peyğəmbər dördüncü dəfə əlavə etdi ki: “Əbu Zərr istəməsə də cənnətə girəcəkdir.” Buxari, Tövhid 33; Müslim, İman 153 (94); Tirmizi, İman 18 (2646)

Hz. Peyğəmbər şəfaəti edəcəkmi, etməyəcəkmi deyə mübahisələrin getdiyi bu günümüzə işıq tutan bir iman hədisi belədir:

Əbu Hüreyrə (r.a) anladır: “Hz. Peyğəmbər (s.ə.s)-dən “Ey Allahın Rəsulu, qiyamət günü sənin şəfaətinlə ən çox səadətə qovuşan kimdir?” –deyə soruşdum. Mənə: “Səndə hədisə qarşı olan sevgini görüncə bu xüsusda səndən əvvəl başqasının soruşmayacağını təxmin etmişdim.” dedikdən sonra bu cavabı verdi: “Qiyamət günü mənim şəfaətimlə ən çox səadətə nail olan kəs səmimi qəlblə lə iləhə illəllah deyən kimsədir.” Buxari, elm 34, Riqaq 50.

Bu hədisi-şərif isə Allah Rəsulunun Şari (şəri qanun qoyan) olduğunu göstərən, eyni zamanda öz ifadələri olması baxımından çox mühümdür...

Miqdam bin Madikərib (r.a) anladır: Rəsulullah (s.ə.s) buyurdu ki: “Xəbəriniz olsun ki, insanların rahat kürsülərdə oturaraq mənim hədisim önünə gətirildiyi zaman “Bizimlə sizin aranızda Allahın kitabı var. Orada nələrə halal deyilmişsə onları halal sayırıq,nələrə haram deyilmişsə onları da haram sayırıq” deyəcəyi zaman yaxındır. Bilin ki, Rəsulullah (s.ə.s)-in haram qıldıqları da eynən Allahın haram qıldığı kimidir.” Əbu Davud, Sünnə 6 (4604); Elm 60 (2666); İbn Macə, Müqəddimə 2 (12)

Tövhidin şirk və küfrlə olan mücadiləsində möminlər hər zaman qarşı tərəfə açıq bir qapı buraxaraq onları qazanmaq üçün əllərindən gələni etməlidirlər. Çünki hz. Peyğəmbərin tətbiqatı bu istiqamətdə olmuşdur. Oxuyub-yazmaq öyrədən əsirlərin azad edilməsi və döyüş anında belə kəlmeyi-şəhadət gətirənin xilas olmasına dair misallar çoxdur. Həmçinin insanlarla davranış xüsusunda Rəsulullahın bizə etdiyi tövsiyə də eyni xarakteri daşıyır.

Hz. Ənəs (r.a) anladır ki, Rəsulullah (s.ə.s) belə buyurdu: “Asanlaşdırın, çətinləşdirməyin və müjdələyin!” Başqa bir rəvayətdə də “...Yumşaldın, nifrət etdirməyin...” buyurulur.

Buxari, Elm 12, Ədəb 80; Müslim, Cihad 6, 7 (1732-1733)

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz