Doğruluq

Doğruluq

İnkişaf etmiş və  mədəni cəmiyyətləri digər cəmiyyətlərdən fərqləndirən xüsusiyyətlərin başında heç şübhəsiz doğruluq prinsipi gəlir. Allah təala bizə doğru olmağı əmr edərək belə buyurur:

 “Əmr olunduğun kimi doğru ol” (Hud, 11/112). Rəvayət olunur ki, Rəsulullah (s.ə.s) tətbiqat baxımından bundan daha çətin bir ayə nazil olmadığına işarə edərək belə buyurmuşdur: “Hud surəsi və bənzərləri məni qocaltdı.” Ondan surənin nəyi səni qocaltdı deyə soruşulduqda: “Sənə əmr edildiyi kimi dosdoğru ol!” ayəsinin onu qocaltdığını söyləmişdir. (Razi, Məfatihul-Ğayb, XVIII/57) Demək ki, Haqqa vasil olmaq üçün doğruluqdan başqa yol olmadığı kimi, doğruluq qədər yüksək bir məqam və onun qədər çətin heç bir əmr də yoxdur. Hansı iş olursa olsun, hansı hədəf olursa olsun ona çatmağın ən qısa yolu doğruluqdur.

            Bir gün Əbu Amr: “Ya Rəsulallah! İslam haqqında mənə elə bir şey de ki, səndən başqa heç kimdən soruşmağa ehtiyacım olmasın” dedikdə Hz. Peyğəmbər ona: “Allaha inandım  de sonra da dosdoğru ol” deyə söyləmişdir. (Tirmizi, Sünən, Zühd, 47) Hz. Peyğəmbərin Allaha imandan sonra, doğruluq ve dürüstlüyü əmr etməsi, onun bu prinsipə nə qədər əhəmiyyət verdiyini göstərir.

            Müsəlman danışdığı zaman doğru danışmalı, bilmədiyi mövzularda susmalıdır. Çünki bilmədiyi bir mövzuda danışdığı zaman, qulağının, gözünün, qəlbinin ondan məsul olduğunu bilir: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək - bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır. (İsra, 17/36) Başqa bir ayədə də belə buyurulmuşdur: “Ey insanlar, Allahdan qorxun və doğru söz söyləyin” (Əhzab, 33/70)

Hz. Peyğəmbər “doğru danışmaq” haqqında belə buyurmuşdur: “Doğruluq yaxşılığa, yaxşılıq da cənnətə aparar. Bir insan doğru danışmağa davam edərsə, Allah qatında “siddiq” olaraq yazılır. Yalandan uzaq durun, çünki yalan pisliyə, pislik də cəhənnəmə aparar. O insan yalan deməyə davam edərsə, Allah qatında yalançı olaraq yazılır.”. (el-Lu’lu vəl-Mərcan III/253)

Abdullah b. Abbasın belə dediyi rəvayət olunur: “Bu dörd xüsusiyyəti daşıyan karlıdır: Doğruluq, həya, gözəl əxlaq və şükür.” Əbu Abdullah ər-Rəmli də belə demişdir: “Mənsur əd-Dünərini yuxumda gördüm və ona:

-Allah sənə qarşı necə davrandı? dedim.

-Məni bağışladı, mənə rəhmət etdi, ummadığım nemətlər bəxş etdi -deyə cavab verdi.

-Bəndənin hansı əməl sayəsində Allaha daha çox yönəldiyini soruşduqda isə belə cavab verdi:

-Doğruluq. Ən çirkini isə yalandır.”

Qarşılıqlı  münasibətlərdə  doğruluq prinsipi çox önəmlidir. Bu barədə Quran bizə belə buyurur: “Onlar sizinlə doğru-düzgün davrandıqca (əhdi pozmadıqca) siz də onlarla doğru-düzgün dolanın. Həqiqətən Allah müttəqiləri (xəyanətdən, əhdi pozmaqdan çəkinənləri) sevər!” (Tövbə, 9/7)

Allah təala verdiyimiz sözləri tutmağımızı istəyərək belə buyurur:

Möminlər içərisində elələri vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını)gözləyir. Onlar (verdikləri sözü)əsla dəyişməzlər (Əhzab, 33/23)

Fərdləri doğru olmayan bir cəmiyyətdə əmin-amanlıq olmaz. Ona görə də İslam, fərdi doğruluğa çox əhəmiyyət vermişdir. Bu barədə də Allah təala belə buyurur:

Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla bərabər olun!.” (Tövbə, 9/119.) Yəni imanlarında, əhdlərində, haq dinə olan bağlılıqlarında, istər niyyət, istərsə də söz və ya davranışda, bir sözlə hər xüsusda doğru və dürüst insanlarla bərabər olun. Onlarla yaxınlıq əlaqələri qurun, onların tərəfini tutun, onlardan uzaqlaşaraq ayrı qalmayın.

Doğruluq ve dürüstlük fərdlər baxımından nə qədər mühümdürsə cəmiyyət baxımından da bir o qədər mühümdür. Çünki cəmiyyəti meydana gətirən fərdlərdir. Buna görə də cəmiyyətlərin əxlaqlı və sabitqədəm olması üçün  fərdlərin bu prinsipə əməl etmələri lazımdır. Yoxsa yalanlarıyla bir-birlərini aldadan, niyyət və davranışları fərqli, Quranın diliylə desək münafiq, yəni ikili standart daşıyan fərdlərdən meydana gələn bir cəmiyyətlə  qarşı-qarşıya qalarıq. Bu isə İslamın əsla təsdiq etmədiyi cəmiyyətdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz